Bakıda Taekvondo üzrə Dünya Çempionatında 145 ölkə iştirak edəcək

post-img

Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək Taekvondo üzrə Dünya Çempionatında qeydiyyatdan keçən ölkələrin sayı açıqlanıb. Bu barədə Azərbaycan Taekvondo Federasiyasında keçirilən mətbuat konfransında məlumat verilib. Bildirilib ki, 145 ölkədən minədək idmançı rəsmi olaraq qeydiyyatdan keçərək, iştiraklarını təsdiqləyiblər. 

Bildirilib ki, ötən il Meksikada baş tutan sonuncu çempionatda 120-dən çox ölkədən 756 idmançı qeydiyyatdan keçmişdi.

Yeri gəlmişkən, çempionatla bağlı 2 minədək qonağın paytaxt Bakıya gəlməsi nəzərdə tutulur. 

Onu da qeyd edək ki, mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz bu dəfəki  çempionatın əlamətdarlığı ilə də fərqlənəcək. Sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf etdiyindən yubiley tədbiri şəhərimizdə yüksək səviyyədə qeyd ediləcək. 

Xatırladaq ki, Dünya Çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda keçiriləcək. Ölkəmiz yarışı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan  sonra yeddinci kimi tarixə düşəcək.

Sonda qeyd edək ki, hazırlıqlarla bağlı Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun rəhbərliyi ilə Təşkilat Komitəsinin ikinci iclası keçirilib. İclasda yeniliklərlə bağlı danışılıb, iş planı müzakirə edilib, çempionat çərçivəsində həyata keçiriləcık digər tədbirlər barədə məlumat açıqlanıb.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman