Cəlilabad
Cəlilabad şəhərinin Heydər Əliyev Seyrəngahında Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib. Bayram şənliyində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ağsaqqallar, ziyalılar, rayon sakinləri iştirak edib.
Tədbirdə ölkəmizin Dövlət Himni səsləndirilib. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Azərbaycan xalqının qədim tarixinin yadigarı və milli varlığının rəmzlərindən olan Novruzun gəlişi münasibətilə cəlilabadlıları təbrik edib, onlara səmimi, xoş arzularını çatdırıb.
Sonra tədbir iştirakçıları xalq sənəti nümunələri, rayonda istehsal olunan məhsullar, milli mətbəximizin təamları, Novruz adətlərini əks etdirən rəsm əsərlərindən hazırlanmış sərgilərlə tanış olublar.
İcra başçısı Rafiq Cəlilov bayram tonqalını alovlandırıb. Bahar qızı, Keçəl və Kosanın, gənc idmançıların çıxışları alqışlarla qarşılanıb.
Rayonun incəsənət ustalarının, folklor kollektivlərinin bir-birindən maraqlı çıxışları Novruz şənliyini daha da rövnəqləndirib.
Biləsuvar
Biləsuvar şəhərinin Heydər Əliyev Parkında bayram şənliyi keçirilib. Ümumrayon tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin nümayəndələri, şəhid ailələri, qazilər, Qarabağ müharibəsinin veteranları və rayon sakinləri iştirak edib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov müqəddəs Novruz münasibətilə sakinləri təbrik edərək, bayramın hər bir ailəyə ruzi-bərəkət, sevinc, xoşbəxtlik gətirməsini arzulayıb. Milli-mənəvi dəyərlərimizin rəmzi olan el bayramının xalqımızın birliyini, həmrəyliyini daha da möhkəmləndirdiyini, gələcəyə böyük ümidlər bəxş etdiyini vurğulayıb.
Bayram tonqalı alovlandırıldıqdan sonra sərgilərə baxış keçirilib. Novruzun rəmzləri olan Dədə Qorqud, Kosa, Keçəl və Bahar qızının iştirakı ilə rəngarəng proqram təqdim olunub. İdmançıların, mədəniyyət və incəsənət ustalarının, ayrı-ayrı folklor kollektivlərinin çıxışları bayram tədbirinə xüsusi rəng qatıb.
Əlisəfa Həsənov,
“Xalq qəzeti”nin bölgə müxbiri


