Bakıda Türkiyənin Avrasya, Esenyurt, İstanbul gelişim, Kocaeli sağlık və texnoloji, Fenerbahça, Yeditepe, Alanya və digər özəl universitetlərin də təmsil olunduğu sərgi keçirildi.
XQ-dan verilən məlumata görə, tədbirdə təmsil olunan təhsil ocaqları tələbələrə və sərgi iştirakçılarına qəbul proqramları ilə bağlı məruzələr etdilər. Təhsil müəssisələri nümayəndələri ilə fərdi görüşlərdə təhsil proqramlarının detalları müzakirə olundu, sərgidə iştirak edən tələbələrin və valideynlərin sualları cavablandırıldı.
Sərgi çərçivəsində Türkiyədə yerləşən özəl universitetlər haqqında da məlumat əldə etdik. Alanya universitetinin təmsilçisi Kristin Farami bu ali təhsil ocağının Avropa standartlarına uyğun fəaliyyət göstərdiyini dedi: “Burada təhsil alan tələbələr ildə dörd ay olmaqla, bir və ya iki dəfə xarici ölkələrə təcrübə keçməyə göndərilirlər. Onların təcrübə qazanmasında və özlərini inkişaf etdirməsində bu proqramın böyük rolu var. Qeyd edim ki, tələbələrə Türkiyədə yaşamaq üçün bir illik sığorta haqqı da verilir”.
Sərgidə Azərbaycan təhsil sektorunda fəliyyət göstərən özəl şirkətlərə də rast gəlmək mümkün idi. Bunlardan biri də “Edde Global”dır. Şirkətin direktoru Miryusif Cavadzadə şirkətin tələbələr üçün hansı işlər gördükləri barədə danışdı. Bildirdi ki, onlar xaricdə təhsil almaq istəyənlərə sənədləşdirmə işləri, viza və vətəndaşlıq almaları üçün də köməklik edirlər. Həmçinin, tələbələrə ixtisas seçimi ilə bağlı ödənişsiz konsultasiyalar da keçirlər.
Tədbirin rəsmi qonağı olan Türkiyənin Azərbaycandakı fövqaladə səfiri Cahid Bağçı Türkiyə universitetlərinin ölkəsindən kənarda təmsil olunmasının vacibliyini vurğuladı: “ Bakıda təkrar müəllimlərin və tələbələrin görüşünə gəldik. Burada baş tutan sərgidə təhsil ocaqlarımızın ölkəmizdən kənarda da təmsil olunmalarını müsbət hal kimi qarşılayırıq. Son illər Türkiyə-Azərbaycan qardaşlığı daha da inkişaf edir. Düşünürəm ki, bu, universitetlərimiz arasında sıx əlaqələrin qurulması üçün son dərəcə əhəmiyyətlidir. Ali təhsilli, savadlı gənclər yetişdirməklə yanaşı, onların əldə etdikləri biliklərin mübadiləsinə və akademik təcrübələrdən faydalanmalıarına vasitəçi oluruq”.
Səfir sərgiyə gənclərin daha çox maraq göstərdiyini və bunun onların gələcək fəaliyyətində önəmli olduğunu dedi: “Onların kosmos, komputer bilikləri, hüquq və digər iş sahələrində iş birliyinə ehtiyacları var. Buna görə də hər il Türkiyə universitetlərinin Azərbaycanda keçirilən təhsil sərgilərində təmsil olunmalarını dəstəkləyirik. Universitetlərin rəsmi nümayəndələri və tələbələrlə görüşdə onların bu təhsil müəssisələrinə olan maraqlarının da şahidi oldum. Göründüyü kimi, tələbələr daha çox texniki ixtisaslara maraq göstərirlər. Bununla yanaşı, sosialogiya, psixologiya, maliyyə sahələrində də təhsil almaq istəyənlər az deyil. Bir tərəfdən komputer mütəxəssisi hazırlayarkən, digər tərəfdən yaxşı hüquqşünaslar da yetişdirməliyik. Universitetlərə sərgidə iştirak etdikləri üçün təşəkkür edirəm. Gənclərə isə gələcək karyeralarında uğurlar diləyirəm”.
Sərgidə iştirak edən valideyn və tələbələrlə də söhbətləşdik, onların sərgi haqqında təəssuratlarını öyrəndik. Universitet müəlliməsi olan Xoşbəxt Həsənova övladının YÖS təhsil proqramı ilə Türkiyə Universitetlərində oxumağa hazırlaşdığını dedi. Buna görə sərgiyə qatıldığını deyən həmsöhbətim universitetlərlə tanışlıq və təqdimatın yüksək səviyyədə aparıldığını bildirdi.
Sərgi iştirakçısı Murad Məmmədov gələcəkdə bakalavr təhsilini Türkiyədə almaq istədiyini dedi. Magistr təhsilini Avropa ölkələrində və Yaponiyada davam etdirmək istədiyini deyən Murad sərgidə təmsil olunan universitetlər tərəfindən edilən təkliflərin tələbələr üçün daha əlverişli olduğunu bildirdi.
Qeyd edək ki, sərgi Hilton hotelin “Sevda” zalında təşkil olunmuşdu. Sərginin keçirilməsində məqsəd şagirdlərin və tələbələrin universitetlərdəki qalma yerlərini və dərs sistemlərini öyrənmək, geniş biliklərə yiyələnməkdir.
Fidan SALMANLI
XQ