Samuxda peşə bayramı qeyd olundu

post-img

Samux rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərinin Peşə Bayramı Günü xüsusi ehtiramla qeyd edildi. Rayon İcra Hakimiyyəti ilə xidmətin Samux rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən bayram tədbiri ənənəvi olaraq Ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başladı. İştirakçılar abidə önünə gül dəstələri düzərək dərin hörmət və ehtiramlarını ifadə etdilər. 

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev xidmət əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etdi. Bildirdi ki, səfərbərlik və hərbi xidmətə çağırış sahəsində çalışan əməkdaşlar dövlətin müdafiə gücünün möhkəmləndirilməsində mühüm rol oynayırlar. Onların fəaliyyəti məsuliyyətli olmaqla yanaşı, həm də böyük etimad tələb edir.

Çıxışlarda vurğulandı ki, ölkəmizdə ordu quruculuğu prosesi Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Bu siyasətin tərkib hissəsi olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də ötən illər ərzində mühüm inkişaf yolu keçib.

Tədbirin sonunda xidmətin Samux rayon şöbəsinin bir neçə əməkdaşına peşə bayramı münasibətilə Fəxri Fərmanlar təqdim olundu. Bu təltiflər onların gündəlik zəhmətinə verilən dəyərin, dövlət tərəfindən göstərilən diqqətin bariz nümunəsi idi.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə yaradılıb. Bu illər ərzində xidmət hərb quruculuğu prosesinin təkmilləşdirilməsinə, gənclərin hərbi xidmətə hazırlığının gücləndirilməsinə mühüm töhfələr verib.

Samuxda keçirilən tədbir isə bir daha göstərdi ki, dövlətə və Vətənə xidmət edən insanların zəhməti unudulmur, onların əməyinə hər zaman dəyər verilir.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri









Sosial həyat