Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələri və elmi-tədqiqat institutları rəhbərlərinin görüşü keçirilib.
Toplantını açıq elan edən BDU-nun rektoru Elçin Babayev qloballaşan dünyada ali təhsil sistemində innovasiyaların tətbiqi ilə bağlı yeni yanaşmalardan danışıb. O qeyd edib ki, hər bir ölkənin ictimai, siyasi, iqtisadi, hərbi təhlükəsizliyində milli kadrların danılmaz rolu var. Odur ki, zamanın çağırışlarına cavab verilməsi baxımından bu tədbir mühüm əhəmiyyət daşıyır.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova da tədbirin önəminə diqqət çəkərək, ali təhsilin elmsiz mümkün olmadığını vurğulayıb. O, rəhbərlik etdiyi qurumun ölkədə elm və təhsilin daha da inkişaf etdirilməsi, elmin maliyyələşməsinin mexanizmləri üzərində çalışdığını diqqətə çatdırıb.
BDU-nun məzunu hazırda Türkiyənin Bilkənt Universitetinin professoru, Nanotexnologiya Elmi Mərkəzinin baş elmi işçisi olan fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Əmirulla Məmmədov tədbirdə "XXI əsrdə Azərbaycanın ali təhsil sistemi və innovasiyalar" mövzusunda məruzə edib. Ölkəmizdə ali təhsilin bu günü və gələcəyini dəyərləndirən natiq bildirib ki, təhsil cəmiyyətin yenidən formalaşdırılmasının ən güçlü vasitəsidir. Yenilikləri öyrənməyimizə, dünyanı daha yaxşı anlamağımıza və gələcəkdə inkişaf imkanımızın yüksəlməsinə gedən yol bilavasitə təhsildən keçir.
Professor ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, Yeni Zelandiya, İrlandiya və İsveç kimi ölkələrin təcrübələrini misal gətirərək qeyd edib ki, universitetlərin elmi fəaliyyəti əsas nüfuz göstəricilərindəndir. O, dünyadakı təhsil tipləri və müasir universitet modelləri haqqında fikirlərini diqqətə çatdırıb, Azərbaycanın ali təhsil sisteminin daha da inkişaf etməsi ilə bağlı təkliflərini səsləndirib. Azərbaycanda 4 fərqli universitet modeli yaratmağı təklif edən alim deyib ki, xüsusi statusu, fərqli büdcəsi və muxtariyyəti olan Dövlət Əhəmiyyətli Tədqiqat Universitetinin (DƏTU) yaradılması ali təhsilin inkişafına töhfə verə bilər.
Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova, Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Aparat rəhbəri Gülarə Tağızadə, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Neman Muradlı, Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyev, Dövlət Gömrük Komitəsi Akademiyasının rektoru Qulu Novruzov mövzu ilə bağlı fikirlərini bildiriblər.
XQ