Rəşad Rəsullu: Azı gümüş medaldan məhrum olduq

post-img

Zelim Kotsoyev (100 kq) dünya çempionatında yaxşı mübarizə apardı. Hakim səhvi isə bizi azı gümüş medaldan məhrum etdi. Yarımfinalda çexiyalı Krpaleklə qarşılaşmada hakim səhvinə görə bizdən üzr istədilər. 

Bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu Dohada keçirilmiş dünya çempionatında yığmamızın nəticələrini təhlil edərkən bildirdi. O qeyd etdi ki, kadrlarda da aşkar göründüyü kimi, rəqib kəmərdən aşağını tutmuşdu və üçüncü cərimə xalı ilə məğlub olmalı idi. 

Digər idmançımız Turan Bayramovun (60 kq) yaponiyalı Naohisa Takato ilə qarşılaşmasında da hakim səhvi sözünü dedi. Həmin görüşdə yapon məşqçilərin də etiraf etdiklərinə görə, idmançımız ipponla qələbə qazana bilərdi. Onun komanda yoldaşı Balabəy Ağayev isə mərakeşli idmançı ilə güəşəndə ippona düşdü.

Baş katibin sözlərinə görə, cüdoçular həlledici məqamlarda düzgün qərar verməyi bacarmalıdırlar. Yarışda mübahisəli hakim qərarları ilə yanaşı, idmançılarımızın səhvləri də olub ki, bunların üzərində işləyəcəyik. R.Rəsullu hazırda 66 kq-nın yığmada ən problemli çəki olduğunu bildirdi. Dünya çempionatında ölkəmizi bu çəki dərəcəsində təmsil edən Orxan Səfərovun öz üzərində yetərincə çalışmadığını və inkişaf etmədiyini vurğuladı. İdmançının yığmadan uzaqlaşdırılması məsələsinə gəldikdə, gələcəkdə hər şey ola bilər. Bu, həm də idmançının özündən asılıdır. 66 kiloqram çəki dərəcəsində ən istedadlı idmançı Kəramət Hüseynov olsa da, ona məşqlərə ciddi yanaşmamağı mane olur. 

Baş katib Məmmədəli Mehdiyevin (90 kq) də öz üzərində çalışıb inkişaf etmədiyini, həmin çəkidə Murad Fətiyevin isə inkişafının artan templə getdiyini bildirdi. 

Qeyd edək ki, Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatına Azərbaycan millisi 13 medalla qatılsa da yarışı 1 medalla baş vurub. Komandamızın aktivinə bürünc medalı Zelim Kotsoyev (100 kq) qazandırıb. 

Leyla QURBANOVA,
“Xalq qəzeti”

İdman