14 milyard manatdan çox məhsulun 5,2 milyardlıq hissəsi xaricə satılıb
Sumqayıt Kimya Sənaye Parkının rezidentləri son 10 ildə, təxminən 14,4 milyard manatlıq məhsul satıb. Bunun da 5,2 milyard manata yaxın hissəsi ixracın payına düşür. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu ilin birinci yarısında sənaye parkında 1,1 milyard manatdan çox məhsul satılıb. Bunun isə 545 milyon manata yaxın hissəsi ixrac edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ixrac, təqribən 20 faizə yaxın artıb.
Yeri gəlmişkən, son zamanlar Azərbaycanda kimya sənayesi məhsullarının istehsalında mühüm artım müşahidə olunur. 2025-ci ilin yanvar-iyul aylarında bu sahədə istehsalın həcmi ötən ilin müvafiq dövrünə nisbətən 10,7 faiz artaraq 955 milyon manatı ötüb. Bu artımda Sumqayıt Kimya Sənaye Parkının da xüsusi çəkisi var. Parkda istehsal edilən tikinti kimyəvilərinin, polad və polimer boruların, sürtkü yağlarının, polimerlərin, karbamidin, müxtəlif çeşiddə kabellərin, şüşə lövhələrin, keramik plitələrin və s. məhsulların ixracı istiqamətində də əhəmiyyətli uğurlar əldə edilib. Bu növ məhsullar dünyanın 70-dən artıq ölkəsinə “Made in Azerbaijan” brendi ilə ixrac olunub.
Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli fərmanı ilə yaradılıb. Cənubi Qafqazın ən böyük sənaye parkının yaradılmasında məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, eləcə də əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasından ibarət olub.
Fəaliyyətə başladığı vaxtdan indiyədək sənaye parkında investisiya portfeli 6 milyard manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Həmin rezidentlərin isə 28-i isə fəaliyyət göstərir. Sahibkarlar tərəfindən görülən işlərə indiyədək 5,5 milyard manatdan çox investisiya yatırılıb. Bunun da hesabına 6 min 300-dən artıq daimi iş yeri yaradılıb. Ərazisi 613 hektar olan parkda neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Bir məqamı da diqqətə çatdıraq ki, Azərbaycanın sənaye zonalarında ilk məhsul istehsalı 2015-ci ildə məhz Sumqayıt Kimya Sənaye Parkında başlayıb. Əgər həmin il burada milyon manatlarla məhsul istehsal edilmişdisə, hazırda istehsal milyardlarla manat həcmində ölçülür.
Ötən müddətdə Sumqayıt Kimya, Hacıqabul, Mingəçevir, Qaradağ, Pirallahı, Balaxanı, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında 137 sahibkarlıq subyekti rezident kimi, 12 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Bunlardan 80-i istehsal fəaliyyəti ilə məşğuldur. Bütövlükdə isə 2015-ci ildə ölkəmizdəki mövcud sənaye zonalarında 271 milyon manatlıq məhsul istehsal edildiyi halda, 2025-ci ilin birinci yarısında həmin dövrdəkindən 17,2 milyard manatlıq və ya 63,5 dəfədən çox məhsul istehsal edilib.
Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyinin müəssisələri tərəfindən istehsal olunan qeyri-neft sənayesi məhsulları 70-dən çox ölkəyə ixrac edilir. Məhsullar Şərqi və Qərbi Avropa, Şimali və Cənubi Amerika, Asiya, MDB ölkələri, Türkiyə və digər bölgələrə göndərilir.
Qeyd edək ki, ölkənin iqtisadi inkişafını təşviq etmək və sənaye sahəsini genişləndirmək məqsədi daşıyan sənaye zonalarının əsas ixrac məhsulları arasında tikinti kimyəviləri, polad, polimer borular, sürtkü yağları, polimerlər, karbamid, kabel, şüşə lövhələr, keramik plitələr, tütün məmulatları, ipliklər, elektrodlar, balıq yemi məhsulları, divar kağızları, müxtəlif növ ayaqqabılar və digər məhsullar yer alır. İlin birinci yarısında agentliyin tabeliyində olan sənaye zonaları tərəfindən 583 milyon manatlıq məhsul ixrac edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,2 faiz çoxdur. Qeyri-neft sənayesi məhsullarının ixracında isə bu göstərici 28,3 faizlik paya malikdir.
Mirbağır YAQUBZADƏ
XQ