Ömrü ilə həyat nümunəsi yazan ziyalı

post-img

Əməkdar müəllim, polkovnik-leytenant, tanınmış jurnalist Bayram Məmmədova yubiley qeydlərim  

Onun dünyaya gəlişi Novruz bayramı kimi yenilənmə və ümid rəmzi olan bir günə təsadüf edir. Sanki tale əvvəlcədən onun ömür yoluna işıq, hərəkət və inkişaf yazmışdı. Əməkdar müəllim, polkovnik-leytenant, tanınmış jurnalist Bayram müəllimin həyatına nəzər saldıqca görürsən ki, bu yol nə təsadüflərin, nə də asan qazanılmış uğurların nəticəsidir. Bu yol zəhmətin, iradənin və əqidənin qələbəsidir.

Zəngilan rayonunun saf mühitində, zəhmətkeş və dəyərlərə bağlı bir ailədə böyüyən Bayram Məmmədov hələ kiçik yaşlarından fərqlənməyi bacarırdı. Onun daxilindəki öyrənmək həvəsi, yeniliyə açıq düşüncəsi və məsuliyyət hissi zaman keçdikcə böyük bir şəxsiyyətin cizgilərinə çevrildi.

Məktəb illərində ictimai fəallığı ilə seçilən bu gənc, sanki həyatın pillələrini tək-tək deyil, inamla və əzmlə addımlayırdı. Onun üçün uğur təsadüf deyildi, o, hər uğurun arxasında zəhmətin dayandığını yaxşı bilirdi.

İngilis dilinə olan sevgisi onun taleyində yeni bir qapı açdı. Ali təhsilini uğurla başa vurduqdan sonra müəllim kimi rayonun kənd məktəblərində yandırdığı elm çırağı yalnız şagirdlərin deyil, bütöv bir nəslin gələcəyini işıqlandırırdı. Onun müəllimliyi sadəcə peşə deyildi bu, bir missiya idi.

Həyat Bayram müəllimi yalnız bir sahə ilə məhdudlaşdırmadı. O, ictimai fəaliyyətin də önündə getdi, məsul vəzifələrdə çalışaraq idarəçilik bacarığını, təşkilatçılıq qabiliyyətini daha da möhkəmləndirdi. Onun üçün harada çalışmağından asılı olmayaraq bir prinsip dəyişməz qalırdı: vətənə faydalı olmaq.

Tarixin ağır sınaqları gələndə isə o, tərəddüd etmədi. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 1990-ci illərin əvvəli Zəngilan rayonunda yaranan gərginlik hər kəsi seçim qarşısında qoydu. Bəziləri geri çəkildi, bəziləri susdu... Amma Bayram Məmmədov xarakterinə uyğun olaraq irəli çıxdı.

Hələ nizami ordunun tam formalaşmadığı bir dövrdə o, könüllü özünümüdafiə dəstələrinin yaradılmasına qoşuldu, insanları ətrafında birləşdirərək onlara həm komandir, həm də ruh verdi. Onun üçün silahdan əvvəl gələn bir anlayış var idi: qeyrət. O, bu qeyrəti ilə döyüş meydanında da, insanların qəlbində də yer qazandı.

Sonralar alay komandirinin müavini kimi fəaliyyət göstərərək torpaqlarımızın müdafiəsində mühüm xidmətlər göstərdi. Xidmət yolu onu daha sonra Azərbaycan Silahlı Qüvvələrinin arxa cəbhəsinə və Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq sahəsinə apardı. Burada da o, öz peşəkarlığı və prinsipiallığı ilə seçilərək xeyki uğur qazandı və polkovnik-leytenant rütbəsinə qədər yüksəldi.

Bayram Məmmədovun həyatı bizə bir həqiqəti xatırladır: insanın böyüklüyü qoyduğu izdə ölçülür. O iz ki, illər keçsə də silinmir, əksinə, yeni nəsillərə yol göstərir.

Belə insanlar zamanın yaddaşında yaşamır, zaman onların yaddaşında yaşayır.

Bu bir həqiqətdir ki, bir insanın ömrü illərlə ölçülmür... O, gördüyü işlərlə, toxunduğu talelərlə, yaddaşlara həkk etdiyi izlərlə ölçülür. Bayram Məmmədovun həyatı da məhz belə ömürlərdəndir, yaşanan yox, yaşadan və nəsillərə əbədi olaraq nümunə olan bir ömür.

2013-cü ilin iyulun 2-də Bakı yenə öz möhtəşəmliyinə şahidlik edirdi. Dünyanın dörd bir yanından gələn hərbçilər bir məqsəd - sülh və həmrəylik ətrafında birləşmişdilər. Beynəlxalq Hərbi İdman Şurasının ölkəmizdə təşkil etdiyi Dünya Futbol Kuboku sadəcə idman yarışı deyildi, bu, millətləri bir araya gətirən mənəvi körpü idi. O körpünün görünməyən sütunlarından biri də əməksevərliyi ilə seçilən Bayram müəllim idi. Həyatda çünki həyatda səssiz zəhmətin işığı daha parlaq olur. Bayram Məmmədov həmin işığın daşıyıcılarından idi. Onun savadı , xarici dilləri mükəmməl bilməsi, peşəkarlığı və təcrübəsi xalqlar arasında anlaşmanın açarına çevrildiyindən qonaqlar. İştirakçısı olduğum bu tədbirlərin birində əcnəbi hərbiçilərdən bu sözləri eşitmək hər birimiz üçün başucalığı oldu: “ Belə peşakar kadrları olan ölkə məğlub olmamalıdır!”. 

Hərbçi ömrü bitdi deyəndə, onun başqa bir cəbhəsi - yaradıcılıq  cəbhəsi başladı. Silahı söz, səngəri auditoriya oldu. O, Silahlı Qüvvələrin Hərbi Akademiyasında yüzlərlə zabitə yalnız deyil, dünyanı anlamağı öyrətdi. Xarici dillər onun üçün qrammatika deyil, düşüncə idi.

Prezident İlham Əliyevin Sərəncamı ilə ona verilən “Əməkdar müəllim” fəxri adı sadəcə bir titul deyil, bu bir ömrün qiymətləndirilməsi idi.

Onu “müharibənin canlı ensiklopediyası” adlandırırlar... Çünki o, kitab kimi danışmır - o, yaşadıqlarını danışır. Onun yaddaşında tarix səhifələrdə deyil, insanların taleyində yaşayır. Hər ad, hər hadisə onun üçün bir xatirə yox, bir məsuliyyətdir.

Bir zaman Milli Məclisdə onunla eyni vaxtda bir müddət işlədim. Orada mən onu bir məmur yox, bir təcrübəli insan kimi gördüm. Şəhid analarının səsini dinləyən, qazilərin ağrısını anlayan, insanların dərdinə sözlə yox, qəlblə toxunan bir insan...

Bəzi insanlar vəzifədə olarkən tanınır, bəziləri isə insanlıqda. Bayram müəllim ikinci yolun yolçusudur.

İllər ötür... Təqvimlər dəyişir... Amma bəzi ömürlər zamanın içində itib getmir, əksinə, zaman onların içində yaşayır. Bayram Məmmədovun həyatı da belədir, çünki o, yaşadığı dövrü aşaraq bir örnəyə çevrilib.

Torpaqlarımızın işğalına dözə bilməyən Bayram müəllim torpaqdan, kənd havasından və suyundan ləzzət almaq və güclənmək üçün Qax rayanunun Zəngilanın oxşarı olan bir kəndində yurd salıb. İşimlə əlaqədar orada olarkən yeni kəndində görüşdük və xeyli dərdləşdik. 3 gün əvvəl isə şəhərdə təsadüfən rastlaşdıq və qısa vaxt ərzində söhbətləşməyə çalışdıq. Dedi ki, “bir az dincəlmək istəyirəm...” Amma belə ömür sahiblərinə dincəlmək yaraşmır. Çünki onların susması  bir məktəbin susması deməkdir.

Həyatda elə insanlar var ki, onların taleyi sadəcə yaşanmış illərin toplusu deyil, bir məktəb, bir örnək, bir yol xəritəsidir Belə bir ömür yaşayan Bayram müəllim bu gün xalqa xidmətini çalışdığı sahələrdə ləyaqətlə göstərir, dayanmadan yazır və yazdıqca insanları yaşadır.

O, igidləri, zamanında tarix yazan şəxsiyyətləri unudulmaqdan xilas edir, onlara yaddaşlara ikinci ömür bəxş edir. Bəlkə də insanın ən böyük xoşbəxtliyi belə olduğundan yubilyar onu tanıyanlar tərəfindən səmimi qəlbdən sevilir. Bununla da Bayram Məmmədov ömrünün ən böyük arzusunu reallaşdırır.

1956-cı ilin martın 21-də anadan olan Əməkdar müəllim, polkovnik-leytenant, tanınmış jurnalist Bayram Məmmədovun yubileyinin Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin mərkəzi ofisində təşkilatın idarə heyətinin üzvü kimi, Azərbaycan Mətbuat Şurasında tanınmış jurnalist kimi, Milli Məslisin təcrübəli əməkdaşı kimi deputatlar və seçicilər tərəfindən, əzizləri arasında ləyaqətli insan kimi, Müdafiə Nazirliyinin zabitləri tərəfindən dəyərli əməkdaş kimi, el-oba tərəfindən ağsaqqal və sözü ilə əqidəsi eyni olan ziyalı kimi kimi, nəvələr tərəfindən ibratamiz ömür yaşayan əsl baba kimi … təbrik edilməsi hər kəs kimi bizə də sevindirir.

Bayram müəllim, yubileyinizi səmimi qəbdən təbrik edir və cəmiyyətimizin inkişafı üçün sizə sağlam uzun ömür və daha böyük yaradıcılıq uğurları arzulayırıq. 

Mikayıl NƏRİMANOĞLU,

XQ 
Əməkdar jurnalist

 



















Sosial həyat