“Ad günün mübarək, əziz şəhidim!”

post-img

Xocavənd rayonu hələ Birinci Qarabağ müharibəsində 145 şəhid vermiş­di. Onlardan 13-ü qadın, 13-ü isə uşaq idi. İşğalın müxtəlif dövrlərində girov götürülmüş 110 nəfər dinc sakindən 49-u erməni terroru və vəhşiliyinin qur­banı olub. Bütün bunlar balaca Şirxanın da qəlbində silinməz izlər buraxmış, böyüdükcə qəlbindəki qisas hissini daha da alovlandırmışdı. 

Şəhid Quliyev Şirxan İsmixan oğlu 1995-ci il sentyabr ayının 2-də Xocavənd rayonunu Muğanlı kəndində anadan olub. Orta məktəbdə təhsilini başa vurduqdan sonra 2013-cü ildə hərbi xidmətə gedib. Daha 2 il sonra isə Vətən torpaqlarını iş­ğaldan azad etmək eşqi ilə müddətdən artıq hərbi qulluqçu kimi “N” saylı hərbi hissədə xidmətə başlayıb. 

2016-cı ilin aprel döyüşlərində özünü qorxmaz hərbçi kimi təsdiq edən çavuş Şirxan Quliyev sonrakı xidmət dövründə hərbçilər arasında atıcılıq üzrə keçirilən yarışların dəfələrlə qalibi olub. Düz 5 il o, ən müxtəlif istiqamətlərdə xidmətdə olub. Gözlədiyi bir məqam isə döyüş əmrinin verilməsi idi. Bu arzusuna yetmək Şirxa­na 2020-ci il sentyabrın 27-də nəsib olub. Ailəsi ilə telefonla danışan igid Vətən oğlu deyib ki, “məqam həmin məqamdır, nə­hayət, biz torpaqlarımızı azad edəcəyik”.

Zəfər yürüşü zamanı ilk döyüşdən baş­layaraq düz 40 gün sorağı ən qaynar yerlər­dən gələn Şirxan Cəbrayıl, Füzuli, Qubadlı uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümayiş etdirib. Noyabrın 2-də Daşaltıda yaralanmasına baxmayaraq, o, geri çəkil­məyib. Son damla qanına qədər döyüşüb və noyabrın 7-də şəhidlik zirvəsinə ucalıb. 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Şirxan Quliyev ölümündən sonra “Vətən uğrunda”, “İgid­liyə görə”, eləcə də Füzulinin, Qubadlının və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub. Hər il doğum və anım gün­ləri onun ölməz ruhuna böyük ehtiramla qeyd edilir. Şəhidimiz subay idi. Torpaq­larımız azad olunandan sonra sevdiyi bir qızla ailə qurmaq, oğul-uşaq sahibi olmaq arzusu vardı. Təəssüf ki, bu, onun qismə­tində yox imiş. 

Şəhidin anası Raisə Quliyeva hər za­man qəhrəman övladı haqqında yana-yana, amma qürurla danışıb: “Hələ müharibədən əvvəl Şirxanla danışarkən deyirdim, ailə qurmaq vaxtındır. Cavab verirdi ki, tor­paqlarımız azad edilsin, sonra ailə qurmaq haqqında düşünərəm. Şirxanın sevmədiyi ifadə “qaçqın” kəlməsi olub. Balam bizə torpaqlarımızın azad olunacağına dair vəd verdi və ona sadiq qaldı. Torpağına, bayra­ğına bağlı biri idi. Vətən müharibəsi baş­lanan ilk gündən də döyüşlərə qoşuldu. Yaralanmasına baxmayaraq, bir gün də geri çəkilmədi. Qəhrəmancasına döyüşərək torpaqlarımızın azadlığı yolunda şəhadətə ucaldı”. 

Bacısı İlkanə Quliyeva isə söyləyir ki, Şirxanla hər zaman fəxr edib: “Biz Beyləqan rayonunda yerləşən Xocavənd məcburi köçkün qəsəbəsində yaşamalı ol­muşuq. Hələ uşaq ikən Şirxan deyirdi ki, “axı, niyə biz məcburi köçkün olduq, niyə öz yurdumuzda yaşamırıq?”. Onun ən bö­yük arzusu torpaqlarımızın azad edilməsi və lazım gələrsə, bu yolda canından belə keçmək idi. Mən Şirxan kimi qardaşın bacısı olduğum üçün fəxr edirəm. Nəin­ki qardaşımla, bütün şəhidlərimizlə fəxr edirəm, onların hər birisi mənim qarda­şımdır”.

Bu məqamda Şirxanın anım mərasimin­də çıxış edən Salakətin kənd tam orta mək­təbinin müəllimi Eldar Allahverdiyevin söylədiklərini xatırlamaq da yerinə düşər. O dedi ki, Vətənimizin müstəqilliyi, tor­paqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın bö­yüklüyüdür: “Şəhid verməyən xalqın mən­liyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Şirxan kimi Vətəninə, torpağına bağlı qəhrəmanlar ye­tişdirən xalqdır”.

Bu gün 30 yaşı tamam olan şəhidimi­zin atası İsmixan kişi jurnalistlərə müsa­hibəsində həzin xatirələrə dalaraq, təm­kinini pozmadan deyib ki, doğma yurdu olan Xocavənd torpaqlarına qovuşmaqda övladının da payının olması onun ən böyük təskinliyidir: “Şirxan ağlı kəsən gündən de­yirdi ki, torpaqlarımızı gec-tez düşməndən azad edəcəyik, hər birimiz o gözəl, səfalı Qarabağımıza qayıdacağıq, o dağlarda bi­zim şanlı bayrağımız dalğalanacaq. Belə də oldu”.

Sonda qeyd edək ki, şair Günəş Xudi­yeva şəhidin ad günü münasibətilə yazdığı şeirdə onu həzin duyğularla anıb: 

Doğdu qızıl Günəş, gəldi yeni gün,
Açıldı bu xalqın düşdüyü düyün.
Qoydular üstünə çələngin, gülün,
Hər il ziyarətdir mənim də əhdim, 
Ad günün mübarək, əziz şəhidim!

Ə.ƏLİYEV
XQ

Sosial həyat