Tbilisidə heykəltaraş tələbələrin “Şəhər təəssüratı” adlı beynəlxalq sərgisi keçirilib. Ekspozisiya 3 ay əvvəl Gürcüstan Memarlar və Heykəltaraşlar Assosiasiyasının təşkil etdiyi heykəltaraşlıq festivalı çərçivəsində tələbələr arasında keçirilən müsabiqənin yekunlarına həsr olunub.
Müsabiqəyə Gürcüstan, Azərbaycan, Litva və digər ölkələrdən tələbələr əl işlərini təqdim ediblər. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası layihədə 2 tələbə ilə təmsil olunub və hər ikisi uğur qazanıb. Nuridə İsmayılova 1-ci yerə, Zaur Qəhrəmanov isə 2-ci yerə layiq görülüb. Qaliblərə müvafiq olaraq qızıl və gümüş medallar, həmçinin pul mükafatları təqdim edilib.
Nuridə İsmayılovanın dedikləri:
– Mən müsabiqəyə özümün diplom işim olan “Görüş” əsərini təqdim etmişdim. Müəllimlərim, xüsusilə də Xalq rəssamı, professor Fuad Salayev bu əsəri müsabiqəyə göndərməyimi tövsiyə etdilər. Çoxsaylı iştirakçılar arasından birinciliyi qazanacağımı heç düşünmürdüm. Məhz müəllimlərimin inamı və dəstəyi sayəsində bu uğura nail oldum.
Zaur Qəhrəmanov isə müsabiqədə qalib olan “Qarabağ atı” əsərini kompozisiya dərsi üçün ərsəyə gətirdiyini bildirib:
– Hörmətli rektorumuz, Xalq rəssamı Natiq Əliyev bu işimi bəyənərək, bir qədər böyük formata salmağımı, obrazda olan dinamikanı, plastikanı, həcmi qrafik formada verməyi məsləhət gördü. Nəticədə, həm yaradıcılıq üslubumu tapmış oldum, həm də bu əsər mənə beynəlxalq müsabiqədə qalibiyyət gətirdi. Bu uğur bizə növbəti beynəlxalq sərgilərdə, müsabiqələrdə iştirak etmək üçün stimul yaratdı.
XQ