Azərbaycanın ilk hərbi qadın təyyarəçisinə həsr edilmiş kitabın təqdimatı olub

post-img

Mayın 18-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının Mülki Aviasiya Muzeyi tərəfindən Azərbaycanın ilk hərbi qadın təyyarəçisi Züleyxa Seyidməmmədovaya həsr olunan kitabın təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə təyyarəçinin ailə üzvləri, akademiyanin professor-müəllim və tələbə heyəti iştirak edib. Muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Firəngiz Hüseynova tədbiri giriş sözü ilə açaraq, kitabın Züleyxa Seyidməmmədovanın əziz xatirəsinə ithaf olunduğunu bildirib və çap məhsulunun muzeyin fond materialları, "Təyyarəçinin qeydləri" (Z.Seyidməmmədova, Bakı, 1969-cu il) adlı kitabın materialları əsasında hazırlandığını vurğulayıb.

Muzeyin direktoru kitabda təyyarəçinin ilk azərbaycanlı qızlardan biri olması, N.E.Jukovski adına Hərbi Hava Akademiyasında təhsil alması, İkinci Dünya müharibəsi illərində qadın qırıcı alayındakı döyüş xidmətləri və sairə haqqında məlumatların verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, tədbirin keçirildiyi günün 18 May - Beynəlxalq Muzeylər Gününə təsadüf etdiyini bildirərək, bu münasibətlə iştirakçıları təbrik edib.

Tədbirin davamında muzey və İctimai Televiziyanın yaradıcı heyətinin birgə əməkdaşlığı ilə hazırlanan Züleyxa Seyidməmmədovanın həyat yolunu əks etdirən sənədli film nümayiş olunub.

Akademiyanın “Dil və ictimai fənlər” kafedrasının müdiri, Xalq şairi Nəriman Həsənzadə çıxışında qadınlarımızın Azərbaycanın ictimai-siyasi həyatında əsas rol oynadığını, cəmiyyətimizin önəmli hərəkətverici qüvvəsi olduğunu vurğulayıb.

Azərbaycanlı pilot, “Şöhrət” ordenli təyyarəçi Əzimbala Əzimov çıxışında Züleyxa Seyidməmmədova ilə bağlı xatirələrini bölüşüb.

Daha sonra Müdafiə Nazirliyinin "Azərbaycan Ordusu" qəzetinin müxbiri Lalə Hüseynova İkinci Dünya müharibəsindəki faşizm üzərində qələbədə təyyarəçinin və Vətənimizin digər övladlarının şücaətindən bəhs edərək, bu gün də sələflərinin yoluna sədaqət göstərən qadın hərbi qulluqçularımızın Vətən qarşısındakı vəzifə borclarını şərəflə yerinə yetirməsini, Azərbaycanın bir çox fəxri ad, döyüş orden və medallarına layiq görüldüyünü bildirib.

Tədbirdə təyyarəçinin oğlu Aydın Seyidməmmədov çıxış edərək kitabın ərsəyə gəlməyində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib.

Tədbirin yekununda iştirakçılara kitab hədiyyə olunub.



Mədəniyyət