Son dövrlərdə Azərbaycan və Türkiyə arasında qarşılıqlı əlaqələrin təhsil sahəsində də dərinləşdiyi aşkar görünməkdədir. Bu əsasda qardaş Türkiyənin ölkəmizdə təhsil müəssisələri fəaliyyət göstərir, qarşılıqlı təqaüd (burs) proqramları tətbiq edilir, professor-müəllim və tələbə mübadilələri həyata keçirilir və s.
Əməkdaşlığın daha da genişlənməsinə misal olaraq 2023-cü ilin iyununda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra ortaq universitet yaradılması barədə anlaşmanı göstərmək olar. Bu barədə 2024-cü ilin fevralında ölkəmizin Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında memorandum imzalanıb.
Artıq təsis edilmiş Türkiyə–Azərbaycan Universitetinin gözəl perspektivlərinin olacağı şübhəsizdir. Yeni ali təhsil ocağı yaxın gələcəkdə bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək. Burada, əsasən, Türkiyənin aparıcı universitetlərinin müxtəlif tədris proqramlarının birləşdirilməsi reallaşır. Türkiyə–Azərbaycan Universiteti bir növ “çətir universitet” funksiyasını yerinə yetirəcək.
Belə bir müştərək ali təhsil müəssisəsinin yaradılması ideyası hələ 2 il öncə müzakirə edilirdi. Nəhayət, əlaqədar qurumlar ideyanı əməli işlə reallaşdırdılar. Ölkəmizin 2024-cü il üzrə dövlət büdcəsindən Azərbaycan–Türkiyə Universitetinin fəaliyyətinin təmin edilməsi məqsədilə 10 milyon manat vəsait ayrılıb. Bu il ilk tələbələrini qəbul edəcək universitet, hələlik, Xətai rayonunda, Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən binasında fəaliyyət göstərir. Universitetin inzibati və maliyyə işlərinə cavabdehlik Azərbaycanın, akademik məsuliyyət isə Türkiyənin üzərində olacaq. Başqa sözlə, universitet üçün maddi-texniki tələbləri Azərbaycan, akademik məsələləri isə (təhsil proqramları, tələbələrin müvəffəqiyyət səviyyələrinin qiymətləndirilməsi və s.) Türkiyə tərəfi təmin edəcək.
İlkin mərhələdə Türkiyə–Azərbaycan Universitetinin 1-ci kursunda kompüter mühəndisliyi və sənaye mühəndisliyi fakültələrinin hər birində 30 nəfər, qida mühəndisliyi fakültəsində 27 nəfər olmaqla, ümumilikdə, 87 tələbə ali təhsil almağa başlayacaq. Növbəti hər il üçün qəbul planında 100–200 əlavə yer nəzərdə tutulur. Universitetdə təhsil pulsuzdur. Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı ilə fəaliyyət göstərəcək müəllim heyəti İstanbul Texniki Universiteti, Orta Şərq Texniki Universiteti və Hacettepe Universitetindən dəvət olunacaq.
Bu il ali məktəblərə qəbulun nəticəsi açıqlananda ilkin gözləntilər özünü doğrultdu – yüksək bal toplamış abituriyentlər bu universitetin tələbəsi oldular. Kompüter mühəndisliyi fakültəsinə qəbul üçün ən yüksək bal 684,9, ən aşağı bal isə 641,6-dır. Sənaye mühəndisliyi fakültəsi ən yüksək bal 663,7, ən aşağı bal isə 544,4 olmaqla tələbə qəbul edib. Qida mühəndisliyi fakültəsində ən yüksək bal 632,8 olduğu halda, bu bölmənin baza balı 452,1 olub.
Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar mətbuat üçün verdiyi açıqlamada bildirib ki, Azərbaycanda beynəlxalq əməkdaşlığı daha yüksək səviyyəyə daşıyacaq bir ali təhsil müəssisəsi modeli qurulacaq: “Layihənin mühüm xüsusiyyəti Türkiyə və Azərbaycanın ən köklü və güclü universitetlərinin proqramlarını bir araya gətirməkdir. Bu yeni modelə Türkiyənin köklü universitetlərinin Ali Təhsil Şurası tərəfindən təyin olunacaq (ali təhsilin ilkin mərhələsi), bakalavr və magistr proqramları daxil olacaq”.
Bu fikirdən o qənaət hasil olur ki, yaxın gələcəkdə universitetdə tələbə sayının artması ilə yanaşı, həm də magistraturaya qəbul həyata keçiriləcək. E.Özvar onu da qeyd edib ki, Azərbaycan alimləri ilə təkcə bakalavr təhsili sahəsində deyil, layihələrdə, tədqiqatlarda və kitab nəşri sahələrində də birgə işləyəcəklər.
Türkiyə–Azərbaycan Universiteti gələcək nəsillərin vahid milli ruhda yetişməsində mühüm rol oynayacaq. Yeni ali təhsil ocağının sayəsində hər iki ölkədən olan gənclər həm Türkiyədə, həm də Azərbaycanda təhsil almaq imkanı əldə edəcəklər. İki qardaş ölkə elm və texnologiya sahəsində nə qədər güclü olsa, dünya miqyasında bir o qədər sayğılı və qüdrətli olarlar.
Rizvan FİKRƏTOĞLU
XQ