“Dünyanı sənət xilas edəcək”

post-img

Xeyli vaxtdır ki, Beynəlxalq Aktivist Sənətçilər Birliyi rəsm komitəsinin sədri, tanınmış rəssam Nəvai Mətinin ideya müəllifliyi ilə ölkəmizdə “Yurdumuzu qarış-qarış gəzək” layihəsi həyata keçirilir. Sənət yürüşünün əsas şüarı “Dünyanı sənət xilas edəcək”dir. 

Aksiyaya qoşulan rəs­samlar ölkəni gəzib, açıq ha­vada təbiət eskizləri çəkirlər. Yoldan keçənlər ayaq saxla­yıb sənətkarlarla tanış olur, yaranan rəsm əsərləri ilə maraqlanırlar. Nəvai Mətinin dediyinə görə, bu aksiyanın məqsədi rəngkarlığı tama­şaçıya tanıtmaqdır: “Qoy, sənət onların ayağına getsin və onları özünə cəlb etsin”.

Hələlik, son səfərləri Xızı rayonuna olub. Mikayıl Müş­fiqin Ev Muzeyinin ətrafında Xızının gözəlliklərini kətana köçürməkləri orada yaşa­yan, ötüb keçən insanların böyük marağına səbəb olub. 

Nəvai Mətinin özü də sənətə elə təbiətin qoynun­dan gəlib. Yəni, gözəlliklərə vurularaq onları kağıza, kə­tana köçürməyə başlayıb. Gələcəkdə rəssam olmağı arzulayıb. Amma, dediyinə görə, ailəsi onun rəssam olmağını istəməyib: “O vaxt insanların təsəvvüründə bir rəssam obrazı vardı – uzun saçlı, saqqallı. Atam istəmirdi ki, onun da oğlu o görkəmdə olsun. 8-ci sinif­dən sənədlərimi gizlətdilər ki, Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə get­məyim. Amma mən 10-cu sinfi bitirəndə sənədlərimi də götürüb evdən qaçdım”. 

Rəssam olmaq arzusunu həyata keçirmək üçün gənc Nəvai instituta qəbul oluna­na qədər harada olduğunu ailəsinə bildirməyib: “İmta­hanlarda ixtisasdan keçdim, fizikanı isə bilmirdim deyə, bileti çəkib boş səhifəni qoydum müəllimin qarşısı­na. Dedi: “Bir bilet də çək”. Mən də “Müəllim, onu da bilməyəcəm, fizikanı anlamı­ram”, – deyə cavab verdim və çantamda olan rəsmi ona göstərdim. Müəllim rəsmə baxıb bəyəndi, qabiliyyətdən yaxşı qiymət aldığımı bilincə, gülərək: – Sən elə rəssam­san, bir 3 yazım, get”, – dedi.

Rəssamlığa doğru getdiyi yolda Nəvai Mətinin qarşısına xeyirxah insanlar çıxıb, şansı açıq olub: “Ədəbiyyat imtaha­nının gedişatında qapı açıldı və rektorla Mərkəzi Komitə­nin katibi Heydər Əliyev girdi içəri. Baxdı uşaqlara, soruş­du ki, bunlar hansı sənətdən imtahan verir? Rektor Afat Qurbanov dedi ki, rəssam­lıqdan, yoldaş Əliyev. Dedi bunlardan dərin imtahan götürməyin, hamısını qəbul edin. Mənim mövzum “Böyük dayaq” əsərində Rüstəm kişi obrazı idi, yazdım keçdim”. 

İnstitutu bitirəndən sonra müxtəlif vəzifələrdə çalışıb, amma rəssamlıq, özünün dediyinə görə, ona rahatlıq verməyib və qayıdıb fırça­dan, kətandan bərk yapışıb. Deyir, peşəmlə həyatımı qur­muşam, narazı deyiləm.

Nəvai Mətin uzun müd­dət Türkiyədə çalışıb, əksər şəhərlərində sərgiləri keçiri­lib. Bakıdakı emalatxananı 2016-cı ildə yaradıb. Müəl­limi Rais Rəsulzadə olub, onun emalatxanasında şa­gird olub. İndi özünün yetir­mələri var. Bildiklərini gənc­lərə öyrətməklə məşğuldur. Bakının mərkəzindəki ema­latxanasında "Sədət art" stu­diyası yaradıb və rəssam­lığa həvəsi olan gənclərə bu sənətin sirlərini öyrədir. Məkan, həmçinin ədəbiyyat adamlarının sevimli söhbət­gahıdır. Emalatxanasında olduğumuz vaxt rəssamın həm əsərləri ilə, həm də tələbələri ilə tanış olduq. O, əsasən, portret və peyzaj janrında işləyir. 

Əvvəldə bəhs etdiyimiz aksiya iştirakçıları isə Nəvai Mətinin rəhbərliyi ilə növbəti rayona səfərə hazırlaşırdılar. 

R.QURBANLI
XQ



Mədəniyyət