XQ xəbər verir ki, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında yenidən qurulan Azərbaycan evinin rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsini icra edən Nuri Aslan, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İstanbuldakı Baş konsulluğumuzun konsulu Mürşüd Məmmədov, Türkiyənin dövlət nümayəndələri, bu şəhərdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, QHT rəhbərləri, Azərbaycan diasporunun təmsilçiləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Xatırladaq ki, türk xalqlarının yaşayış tərzini, milli-mənəvi dəyərlərini özündə ən gözəl şəkildə əks etdirən tarixi məkanlardan biri də İstanbulda yerləşən “Türk dünyası mədəniyyət məhəlləsi” açıq hava muzeyidir. Topqapı Mədəniyyət Parkının ərazisində yerləşən məkanda türkdilli dövlətlərə məxsus evlər, qazax və qırğız çadırları, orijinal ölçülərdə hazırlanmış Orxon abidələri, Bakının incisi olan Qız qalası və Qırğızıstanda yerləşən Bulana qülləsinə aid maketlər də muzeydəki eksponatlar arasındadır.

