Dünyada belə qeyri-adi memarlıq nümunələrinə az rast gəlmək olar. Uzaqdan baxanda yarıbükülü-yarıaçıq xalça formasında nadir dizaynı ilə diqqət çəkən bu binada Azərbaycan Milli Xalça Muzeyi yerləşir. Artıq 10 ildir ki, sözügedən ünvan qədim sənətin müasir məkanı kimi tanınır. Əslində, ünvan lövhəsi olmasa belə, buranın məhz Xalça Muzeyi olduğu dərhal nəzərə çarpır.
Elə “Qədim sənətin müasir məkanı” adlı toplantı da muzeyin yeni binada fəaliyyətinin 10 illiyinə həsr olunmuşdu. Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşən mərasimdə tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət təmsilçiləri iştirak edirdilər.
Əvvəlcə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova çıxış edərək rəhbəri olduğu 67 yaşlı qurumun yeni binada ötən müddət ərzində gördüyü işlər, həyata keçirdiyi layihələr barədə məlumat verdi. O bildirdi ki, Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Milli Xalça Muzeyinin binası bu gün, həqiqətən də, Bakının ən cazibəli simvollarından birinə çevrilib. Birinci vitse-prezident Mehriban Əliyevanın ölkənin mədəni irsinin inkişafı və qorunmasında, o cümlədən də milli xalça sənətimizin dünyada tanıdılmasında göstərdiyi xidmətlər misilsizdir.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov Milli Xalça Muzeyinin fəaliyyətindən danışdı, atılan addımları yüksək qiymətləndirdi. Qeyd etdi ki, heyrətamiz memarlıq üslübunda muzeyin yaradılması layihəsini Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi gerçəkləşdiriblər. 2014-cü il avqustun 26-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə açılışı olan unikal bina ölkəmizdə ən çox ziyarət edilən mədəniyyət ocaqlarından biridir.
Sonra nazirlik rəsmisi Milli Xalça Muzeyinin kollektivinə Mədəniyyət Nazirliyinin fəxri fərmanını təqdim etdi. Ardınca qonaqlar “Xalça mənim üçün...” adlı videoçarxa baxdılar.
Azərbaycan Milli Xalça Muzeyi binasının avstriyalı memarı Frans Yans obyektin ərsəyə gəlməsindən bəhs edərək təcrübə və təəssüratlarını bölüşdü. Türkiyəli xalça kolleksiyaçısı Hüseyn Konukçu şəxsi saxlancından olan “Paşalı” kiliminin doğma vətəninə qayıdaraq Xalça Muzeyinin bir hissəsinə çevrilməsindən qürur duyduğunu bildirdi. “Şıxlı” və “Bəhmənli” xalçalarını muzeyə təqdim edən italiyalı kolleksiyaçı Mirko Kattai də videomüraciət vasitəsilə eyni təəssüratları bölüşdü.
Tədbir çərçivəsində yubiley ilində öz tarixi Vətəninə qaytarılan, muzeyin kolleksiyasını daha da zənginləşdirən XIX–XX əsrlərə aid Şirvanın “Paşalı” kilimi, Qazaxın “Şıxlı”, Qarabağın “Açma-yumma” və “Bəhmənli” xalçaları ilk dəfə nümayiş etdirildi. Bu milli irs nümunələri müxtəlif ölkələrdən olan kolleksiyaçılar – Mətin və Hüseyin Konukçular (Türkiyə), Mirko Kattai (İtaliya) və Hocat Abasi (Almaniya) tərəfindən muzeyə təqdim olunub.
Mərasim tanınmış cazmen, pianoçu, Əməkdar artist Emil Əfrasiyabın “Caz naxışı” konsert proqramı ilə davam etdi.
C.BALABƏY
XQ