Bu gün Azərbaycan Respublikası Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri seçilib, İdarə Heyətinin sədri və müavinləri müəyyənləşib. QHT Agentliyinin Müşahidə Şurasının yeni tərkibdə keçirilən ilk iclasında Müşahidə Şurasının üzvü Rizvan Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Fərmanına əsasən, Şuranın 4 üzvü vətəndaş cəmiyyəti institutlarının, digər 3 üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin edilir. Şuranın sədri Şura üzvü olan vətəndaş cəmiyyəti institutlarının nümayəndələri sırasından 4 il müddətinə seçilir. O, Fərmandan irəli gələrək, Müşahidə Şurasının sədrinin seçilməsini təklif edib.
Beləliklə, Müşahidə Şurasının üzvləri “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri, tarix elmləri doktoru, professor Fuad Məmmədovu Müşahidə Şurasına sədr seçib.
Fuad Məmmədov etimada görə Şura üzvlərinə minnətdarlığını çatdırıb, Şura üzvləri adından QHT-lərə göstərilən diqqət və qayğıya, bu sahədə aparılan genişmiqyaslı islahatlara görə Prezident İlham Əliyevə təşəkkür edib. Bundan əlavə, Agentliyin “İcraçı direktoru” vəzifəsi ləğv edildiyi üçün Aygün Əliyeva Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, Emil Çaparlı və Elnur Bağırlını isə İdarə Heyəti sədrinin müavinləri təyin edib.
Müşahidə Şurası müvafiq Fərmana uyğun olaraq, İdarə Heyətinə bir sıra tapşırıqlar verib. Bundan başqa, Agentliyinin 2026-cı il üzrə Fəaliyyət Planındakı prioritetlər müzakirə edilib. QHT Agentliyinin Naxçıvan MR-da filialının yaradılması təklif olunub.
XQ


