Azərbaycan gələcəkdə Avropaya daha çox təbii qaz ixrac etmək imkanına malikdir

post-img

Avropada təbii qaz böhranının yaranması alternativ enerji mənbələrinin axtarılması zərurətini meydana çıxardı. Xəzər dənizindəki təbii qaz yataqları Avropa üçün alternativ təbii qaz mənbəyi ola bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropada fəaliyyət göstərən “Methinks” şirkətinin tərəfdaşı Con Roberts deyib.

Türkiyənin Anadolu Agentliyinə müsahibəsində C.Robert bildirib ki, Azərbaycanın sübut olunan qaz ehtiyatlarının həcmi 1,3 trilyon kubmetrdən çoxdur və bu, kifayət qədər böyük rəqəmdir. Azərbaycan Xəzər dənizindəki təbii qaz yataqlarından Avropaya 10 milyard kubmetr təbii qaz ixrac edir. Cənub Qaz Dəhlizinin tam olaraq istismara verilməsindən sonra Azərbaycan ixrac etdiyi qazın həcmini daha da artıracaq və 2027-ci ildə bu rəqəm 15 milyard kubmetrə çatacaq. Gələcəkdə Azərbaycan Avropaya daha çox təbii qaz ixrac etmək imkanına malikdir. İxracın həcmi 20 milyard kubmetrə qədər yüksələ bilər. Lakin bunun üçün Avropa ölkələri Azərbaycanın qaz yataqlarına əlavə sərmayə yatırmalıdırlar.

C. Roberts hesab edir ki, kəmərlərin ötürücülük qabiliyyətinin artırılması üçün də investisiya qoymaq lazımdır. Gələcəkdə Türkmənistan qazının da Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ixracı nəzərdə tutulub.

Qeyd edək ki, fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 9-cu iclası keçiriləcək. İclasda Avropa İttifaqının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropanın iri qazpaylayıcı şirkətlərinin, eləcədə Türkiyənin, İtaliyanın, Yunanıstanın, Macarıstanın, Rumıniyanın və digər Şərqi Avropa dövlətlərinin nümayəndələri iştirak edəcəklər. İclasda Azərbaycan qazı ilə yanaşı, Cənub Qaz Dəhlizi vasitəsilə tranzit qaz ixracı da müzakirə olunacaq.

 

 

 

İqtisadiyyat