Bəşəriyyətin ən qədim bayramlarından biri olan Novruz təkcə təbiətin oyanışını deyil, həm də insanlığın yenilənmə, dirçəliş və harmoniya arzusunu ifadə edir. Minilliklər boyu qorunaraq bu günə gəlib çatan bu bayram müxtəlif xalqları və mədəniyyətləri ortaq dəyərlər ətrafında birləşdirən mənəvi körpüyə çevrilib.
Martın 21-i Beynəlxalq Novruz Günüdür. 2009-cu ildə UNESCO tərəfindən Novruz bayramı Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i rəsmi olaraq Beynəlxalq Novruz Günü elan olunub.
AZƏRTAC xəbər verir ki, “Yeni gün” mənasını verən Novruz dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul edilir. Bu bayram artıq üç min ildən çoxdur ki, Qafqaz, Balkanlar, Qara dəniz hövzəsi, Mərkəzi Asiya və Yaxın Şərq də daxil olmaqla geniş coğrafiyada qeyd olunur.
Novruzun qədim xalq bayramı olması haqqında miflərdən tutmuş tarixi və ədəbi mənbələrədək müxtəlif məlumatlara rast gəlinir. Nizamülmülkin “Siyasətnamə” əsərində, Ömər Xəyyamın “Novruznamə”sində bu bayramın mahiyyəti geniş izah olunur. Xəyyam astronomik tədqiqatlara əsaslanaraq göstərib ki, Novruzun yaranması Günəş təqvimi ilə bağlıdır və bu tarix ilin dəyişməsini simvolizə edir.
XVII əsrdə yaşamış fransız səyyah Jan Şarden Şərq ölkələrinə səfəri zamanı Gəncə, Naxçıvan, Tiflis, İrəvan, Təbriz və İsfahanda olub və Novruz bayramının şahidi kimi öz “Səyahətnamə”sində maraqlı qeydlər aparıb. O, bu bayramın Ramazan və Qurban bayramları ilə yanaşı böyük təntənə ilə qeyd edildiyini, insanların bir-birinə qiymətli hədiyyələr verdiyini və bayramın əkinçidən şaha qədər hər kəsi əhatə etdiyini xüsusi vurğulayıb.
Azərbaycan maarifçiliyin öncüllərindən olan Həsən bəy Zərdabi isə “Quyruq doğdu, çillə çıxdı” məqaləsində xalq təqviminin Novruzdan başlanmasının elmi və praktik əsaslarını izah edib.
Orta əsrlərdə Azərbaycanda münəccimlər Günəşin hərəkətini izləyərək onun gecə ilə gündüzün bərabərləşdiyi anı müəyyənləşdirirdilər. Alman səyyah Adam Oleari 1637-ci ildə Şamaxıda Novruz mərasimlərinin necə keçirildiyini təsvir edərək yazırdı ki, bu an çatdıqda şəhərdə toplar atılır, təbillər çalınır və xalq şənliyə başlayırdı.
Bütün bu faktlar göstərir ki, Novruz təsadüfi və ya kor-koranə qəbul edilmiş bayram deyil. Onun əsasında dəqiq elmi biliklər, xüsusilə astronomik müşahidələr dayanır. Yeni ilin məhz martın 21-də başlanması da bunun bariz nümunəsidir.
Novruz xalqımızın məişəti, adət-ənənələri, həyat tərzi və dünyagörüşü ilə sıx bağlıdır. Bu bayram nəsildən-nəslə, əsrdən-əsrə ötürülərək bu gün də milli kimliyimizin ayrılmaz hissəsi kimi yaşamaqda davam edir.
XQ

