Dünən Bakıda “Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu” mövzusunda XV Beynəlxalq Multikulturalizm Məktəbində məşğələlər başlanıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi bu məktəb qurumun “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin davamıdır. Bu dəfəki məşğələlərdə 21 ölkədən - Azərbaycan, Rusiya, Türkiyə, Çin, Serbiya, Yaponiya, Qazaxıstan, Rumıniya, Moldova, Özbəkistan, Hindistan, Mərakeş, Bolqarıstan, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Qırgızıstan, İraq, Pakistan, Əlcəzair, Mozambik və Konqodan olan 30-a yaxın tələbə iştirak edir. Layihə oktyabrın 1-dək davam edəcək.
Multikulturalizm Məktəbi Bakı şəhəri ilə yanaşı, Şuşa, Laçın və Ağdam rayonlarında da fəaliyyət göstərəcək. İştirakçılar Şuşa, Laçın və Ağdam şəhərlərinə səfər edəcək, Azərbaycanın işğaldan azad edilən tarixi torpaqlarında mədəni irsin vəziyyəti və aparılan quruculuq işləri ilə yaxından tanış olacaqlar. İştirakçılara Azərbaycandakı multikultural mühit, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında ətraflı məlumat veriləcək.
Tələbələr “Azərbaycan Multikulturalizm modelinin xüsusiyyətləri”, “Mədəniyyət və inancın kəsişməsi: Dini müxtəlifliyin Azərbaycan nümunəsi”, “Qafqaz Albaniyası irsi siyasi diskursda”, “Azərbaycan mədəni irsinə qarşı vandalizm aktları” mövzularında mühazirələr dinləyəcəklər. Layihə çərçivəsində BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, BBMM-in icraçı direktoru Rəvan Həsənovla görüşülər də planlaşdırılır.
Beynəlxalq Multikulturalizm Məktəbi çərçivəsində “Öz xalqını təqdim et” adlı musiqili axşamlar təşkil olunacaq. Burada iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı təqdimatlar edəcəklər.
Məktəbin açılışı günü mmüdavimlər və təşkilatçılar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
XQ