Ən maraqlı məruzələrin icmalı və şərhi
(əvvəli qəzetimizin 7 və 9 yanvar 2026-cı il tarixli saylarında)
Aşmarin türkologiyanın inkişaf tarixini izah edərkən onu Avropa dilçilik ənənəsi ilə sıx şəkildə əlaqələndirir və xüsusilə XIX əsrin ikinci yarısını dönüş nöqtəsi kimi göstərir. Bu dövrə qədər türk dillərinin tədqiqi sistemsiz, çox zaman da yanlış metodlarla aparılırdı. Əsas istiqamət yalnız Osmanlı türkcəsi üzərində qurulduğundan, geniş Türk dünyasının dili sanki arxa plana atılmışdı. Aşmarinin vurğuladığı əsas yanlışlardan biri Avropa qrammatika normalarının türk dillərinə mexaniki şəkildə tətbiqi idi. Səslərin fonetik təsvirindəki qeyri-dəqiqlik və dil hadisələrinin öz daxili qanunauyğunluğu nəzərə alınmadan izahı həmin dövrün elmi səviyyəsini məhdudlaşdırırdı.
Betlinqin “Yakut dili qrammatikası” bu mənzərəni dəyişən ilk addım oldu. Aşmarin bu əsəri “elmi türkologiyanın başlanğıcı” kimi səciyyələndirir. Betlinqin əsas yeniliyi türk dillərinin fonetik quruluşunu real müşahidə əsasında təsviri, Avropa dillərinin qəliblərini tətbiq etməməsi idi. Bu, gələcək tədqiqatların istiqamətini müəyyənləşdirdi. Ardınca Kazanda yazılan “Altay dillərinin qrammatikası”, Bobrovnikovun monqol və kalmık dilləri ilə bağlı işi, Radlovun monumental fəaliyyətləri bu yeni metodun sistemləşməsinə səbəb oldu.
Aşmarin Radlovu türk dillərinin canlı mənbədən öyrənilməsini təmin edən ən böyük simalardan biri kimi təqdim edir: onun Sibir, Volqaboyu, Krım, Orta Asiya ekspedisiyaları türklərin dialekt mənzərəsini ilk dəfə real şəkildə xəritələndirmişdi. Radlovun topladığı folklor nümunələri, epiqrafik tapıntılar, qədim mətnlərin nəşri, geniş lüğətlər təkcə dilçiliyə yox, bütöv türk mədəniyyətşünaslığına əsas yaradırdı.
Aşmarin, həmçinin Malovun “Altun Yaruk” və “Kutadqu bilik” üzərindəki çalışmalarını vurğulayaraq bu cür mətn nəşrlərinin türk filologiyasını nə qədər irəli apardığını qeyd edir. Tomsenin 1893-cü ildə Orxon-Yenisey yazılarını oxuması isə türkologiya elmini tamamilə yeni mərhələyə çıxardı. Aşmarinin fikrincə, bu kəşf təkcə qədim dilin deyil, qədim türk dövlətçiliyinin, mədəniyyətinin, ideologiyasının anlaşılması üçün qapı açdı və Radlovun həmin yazıların şərhində fəal iştirakı bu sahənin elmi əsasını möhkəmləndirdi.
Aşmarin daha sonra türkologiyanın öz dövrünədək çatdığı nəticələri dərin ümumiləşdirmə ilə göstərir və bütün çatışmazlıqların mahiyyətini bir problemə - türk dialektlərinin elmi təhlilinin hələ də sistemsiz qalmasına bağlayır. Azərbaycan dilinin sintaksisindən tutmuş yakut fonetikasına qədər, türkmən lüğətçiliyindən Qafqaz türklərinin dialektologiyasına qədər bütün sahələrdə fraqmentlik və natamamlıq müşahidə olunur. O, sintaktik hadisələrin yalnız məntiqi izahlarla məhdudlaşdırılmasını əsas metodoloji yanlışlıq kimi göstərir, çünki türk cümlə quruluşunda psixoloji, kommunikativ amillər xüsusi rol oynayır. Bu təklif öz dövrü üçün çox yeni idi.
Aşmarinin ən maraqlı ideyalarından biri təqlidi sözlərlə bağlıdır. O bu sözləri “prototürk düşüncəsinin arxaik izləri” adlandırır. Onun fikrincə, bu sözlər dilin o qədim qatına işarə edir ki, orada sözlər semantik konvensiya vasitəsi deyil, birbaşa duyğunun və hissin səsi idi. Bu yanaşma həm dil tarixi, həm də etnopsixologiya baxımından fövqəladə dəyər daşıyır. Çünki o, dilin yalnız “nə deməkdir?” yox, “necə yaranmışdır?” sualını da açır. Aşmarinə görə, türk dillərindəki bu arxaik qatın öyrənilməsi bütöv etnosun ibtidai dünyagörüşünü yenidən qurmağa imkan verə bilər.
Aşmarin dilin hər sözünü qədim həyat tərzinin bir fraqmenti kimi şərh edir: unudulmuş adətlərin izi, mifoloji təfəkkürün kölgəsi, ibtidai melodiyaların qalıqları burada yaşayır. Onun üçün türkologiya yalnız qrammatika deyil, həm də psixologiya, mədəniyyət, tarix və qədim düşüncə sisteminin bərpa edilməsidir.
Tarixçi-türkoloq Aleksey Makaroviç Sabaşkin geniş məruzə ilə çıxış etməsə də, fikirlərini bölüşür. İradını bildirir ki, çıxış edən məruzəçilər dağlıq Altay xalqlarının öz qrammatikasının olduğunu qeyd etdilər. Bu faktı danmaq olmaz, Aşmarin bu qrammatikanın ümumiyyətlə xalqımız üçün yararlı olduğunu, tələblərə cavab verdiyini bildirdi, universallığından danışdı. Şübhəsiz ki, universaldırsa, bütün tələblərə cavab verməlidir. İştirakçıların çoxuna məlumdur ki, kiçik xalqlar və tayfaların öz ədəbiyyatları olmayıb və onlar şifahi ədəbiyyat nümunələrini kitab şəklində qeydə almayıblar, lakin dini ədəbiyyat vardı.
O qeyd edir ki, akademik Radlovun qrammatikasında Altay qrammatikasının əsas xüsusiyyətinə görə bütün feillər cümlə sonunda gəlir. Əgər tamamlıq tabeli cümlə olarsa, feili 20-30 söz sonra qoymalıyıq. Nəticədə, tam mənasızlıq yaranar və cümlənin linqvistik mənası itər. Bu mənada, mən yeni cərəyanın tərəfdarıyam. Demək istəyirəm ki, cümlənin formasından asılı olmayaraq, feili həmişə axırda yerləşdirmək lazım deyil. Əgər müəllif feili asılı cümlədən, yaxud tamamlıqdan əvvəl yerləşdirmək istəyirsə, mane olmaq lazım deyil. Sabaşkin daha sonra Altay qrammatikasının yaranması haqqında fikrini belə ifadə edir: “Altay qrammatikasını tərtib edən akademik Radlov və İlyinski belə bir metoddan istifadə etmişlər: onlar ruhanilərin yanına gedir, danışıqlarını dinləyir, məntiqi olaraq fikirlərini necə ifadə etdiklərinə dair sorğu-sual edirdilər. Lakin dilin bütün incəliklərinə varmaq üçün bu dilləri bilmək lazım idi. Aydındır ki, bu zaman bəzi səhvlərə yol verilmişdir və onlar elmi nəticələr əldə edə bilməmişlər”.
* * *
Sabaşkin türkologiyada “Altay qrammatikası” ətrafında gedən mübahisələrin, daha dəqiq desək, qrammatik norma pobleminin ətrafında məruzə edir. O, əvvəlcə Aşmarinin fikrinə istinad edərək Altay xalqlarının qrammatik sisteminin mövcudluğunu təsdiqləsə də, onun “ümumxalq baxımdan yararlı və universal” olmasının şübhə doğurduğunu bildirir: “Yerinə yetirilməsi mümkün olan qrammatika real danışıq dilindənmi çıxmalıdır, yoxsa qrammatik normalar elmi şəkildə kənardanmı tərtib olunmalıdır?” – Bu, əslində XIX–XX əsr dilçilik müzakirələrində ən kritik suallardan biridir.
Sabaşkin Altay qrammatikasının əsas prinsipi kimi göstərilən “feilin cümlə sonunda gəlməsi” qaydasını mexaniki və ifrat şəkildə tətbiq edən metodologiyanı tənqid edir. Onun fikrincə, sintaktik qaydanın bu qədər sərt və zəruri şəkildə tətbiqi təbii danışığa ziddir. Dilin öz daxili ritmi, semantik vurğusu, məna axını var – əgər feil süni şəkildə 20–30 söz sonrasında gəlirsə, cümlənin strukturu dağılır, mənanın lokal mərkəzləri dəyişir və nəticədə, “linqvistik məna itir”. Bu etiraz yalnız sintaksis məsələsi deyil, dilin məntiqi ilə təbii şifahi axın arasındakı ziddiyyətə işarədir.
Daha sonra Sabaşkin “yeni cərəyan” adlandırdığı yanaşmanı müdafiə edir: qrammatika preskriptiv deyil, deskriptiv olmalıdır, yəni dilin canlı istifadəsini əks etdirməli, danışanın təbii intonasiyasına, vurğu dinamikasına mane olmamalıdır. O qeyd edir ki, müəllif feili tamamlıqdan əvvəl işlətmək istəyirsə, qrammatika buna mane olmamalıdır. Bu, türkologiyada çox erkən dövrdə “sərt qayda – real dil istifadəsi” paradoksunun açıq şəkildə dilə gətirilməsidir.
Sabaşkin məruzəsində Radlov və İlyinskinin Altay qrammatikasını necə tərtib etdiklərinə də münasibət bildirir. Bu prosesin elmi baxımdan məhdudiyyətlərini izah edir: “Onlar ruhaniləri dinləyərək, yəni dini mətn daşıyıcılarını əsas mənbə kimi götürərək qrammatika yazıblar. Nəticə etibarilə, iki mühüm problem ortaya çıxır:
1. Ruhanilərin dili ümumxalq dili deyil. Onların nitqi ritual, dini və arxaik mətn ənənəsinə bağlıdır. Belə bir mənbədən alınan sintaksis xalq danışığını təmsil etmir.
2. Tədqiqatçıların dili bilmədən yalnız dinləmə və məntiqi təhlil yolu ilə qrammatika tərtib etmək cəhdləri yanlış nəticələrin mümkünlüyünü qaçılmaz edir: Radlov və İlyinski incəliklərə bələd olmadıqları üçün elmi nəticələr çıxarmaqda çətinlik çəkiblər. Bu, həm də o dövrün türkologiyasının elmi metod problemini göstərir: böyük adların belə işləri çox zaman qeyri-sabit empirik bazaya söykənirdi.
Məruzənin alt qatında belə bir qənaət aydın şəkildə görünür: Altay qrammatikasının “universallığı” iddiası elmi deyil, konstruktiv layihədir və real dil faktları ilə sərhədi tez-tez aşır. Sabaşkin həm sintaktik prinsipin həddindən artıq idealizə edilməsini, həm də qrammatika tərtibi prosesinin empirik zəifliyini göstərərək türkologiyanın bu sahədə daha ciddi, daha geniş materiala əsaslanan təkmilləşməyə ehtiyacı olduğunu vurğulayır.
Malov “Qədim türk dillərinin öyrənilməsi” mövzusunda etdiyi məruzədə İran əsilli soqdilərin türklərə təsirindən, təkcə uyğur əlifbası deyil, runik yazılarının da e. I əsrinə aid edilən qədim soqdi əlifbasına əsaslandığı barədə məlumat verir. O qeyd edir ki, runik yazıları ilə yazılmış abidələr I Pyotrdan əvvəlki dövrdə Yenisey çayı hövzəsindən bizə məlumdur. 1889-cu ildə bu abidələrə Kül-Tigin abidəsi də əlavə olundu. 1893-cü ilədək bu abidələr haqqında səthi məlumat vardı, biz bu abidələrin kimə məxsus olduğunu, hansı dildə yazıldığını və məzmunu bilmirdik. Yalnız 1893-cü ildə Tomsenin kəşfi sayəsində bu abidələrin türklərə aidliyi və mətnlərinin oxunaqlılığı məlum oldu.
Orxon daş abidələri həcminə görə nəhəngdir və üzərində 5000-ə qədər runik işarə var. Yazılı türk abidələrindən başqa Çin Türküstanında arxeoloji qazıntılar zamanı 102 səhifədən ibarət kağız abidə tapılmışdır. Düzdür, Yenisey abidələri, qədim qırğızların dili indiyədək özündə bir çox aşkar edilməmiş, müəmmalı məqamları saxlayır; bu, yazının tam formalaşmaması ilə izah oluna bilər. Bu abidələr Orxon-Selenq abidələrindən 2-3 əsr əvvələ aid edilir. Runik yazı sistemi ilə yanaşı, türklər arasında digər yazı sistemi – uyğur yazısı da mövcud olmuşdur. Uyğur yazılı abidələri sayca runik yazılı abidələrindən olduqca çoxdur; buddizm mədəniyyəti, xristian, manixey yazılı abidələri var, lakin bunlardan da əvvəl uyğur-müsəlman yazısı olmuşdur. Ən geniş yayılmış yazılı abidə “Altun yaruk” və “Abidarma kuş” adlı əlyazmanı Şteyn gətirmişdir, əlyazma Ross tərəfindən araşdırılır. Mövcud olan digər mətn yazılarının adlarını sadalamağa ehtiyac yoxdur.
Malov qeyd edir ki, uyğur abidələri müxtəlif əsrlərə və mədəniyyətlərə – son abidələr XVIII əsrə (1702), ən qədim abidələr VII – VIII – IX əsrlərə aiddir. Bu abidələr Çin Türküstanının müxtəlif bölgələrində, Bağdadda, Heratda, Kaşğarda tapılmışdır. Bütün bunlar uyğur dilinin öyrənilməsinin çətinliyinə işarə edir. Malovun qənaətinə görə, uyğur yazılı ədəbi dili VIII və X əsrlər arasında formalaşmış və 1702-ci ilə qədər süni şəkildə qorunub saxlanılmışdır. Bu, əsasən, tərcümə dili idi. Сanlı, həqiqi uyğur dilini təsəvvür etmək çətindir.
Müasir uyğur dili – sarı uyğurların dili də, şübhəsiz ki, çox qədimdir, lakin yazılı ədəbi uyğur dili ilə üst-üstə düşmür. Samoyloviçin təsnifatı ilə tanış olanlar üçün bir nümunə göstərək: bu, “z” dialekt qrupuna, ədəbi uyğur dili “d” (adak) dialekt qrupuna aiddir. Odur ki, dil məsələsi burada Çin, Tibet, Hind və digər dillərdən tərcümə, kitab və sünilik ilə mürəkkəbləşir.
Malov deyir: “Mən müsəlman xarakterli uyğur yazısını ayrı qeyd edirəm. Burada iştirak edənlərin çoxuna “Kutadqu bilik” əsəri yaxşı məlumdur. Bu kitabın 3 əlyazması var: biri Vyanada Saray kitabxanasında, ikincisi Qahirədə, üçüncüsü isə Fərqanədə tapılmışdır. Digər mühüm kitab Mahmud Kaşğarinin tez-tez adını çəkdiyimiz “Divanü lügat-it-türk” əsəridir. Bu kitabın nəşri üçün İstanbul türkoloqlarına minnətdar olmalıyıq.
O, tarixi uyğur və Orxon dilləri ilə yanaşı, müxtəlif dövrlərə və türk tayfalarına aid başqa abidələrin də mövcud olduğu barədə məlumat verir. Məsələn, müasir xristian-türk əhalisinin, hazırda poloves (kuman) dili. Osmanlı və Səlcuq dillərinə də maraq artmaqdadır. Yaxın zamanlarda “Səlcuq şeirləri” adlanan yeni mətnlər də ortaya çıxmışdır.
* * *
Malov qədim türk dillərinin araşdırılmasında yazı sistemlərinin mənşəyinə və coğrafiyasına xüsusi önəm verir. Məruzəsinin əsas xətti budur: türk dillərinin tarixi yalnız Orxon abidələri ilə məhdudlaşmır; çoxqatlı və müxtəlif mənbəli yazı ənənəsi mövcuddur. Məruzənin bu müstəvidə təhlili Malovu qurultayda “tarixi-linqvistik arxeologiya” yönümlü spikerə çevirmişdir.
Malovun ən mühüm tezislərindən biri runik yazıların və uyğur əlifbasının kökündə İran mənşəli soqdi əlifbasının dayanmasıdır. Bu, türkologiya üçün iki cəhətdən əhəmiyyətlidir: türklərin yazı ənənəsinin tam “autoxthon” olmadığına işarə edir və qədim türk mədəniyyətinin İran – Soqd mədəni arealı ilə güclü təmasda olduğunu göstərir. Bu fikir qurultayda “yazı sistemlərinin xarici təsirlər altında formalaşması” mövzusunu açan ən açıq tezislərdən biri idi. Malov runik abidələrin tarixinin xronoloji ardıcıllığını şərh edir:
1. Yenisey abidələri (I Pyotrdan əvvəlki dövr).
2. Kül-Tigin abidəsinin aşkar edilməsi.
3. Tomsenin kəşfi (1893) – türk runik yazısının oxunması.
Malov tarixiliklə elmi kəşf arasındakı fərqi vurğulayır: “Tomsen onları oxuyana qədər abidələr var idi, amma dil olaraq mövcud deyildi”. O bu kəşfi türkologiya sahəsində dönüş nöqtəsi kimi təqdim edir. Uyğur yazılarına zənginlik və müxtəliflik prizmasından yanaşır: “Uyğur abidələri buddist, manixey, xristian, müsəlman təmayüllü mətnləri ehtiva edir. Coğrafiyası isə genişdir: Kaşğar, Turfan, Herat, Bağdad və s. Uyğur yazısı runikdən, bu isə uyğur dilinin tədqiqini həm zəngin, həm də qarışıq edir”. Malovun qənaətinə görə, uyğur ədəbi dili süni, tərcüməyönümlü, müxtəlif dillərin təsiri altında formalaşmış bir dildir. Bu səbəblə real, “canlı” uyğur dilini təsəvvür etmək çətindir; qədim uyğur ədəbi dili ilə müasir sarı uyğur dili isə eyni deyil; Samoyloviçin təsnifatında dialekt fərqi bunu sübut edir. Uyğur dili tədqiqatı burada həm dil, həm də mədəniyyət tarixi problemi kimi ortaya çıxır.
Malovun xüsusi vurğuladığı iki abidə: “Kutadqu bilik” (Vyana, Qahirə, Fərqanə əlyazmaları) və “Divanü lügat-it-türk” (burada İstanbul alimlərinin nəşr xidməti xüsusi qeyd olunmalıdır – N.M.).
Malov ərəbdilli və müsəlman uyğur mətnlərini digər uyğur yazı ənənələrindən ayırır. Bu fərqləndirmə, əslində, onun “uyğur yazı ənənəsinin monolit deyil, çoxqatlı sistem olduğu” fikrini bir daha təsdiqləyir. Malov qəti şəkildə diqqəti Orxon–Uyğur ikiliyindən ayırır və göstərir ki, türk dillərinin yazılı tarixi çoxmədəniyyətli, çoxetnoslu və mərhələli sistemdir. Bu sıraya xristian türklərinin mətnləri, poloves (kuman) dili, səlcuq şeirləri, başqa lokal epiqrafik nümunələr daxildir.
O, xüsusilə vurğulayır ki, qədim türk dillərini öyrənmək çətindir, çünki yazılı ənənə monolit deyil – çoxqatlı, çoxmədəniyyətli və çoxdilli sistemdir. Bu çətinliklərin səbəbi yazı sistemlərinin müxtəlif mənşəyi (soqdi, runik, uyğur–İran tipli), abidələrin geniş coğrafiyaya səpələnməsi, dilin müxtəlif məzhəblər və mədəniyyətlər tərəfindən dəyişdirilməsi, dialekt və ədəbi dil fərqlərinin böyük olması, ədəbi dilin çox zaman süni, tərcümə xarakterli olmasıdır.
Bu geniş perspektiv Malovun türkologiyada “etnoqrafik plüralizm” xəttini təmsil etdiyini göstərir.
Samoyloviç “Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın perspektivləri” mövzusunda məruzəsində I Türkoloji Qurultayın türkologiya elminin tarixində yeni dövrün başlanğıcına təsadüf etdiyini xüsusilə vurğulayır: “Türk xalqlarının elmi baxımdan planlı və sistemli şəkildə öyrənilməsi ayrı-ayrı tədqiqatçının işi deyil; illər öncə toplanmış zəngin materialların öyrənilməsi kollektiv əmək tələb edən işin ilk mərhələsidir. Bu işin ikinci fərqli, bəlkə də daha mühüm xüsusiyyəti yeni, daha potensiallı, fəal işçi qüvvələrinin cəlb olunmasıdır”.
Samoyloviç canlı türk dillərinin öyrənilməsi istiqamətində görülən işlər haqqında xəritəyə əsasən dolğun izah verir: “Xəritənin şimal-şərq hissəsində qəhvəyi rəng ilə qeyd olunmuş ərazi yakutların məskunlaşdığı – mərkəzdən uzaq Yakut Muxtar Respublikasıdır. Buna baxmayaraq, yakut dili elmi cəhətdən xeyli öyrənilmiş, lüğətlər hazırlanıb çap olunmuşdur. Türk dillərinə dair yazılmış ən mükəmməl iş akademik Betlinqə məxsusdur (“Yakut qrammatikası”). Onu da qeyd edim ki, yakut xalqı arasından da öz dil və ədəbiyyatını öyrənənlər olub, indi də var. Bunların əsasında yakut dili ilə əlaqədar görülən işləri daha da təkminləşdirmək üçün Yakutiya ərazisi üzrə ayrı-ayrı xalqların ləhcə xüsusiyyətlərinin öyrənilmə istiqamətinə diqqət edin. Asiyadan Avropaya doğru, Yenisey çayı hövzəsində saqay, kaçin, abakan türklərindən təşkil olunmuş kiçik xalqlar, daha Cənub-şərq istiqamətində, Sayat silsiləsindən cənubda Uryanxay ərazisində məskunlaşmışlar. Soyot, abakan türkləri haqqında kifayət qədər yazılı abidələr var. Qaraqaslar Yer kürəsində türk xalqları arasında mövcud olan (400 nəfər) ən xırda xalqdır. Təəssüf ki, onlar da tədqiqatçıların nəzərindən qaçıb. Lakin Katanov bu xalq haqqında material toplamış, həmçinin Rodlovun redaktəsi ilə nəşr olunmuş “Türk tayfalarının xalq ədəbiyyatı nümunələri”nin 9-cu cildində də qeyd olunmuşdur.
O, xəritə üzrə irəlilədikcə, digər türk xalqları, məsələn, Çin ərazisində yaşayan sarı uyğurların adını qeyd edərək, bu sahə üzrə Malovun tədqiqat işini xüsusi vurğulamışdır: “Malov Sibirdə, Altayda olmuş, orada yaşayan tayfalar ilə tanış olmuşdur. Türkologiya elminin inkişafında əhəmiyyətli xidmətləri olmuş akademik Rodlovun tədqiq etdiyi bu tayfalar – barabinlər, tobollar (Tobol tatarları), qazaxlar barədə məlumatlar mövcuddur.
Samoyloviç daha sonra qeyd edir: “Macar səyyahı Asiyada olarkən qırğız dilinə dair materiallar əldə etmişdir. Hazırda qırğızlar arasında da öz doğma dillərini öyrənən gənc kadrlar ayırmışlar. Qırğızların “Manas” eposu təkcə türkoloqların deyil, digər elm sahəsində çalışan mütəxəssislərin də diqqətini çəkmişdir. Bir qədər irəlidə Özbəkistana keçincə, Orta Asiyada özbək dilinin geniş yayıldığını görürük, lakin yayıldığı kimi geniş öyrənilməmişdir”.
O, nəzərə çatdırır ki, XVI əsrin əvvəlində Türküstanın əhalinin sıx olduğu ərazisində məskunlaşan özbəklər burada bir qismi irandilli, digər hissəsi türkdilli olan yerli əhali ilə qarşılaşmışdı. Əhalinin sıx yerləşdiyi bu əraziyə düşən özbəklər bir qədər ətraf ərazilərdə – Buxara xanlığı və Türküstanın digər bölgələrində məskunlaşmağa məcbur oldular.
Samoyloviç xəritə üzrə məruzəsinə davam edərək özbəklərdən sonra Çin Türküstanının ərazisinə – Kuzn-Lune ilə Tyan-Şan arasına, bir qədər də şimala doğru istiqamət götürür. “Bu ərazidə türkdilli xalq məskunlaşmışdır. Yüzilliklər boyu türk elementləri Çin Türküstanında dəyişikliyə az məruz qalmamışdır. Çin Türküstanındakı müasir ləhcələr qədim dildən çox fərqlənir – bütün bunlar bizə uyğur yazılarından məlumdur. Həmçinin Xarəzm ərazisindəki özbək ləhcələrinin Buxara özbəklərinin ləhcələrindən fərqləndiyi kimi. Samoyloviç Orta Asiyada Amur-Dərya sahillərində məskunlaşan ayrı-ayrı tayfa birliklərindən ibarət türkmənlərin yaşadığı sərhədboyu ərazi üzrə məruzəsinə davam edir: “Türkmən ləhcələri, həqiqətən, az tədqiq olunub; mövcud əlyazmaların cüzi hissəsi çap olunmuş ədəbiyyatda öz əksini tapır ki, bu da həmin ləhcələrin Kit ləhcələri ilə yaxınlığını aşkarlayır.
Türkmən ləhcələri bizi bir tərəfdən şimali Əfqanıstana, digər tərəfdən İran ərazisinə, Xəzər sahillərinə aparır. Lakin mən hələ bu ərazilərə keçmirəm. Orta Asiyadan Ural yolu ilə Şərqi Avropaya keçdikdə tədqiqatçıların diqqətini çəkən başqırd xalqı yaşayır. Şərqi Avropa hüdudlarında, Kazan tatarlarının, həmçinin mişarların məskunlaşdığı Volqaboyu tədqiqat üçün kifayət qədər əlçatan ərazilər, təəssüf ki, arzuolunan səviyyədə öyrənilməyib. Bu ərazidə yaşayan çuvaşların dilinin qrammatikasını Aşmarin yazmış, külli miqdarda material toplamış, lakin lüğət tərtib edilməmişdir, indiyə kimi əlyazma şəklində qalmaqdadır.
Volqaboyu aşağı irəlilədikcə, Astarxan ərazisinə keçdikdə bir tərəfdə qazax xalqının qərb qolunu, digər tərəfdən vaxtilə Xəzər dənizindən şimala doğru uzanan geniş düzənliyi və Şimali Qafqazdan, Krımdan Dunaya doğru ərazidə məskunlaşmış noqayların qalıqlarını görürük. Noğay dili qazax dili ilə çox yaxındır. Bu, xüsusilə Astarxan ərazisindəki noqaylara aiddir. Şimali Qafqazda Qaraçay və Balkar türkləri yaşayır”.
Samoyloviç daha sonra Avropadan Asiyaya giriş qapısı olan Azərbaycana keçid alaraq qeyd edir ki, burada azərbaycanlılar – Zaqafqaziya türkləri, İran türkləri, eləcə də Xorasanda seyrək şəkildə yaşayan türklər var.
O, məruzəsinin sonunda bildirir ki, türk xalqların nümayəndələrinin bu məsələyə göstərdiyi marağı nəzərə alaraq, ilk növbədə, hər respublikada yerli dialektlərin öyrənilməsi üçün elmi mərkəzlərin yaradılması vacibdir. Xüsusilə, türk tayfalarının yaşadıqları ərazilərdə hər ləhcə ayrı-ayrılıqda deyil, qonşu dillərlə qarşılıqlı təsiri nəzərə alınmaqla tədqiq edilməlidir.
(ardı var)
Nadir MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor

