Məktəblilərlə “Motivasiyalı söhbətlər” layihəsinə start verilib

post-img

Bakının orta ümummtəhsil məktəblərində şairə, Azərbaycan Yazıçılar Birliyinin və Beynəlxalq Ədəbiyyat Cəmiyyətinin (PEN) üzvü, milli və beynəlxalq mükafatlar laureatı, “SÖZ” və “İGİDLƏRİN SÖZÜ” ədəbi layihələrinin təsisçisi Nigar Həsənzadə tərəfindən yeni “Motivasiyalı söhbətlər” layihəsinə start verilib. Bu barədə redaksiyamıza şairin özü məlumat verib. 

N.Həsənzadənin yeni layihəsi olan “Motivasiyalı söhbətlər”in əsas  mövzusu hər bir uşağın inkişafı və özünə inamı üçün vacib olan aspektlər - onların potensialına, arzularına, fərdiliyinə inam,  uşaqlarla söhbətlərdə uğurun kiçik formulalarının açılması barədə olub. Şair öz uşaqlığından söhbət açaraq şəxsi nümunəsi ilə uşaqlara mümkünsüzlüyün mümkün olduğunu və hər bir uşağın yaşadığı və inkişaf etdiyi ilkin şərtlərə baxmayaraq, onun daxili qüvvələrinin ətrafdakı məkanı dəyişdirə bildiyini göstərməyə çalışıb.

Məktəblilər ilə başladığı yeni layihə barədə məlumat verən N.Həsənzadə bildirib ki, motivasiyalı söhbətlər məktəblilərimiz üçün çox vacibdir. İndi ağır dərs yükləri, informasiya bolluğu şəraitində məktəblilərin özlərini toparlaması, hədəflərini müəyyənləşdirməsi və zəhmətə alışması baxımıdan güclü motivasiya texnikalarına ehtiyacları var. Ümumiyyətlə, bu cür üsullar insanın mənəvi inkişafına, maariflənməsinə kömək edən, qeyri-ənənəvi tədris metodlarına yönəlmiş, özünə hörmətini stimullaşdıran, fərdin potensialını və imkanlarını ortaya qoyan təcrübə və metodlar arasında ciddi yer tutur. 21-ci əsrdə ciddi tanınma və populyarlıq qazanan tendensiyalardan biri də motivasiya söhbətləridir. Uşaqların etibarını yalnız səmimiyyətlə qazanmaq olar. Onları aldada bilməzsən, uşaqlar yalanı hiss edir və qəbul etmirlər. Mənim üçün bu təcrübə əvəzsizdir və düşünürəm ki, çox keçmədən maarifləndirici hekayələri dinləmək və həyatda öz yerini tapmağa, özünə inamlı hiss etməyə kömək edən qaydaları öyrənmək imkanı bir çox uşaqda görünəcəkdir. Mən fəaliyyətimin bu istiqamətini davam etdirməyə hazıram.

Qeyd edək ki, Nigar Həsənzadə beynəlxalq şeir festivallarının, ədəbi gecələrin iştirakçısıdır. Əsərləri Avropa, Asiya, ABŞ, Cənubi Amerika və Afrikanın ədəbi nəşrlərində və antologiyalarında çap olunub. 2000-2014-cü illərdə Londonda yaşadığı müddətdə onun adı Böyük Britaniyanın ən yaxşı xarici şairlərinin TOP-10-una, müəllifin ifası isə Britaniya Kitabxanasının audioarxivinə daxil edilib.

Anar ƏLİ,
“Xalq qəzeti”



Təhsil