Novruz və Ramazan bayramları ərəfəsində Gəncədən gələn bir telefon zəngi məni xeyli mütəəssir elədi. Bayramlarımızı təbrik edən şəxsin səsini tanıya bilmədim. Məlum oldu ki, zəng edən soydaşımızla on il qabaq redaksiyamızda görüşmüşəmmiş. O zaman Aprel döyüşlərinin şəhidi Fərman Əsədlinin atası, hərbçi polkovnik Elçin Əsədov redaksiyamıza gəlmişdi.
Telefon xəttinin o biri başındakı həmsöhbətim bayram təbriklərindən sonra Aprel döyüşlərinin on ilinin tamam olduğunu da xatırlatdı və əlavə etdi ki, “Xalq qəzeti”nin 17 yanvar 2017-ci il tarixli nömrəsində verilmiş məqalədən sonra Samux rayonunun Sərkar kəndində Fərman Əsədlinin adına küçə verilib.
Şəhid Fərman Əsədli haqqında ölkə mətbuatında çox yazılar verilib ( onların ikisi “Xalq qəzeti”ndədir və bu sətirlərdə həmin yazının birindən söz açacağıq) . Üstəlik, ona həsr edilmiş roman da yazılıb. Odur ki, biz şəhid soydaşımız barədə ətraflı məlumat vemədən iki mühüm faktı yada salırıq. Birinci fakt Samux rayonunun Sərkar kəndinin 94 yaşlı sakini Əsəd Əsədovun Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevə göndərdiyi 1 noyabr 2020-ci il tarixli məktubdur.
Qələbəmizin elan edilməsinə hələ doqquz gün qalmış qələmə alınan həmin məktubda deyilirdi: “Cənab Ali Baş Komandan, mənim nəvəm Əsədli Fərman Elçin oğlu 2016-cı ilin aprel döyüşlərində Sizin əsgəriniz olaraq, vətəndaşlıq borcunu kişi kimi yerinə yetirərkən Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Ölümündən sonra o, Sizin tərəfinizdən “Şücaətə görə” medalına layiq görüldü. Hələ 2016-cı ilin aprelində Sizin rəhbərliyiniz altında Milli Ordumuz nələrə qadir olduğunu göstərə bilmişdi”.
Həmin məktubdan bu sətirləri sitat kimi seçməyimiz təsadüfi deyil. Demək istəyirik ki, şəhid Fərman Əsədlinin nümayiş etdirdiyi vətənpərvərlik nümunəsi ailədən, nəsildən gəlir.
Xatırlatmaq istədiyimiz ikinci fakt isə bu sətirlərin müəllifinin 2017-ci ilin yanvarında qələmə aldığı yazıdan təxminən bir il üç ay sonra – 2018-ci il aprelin 5-də, yenə də “Xalq qəzeti”ndə verilmiş “Fərman Əsədli qəlbinin hökmü ilə cəbhə bölgəsinə yollanmışdı…” adlı məqalədir. Qəzetin bölgə müxbiri Hamlet Qasımovun qələmə aldığı xəbərdə deyilirdi ki, Gəncə qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən uğrunda!” səyyar təşviqat dəstəsi və “N” saylı hərbi hissənin şəxsi heyəti şəhidin Gəncədəki evini ziyarət etməyə gəliblər: “ Şəhidin atası Elçin Əsədov Fərmanla bağlı xatirələrini bölüşür. Yazıçı Gülnarə Sadıq Fərman Əsədliyə həsr etdiyi “26 gün” romanı haqqında məlumat verir. Deyir ki, romanında aprel döyüşləri zamanı cəbhə bölgəsinə yollanan sadə insanların – mülki vətəndaşların Vətən sevgisini, ordu ilə həmrəyliyini diqqətə çatdırıb. Çünki bu döyüşlər xalqda elə bir ruh yüksəkliyi yaratmışdı ki, nəinki əsgərlər, hərbçilər, mülki şəxslər da cəbhəyə getmək üçün hazır olduqlarını bildirirdilər. Xalqın duyğularını ifadə edən Fərman Əsədli məhz belə bir düşüncənin sahibi idi…”
Tünzalə Vəliqızının Aprel döyüşlərindən bir ay sonra “525-ci qəzet” də verilmiş məqaləsində isə belə bir cümlə oxuyuruq: “Mən Fərmanı tanımırdım, görməmişdim. Onun atası – hərbi paltarlı Elçin müəllim isə bizim üçün hər zaman “ulduzlu” qəhrəman olub”.
Həmin yazıda şəhidin atasının dedikləri də verilib. O ifadələr bizə milli tariximizin Dədə Qorquddan bu yana bütün türk kişilərinin söylədiklərini xatırladırdı: “Hərbi komissar kimi içimdə min parça olsam da dik dayanaraq çox qapılar döyüb “oğlunuz şəhid oldu” xəbərini vermək məcburiyyətində qalmışam. Bir gün ata olaraq bunun mənim üçün də olacağına hazır idim...”
Allah Fərman Əsədliyə də, bütün şəhidlərimizə də rəhmət eləsin! Şəhid valideynlərinə isə nümayiş etdirdikləri dözüm və dəyanətə görə min dəfə təşəkkürlər düşür.
Allah şəhidlərimizin qanını yerdə qoymayan, onların qisasını döyüş meydanlarında alan Azərbaycan Ordusunu qorusun!
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist



