Qəhrəmanlığın Mübariz zirvəsi

post-img

Sübh tezdəndir. İsti bir yay günü yolum doğulub boya-başa çatdığım Bilə­suvar rayonunadır. Elə ay olmur ki, göz açdığım torpağa yolum düşməsin. Hər gedişimdə də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ata ocağını ziyarət edirəm. Budəfəki ziyarətim isə Mübarizin şəhidliyinin 15-ci ilinə təsadüf edirdi. 

…Heç bilirsiniz Vətən uğrunda canın­dan keçmiş şəhidlərin ünvanlarına gedib, valideynlərinin, bacı-qardaşlarının, öv­ladlarının dərdlərinə şərik olmaq necə də çətindir? Hətta söhbətini haradan başlayıb, necə bitirəcəyini belə düşünürsən. Ata-ana, bacı-qardaş, ömür-gün yoldaşının ağarmış saçlarını, dərddən bükülmüş qamətlərini, hələ də “atam gələcək” deyə yolunu göz­ləyən məsum uşaqları gördükcə ürək ağrısı keçirib, təsəlli verməkdən başqa heç bir çarən qalmır.

Doğru deyiblər: Şəhidliyin, qəhrə­manlığın məkanı, zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq fərdləri, uca­lıqları fəth edən zirvə yolçularıdır. Ana Vətən həmişə belə igid oğulları ilə şöhrət tapıb. Şəhid qanı ilə yazılmış qəhrəmanlıq isə əbədi tarixə çevrilib. 

Doğmaları danışırlar ki, Mübarizin böyük bir arzusu varmış. Nə vaxtsa, fərqi yoxdur, istər idmançı, istərsə də bir hərbçi kimi başı üzərində dövlət rəmzi olan Azər­baycanın üçrəngli müqəddəs bayrağını yüksəltsin. İgid Vətən oğlu əbədiyyətə qo­vuşandan sonra, Biləsuvarın Əliabad kən­dində doğulub boya-başa çatdığı sadə bir ev müqəddəs ocağa dönüb. Çox da böyük olmayan Əliabad kəndi Ələt-Astara ma­gistral yolunun Biləsuvar rayonu ərazisin­də birinci kənddir. Vaxtilə o qədər də tanın­mayan bu kəndin adı indi dillər əzbəridir.

Mübariz Biləsuvarın ilk Milli Qəhrə­manıdır. 2020-ci ildə Vətən müharibəsin­də 3 biləsuvarlı gənc də ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Onların göstərdiyi qəhrəmanlıqla bütün ölkəmiz fəxr edir. 

Mübariz daim düşünürdü: müqəddəs, bərəkətli, min-bir nemətli torpaqlarımız düşmənə heç vaxt pay ola bilməz. Bunu həmin amal uğrunda öz şirin canınların­dan keçmiş minlərlə şəhidimizin, Mübariz kimi ərənlərimizin tökülən qanları, ruhları bizə bağışlamazdı. Bizim doğma torpaqla­rımıza qayıdacağımız şübhəsiz idi. Azad Qarabağ torpağı bu gün yenə də çal-çağırlı günlərini yaşayır. O torpaqlar doğma sa­kinlərini qoynuna alır, onların nəfəsləri ilə qızınır. Bu növraq şəhidlərimizin ruhunu şad edir. 

Bir neçə ildir ki, bu ocaqda Milli Qəh­rəmanın ev-muzeyi fəaliyyət göstərir. Yük­sək zövqlə tərtib olunmuş ev-muzeyi cəmi 22 il ömür yaşamış, misilsiz qəhrəmanlığı ilə milyonlarla ürəklərdə iz qoymuş Mü­bariz İbrahimovun qısa, lakin mənalı və şərəfli ömür yoluna işıq salır. Muzeydə saxlanılan, Mübarizin əlləri toxunmuş hər bir eksponat sonsuz qürur doğurur.

Ev-muzeyinin Xatirə kitabında yazıl­mış ürək sözlərinin sayı-hesabı yoxdur. Respublikamızın bütün bölgələrindən, hət­ta xarici ölkələrdən gəlmiş ziyarətçilər elin qəhrəman oğluna ehtiram əlaməti olaraq duyğularını ifadə etmişlər. Bu qeydlərlə ta­nış olandan sonra bir daha Mübarizlə qürur duyursan. 

İmişli rayonunun Muradxanlı kəndin­dən olan bir qrup gənc yazır: “Əziz qarda­şımız, sən doğrudan da, bu qəhrəmanlıqla cənnətə qovuşdun. Sən bu hünərinlə, cə­sarətinlə nəinki bir elin, bir rayonun, bir respublikanın, hətta bütün Türk dünyasının müqəddəs, qəhrəman oğluna çevrildin”. 

F.Quliyev və D.Ağayevin imzaladığı və qısa cümlədən ibarət olub böyük məna daşıyan qeydləri də diqqətimizi çəkir: “Millətin ruhunu özünə qaytaran qəhrə­man. Allah sənə rəhmət eləsin”.

Nəhayət, ev-muzeyinə baş çəkəndən sonra qısa bir məsafədə yerləşən qəhrəma­nımızın doğulduğu evə üz tuturuq. Evin qarşısında onlarla avtomobilin durmağın­dan aydın olur ki, bu gün də ziyarətçilərin sayı çoxdur. Bu müqəddəs ocağa ziyarətə gələnlər üçün yaxın-uzaq söhbəti yoxdur. Kənd sakinləri 15 ildir ki, bu ocağı, bu ailəni bir gün belə tək qoymurlar. Hər bir ziyarətçi adını xalqımızın qəhrəmanlıq sə­hifəsinə əbədi yazdırmış Mübariz İbrahi­movla bağlı hər şeyi öz gözləri ilə görmək istəyir. Çünki bu müqəddəs ocaqda hər guşə Mübarizi xatırladır...

Səliqəli, gül-çiçəyə bürünmüş həyətin o biri başından eşidilən səs bizi diksindirir.

– Mübariz!.. 

Şamama anadır. 7 yaşlı nəvəsi Müba­rizi səsləyir. Dünyaya Mübariz İbrahimov kimi, qəhrəman oğul bəxş etmiş Şamama ana mehrini oğlunun adını daşıyan nəvə­sinə salıb. Nəvə Mübariz sanki əmisinin şəkillərdə gördüyümüz uşaqlığını xatırla­dır. Əmisinin təkrarsız qəhrəmanlıq yolu xalqımızın hər bir övladı kimi, balaca Mü­bariz üçün də müqəddəsdir. Hələ əmisinin adını nəyə görə daşıdığını illər sonra bilə­cək. Hər gün dünyaya yeni Mübarizlər gə­lir. Vətəni, torpağı, yurdu qorumaq üçün. Onların hər biri bu günümüzün və sabahı­mızın mübarizləridir.

Şamama ana deyir: 

– 15 il bir göz qırpımında keçdi. Sanki dünən idi... Xalqımız var olsun. Bu ötən müddətdə bir an belə ailəmizi tək bu­raxmadılar. Elə bizi də yaşadan bu oldu. Xalqımıza, dövlətimizə, el-obamıza min­nətdaram”.

Bir neçə il öncə Milli Qəhrəmana həsr etdiyim “Elin Mübariz oğlu” adlı kitabı çapa hazırlayarkən söhbət zamanı atası Ağakərim kişi (artıq dünyasını dəyişib) hə­min günü belə xatırlayırdı: “Mənə dedilər ki, başını dik tut, oğlun Vətən yolunda fəda olub. Göz yaşlarımı bircə anlığa boğa bilməsəm də, nə özümü itirdim, nə də sın­dım! Başımı dik tutub, “Vətən sağ olsun”, – dedim. Mən onu saxlaya bilmədim seç­diyi yoldan! Kimsə də saxlaya bilməzdi, hər kəlməsi Vətən idi. Dilindən düşmürdü Vətən sözü. Mən oğlumu Vətənə fəda et­mişəm.Vətən hər şeydən ucadır və Vətənin şərəfindən söhbət gedən yerdə atanın da qarışmağa haqqı yoxdur”. 

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında demişdir: “Bu gün Azərbaycanın milli şairi, böyük müca­hid Əhməd Cavad bəyin ruhunun şad ol­duğu gündür. Bu gün Nuru Paşanın, Ənvər Paşanın, Qafqaz İslam Ordusunun igidlə­rinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür”. 

Bəli, əbədi olaraq ürəklərdə yaşayan Qəhrəman Vətən oğlunun ruhu şaddır! 

Müşfiq MIRZƏ
XQ



Sosial həyat