Beynəlxalq liderlik müsabiqəsinin qalibləri mükafatlandırıldı

post-img

Türkiyənin Anadolu Universitetində Beynəlxalq Dostluq Gününə həsr olunan Beynəlxalq Liderlik Müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Mərasim Anadolu Universitetinin rektoru Fuat Ərdal, universitetin professor-müəllim heyəti, Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru-Mükafatlandırma Komitəsinin sədri Azər Hətəmov,  komitə üzvləri, mükafatçılar, tələbələr, Azərbaycanın və Türkiyənin media nümayəndələrinin və tanınmış elm adamlarının iştirakı ilə  onlayn formatda baş tutub.

Anadolu Universitetinin Beynəlxalq Liderlik müsabiqəsi müxtəlif sahələr üzrə müstəsna xidmətlər göstərmiş, liderlik nümayiş etdirmiş peşəkarları qiymətləndirir və onlara mükafatlar təqdim edir. Bu ilki tədbir beynəlxalq əməkdaşlığın gücünü və sərhədləri,habelə mədəniyyətləri aşan davamlı dostluq bağlarını qeyd etdiyi üçün xüsusilə əlamətdar oldu. 

Mərasimi giriş nitqi ilə açan Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov beynəlxalq müsabiqənin əhəmiyyətindən, Anadolu Universiteti və Universitetin Azərbaycan Proqramlarının Türkiyə və Azərbaycan arasındakı əbədi və sarsılmaz dostluq, qardaşlıq bağlarını ən ümdə məsələ sayaraq  iki qardaş ölkənin liderləri tərəfindən atılan tarixi əhəmiyyətli addımlar və əldə olunan uğurlar barədə məlumat verdi.

Sonra tədbir iştirakçılarını salamlayan Anadolu Universitetinin Açıq Təhsil fakültəsinin dekanı Əli Rəsül Usul beynəlxalq dosluq gününə həsr olunan müsabiqənin  əhəmiyyətini qeyd edərək, Türkiyə və Azərbaycan dövlətləri arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinin digər dövlətlərə və onların rəhbərlərinə bir örnək olduğunu bildirdi.

Mərasimdə çıxış edən Anadolu Universitetinin rektoru professor Fuat Ərdal qlobal birliyin və anlaşmanın gücləndirilməsində liderliyin əhəmiyyətli rolunu vurğuladı və qeyd etdi ki, Türkiyə və Azərbaycan mədəni sərvətləri ilə bir-birini qidalandıran, sosial həmrəyliyi ilə bir-birini gücləndirən, strateji tərəfdaşlıqları ilə regional sabitliyə töhfə verən iki qardaş dövlətdir. Ticarət əlaqələrimiz günü-gündən güclənir, akademik əməkdaşlığımız gələcəyin alimlərini, liderlərini və novatorlarını yetişdirməkdə davam edir. Bu dərin əlaqələr təkcə bu günü deyil, gələcəyi də formalaşdıracaq,hər iki ölkənin firavanlığına və inkişafına xidmət edəcəkdir.

Sonra rektor Fuat Ərdal Beynəlxq Müsabiqənin müvafiq nominasiyalar üzrə qaliblərini  elan etdi:

-  Lider İş Adamı nominasiyasının qalibi Camal Yanğın - Türkiyə Respubiklasının Xarici İqdisadi Əlaqələr Şurasının (Dış Ekonomik İlişgiler Kurulu-DEİK) üzvü, Azərbaycan Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sabiq sədri,İstanbul Çarşı şirkətinin təsisçisidir.

- İnnovasiya üzrə Liderlik nominasiyasının  qalibi İlham Əhmədov Azərbaycan Pedaqoji Universitetinin dosenti, Təhsildə İnnovasiyaların tətbiqi mövzusunda  çoxsaylı elmi məqalələrin müəllifi və tanınmış təhsil ekspertidir.

- Sülh Lideri nominasiyası üzrə qalib Hülusi Kılıç Türkiyənin Azərbaycanda və Moldovadakı sabiq səfiri, tanınmış diplomat, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisidir.

- Qlobal Liderlik və İdarəçilik nominasiyası üzrə qalib Samir Novruzov – “Management Consulting Group” şirkətinin təsisçisi və Baş icraçı Direktoru, Birləşmiş Krallıq İdarəçilik İnstitutunun, ABŞ-nin İctimai Siyasi Münasibətlər və İdarəçilik üzrə Qlobal Şərəf Cəmiyyətinin fəxri üzvüdür. İdarəçilik və Liderlik sahələrinə aid məqalələri “Management Consulting Journal”, “Open Journal Business and Management”, “Open Journal of Leadership” kimi beynəlxalq elmi jurnallarda dərc olunub.

Mərasim müsabiqənin təşkil edilməsinin və liderliyin əhəmiyyətli rolu baradə qaliblərin ürək sözləri ilə davam etdirildi. Mərasimin sonunda iştirakçılar Anadolu Universitetinə və Anadolu Universiteti Azərbaycan Proqramlarına müvafiq fəaliyyət sahələri üzrə görkəmli liderləri qiiymətləndirdiyinə, həmçinin, hər kəs üçün daha yaxşı bir gələcək qurmaq üçün dostluğun və əməkdaşlığın vacibliyini vurğulayan belə bir önəmli mərasimin təşkilində göstərdiyi səylərə görə minnətdarlıqlarını bildirdilər.

Anadolu Universiteti haqqında: Türkiyənin Əskişəhər şəhərində yerləşən Anadolu Universiteti təhsil, tədqiqat və ictimai xidmət sahələrində mükəmməlliyi ilə tanınan aparıcı təhsil müəssisəsidir. Qlobal liderlərin təşviqinə diqqət yetirərək, universitet tələbələrin dünyaya müsbət təsir göstərməsi üçün imkanların artırılmasına yönəlmiş geniş proqram və təşəbbüslər təklif edir.

Namiq Qədimoğlu

XQ



Təhsil