Builki qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə daxil olmuş tələbələrlə Astarada keçirilən görüş bütün iştirakçılarda zəngin təəssürat yaradıb.
Rayonun ümumtəhsil məktəblərinin direktorları, tələbə adını qazanmış gənclər və valideynlərin qatıldıqları görüşdə icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etdi ki, rayondan ali məktəblərə daxil olan gənclərin sıralarının ildən-ilə artması elmə, biliyə olan marağın güclənməsinə dəlalət edir. Prezident İlham Əliyev təhsilin inkişafına daim xüsusi diqqət və qayğı göstərir. Təhsil haqqında qanunun və təhsillə əlaqədar Dövlət proqramlarının icrası gələcək kadr hazırlığında prioritet sayılır.
Astarada da təhsilin inkişafı ilə bağlı çoxsaylı sanballı işlər görülür. Son illər 40-dan çox yeni məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur. Hazırda Sərək və Şümrüd kənd tam orta ümumtəhsil məktəbləri üçün inşa edilən binaların tikintisi başa çatmaq üzrədir. Bu diqqətin nəticəsidir ki, rayonda təhsil sahəsində uğurları artmaqdadır. Bunu bugünkü tələbə gənclərin nailiyyətləri bir daha sübut edir. Bu il rayonun orta məktəblərini bitirən məzunlardan 40 nəfəri 550-dən yuxarı bal toplayaraq ali məktəblərə daxil olub. 7 nəfər məzunun Polis Akademiyasına daxil olması da yüksək nailiyyətdir. Rayon rəhbəri uğur qazanmış gəncləri, onların yüksək hazırlığında əməyi olan müəllimləri və valideynləri təbrik etdi. Gənclərin ali təhsil alaraq bilikli, bacarıqlı gənc kadrlar kimi müstəqil, suveren Azərbaycanımızın inkişafı, tərəqqisi naminə görülən işlərə layiqli töhfələr verəcəyinə əminliyini bildirdi.
Astara Təhsil sektorunun müdiri Xədicə Əliyeva, Kijəbə qəsəbə tam orta ümumtəhsil məktəbin direktoru Təbrizə Rəsulova, valideyn Kəminə Qədirova çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq etdilər, tələbələrlə görüşdən razılıqlarını bildirdilər. 697 balla tələbə adını qazanmış Ərçivan qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Ələkbər Ağayev, 682 bal toplamış Kakalos kənd tam orta ümumtəhsil məktəbinin məzunu Yusif Əhmədzadə, 577 bal toplamış Astara şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Zinaida Rəhimova çıxışlarında dövlətin gənclərə göstərdiyi qayğıya mükəmməl təhsilləri və gələcəkdə yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini söylədilər.
Sonda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrlə xatirə şəkli çəkildi, rayon icra hakimiyyəti başçısının sərəncamına əsasən onlara pul mükafatları verildi.
XQ