Oğuz yurdunun çağdaş qəhrəmanı

post-img

Onlar 7 noyabrda qayalıqlara dırmaşaraq yüngül silah-sursatla Şuşaya daxil oldular. Tezliklə erməni qoşunlarını şəhərdən qovdular və 8 noyabrda Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin Şuşanı işğaldan azad etməsinin müjdəsini dünyaya yaydı.

Hamımız sevinclə “Gözün aydın, Azərbaycan!” dedik, eyni zamanda, Şuşa şəhidlərinin ruhuna dualar oxuduq. Onlardan biri də Dövlət Sərhəd Xidmətinin (DSX) kiçik giziri Nail İbrahimli idi. Şuşaya zəfərlə qalxmaq arzusuna nail olan igid Nailin ruhu həmin gün əbədilik göylərə uçdu.

Nail 1994-cü ildə qəhrəman türk boylarından olan oğuzları öz adında yaşadan rayonun Xaçmaz kəndində anadan olub. Qazan xandan, Uruzdan üzübelə igidləri ilə tanınan bu qövm “Kitabi–Dədə Qorqud” dastanlarından başlayaraq, əsrlərcə öyülüb və yeni nəsilləri də hünər, şərəf, şan ənənəsinə sadiq qalıblar. Elə Birinci Qarabağ müharibəsində Tofiq Oğuz “Azərbaycan Qarabağı” batalyonunu yaradaraq işğalçılara qarşı vuruşub və 1992-ci il mayın 8-də həlak olub. Xaçmaz kəndindən olan Koroğlu Rəhimov isə həmin il iyulun 3-də Ağdərədə şəhadətə qovuşandan sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Nail İbrahimli Tofiqlə Koroğlunun ölümündən 2 il sonra dünyaya gəlsə də, ağlı kəsəndən hər birinin igidliyi haqqında söylənən hekayətlərdən ruhlanıb və onlara bənzəməyi arzulayıb. Tale elə gətirib ki, o da Tofiq Oğuz kimi Qarabağda təmsil etdiyi rayonun adını ucaldıb, Koroğlu Rəhimov kimi şan-şöhrət qazanıb və Vətən Müharibəsi Qəhrəmanı kimi şərəfləndirilib.

Savaş günlərinin qəhrəmanı güclü güləşçi kimi də tanınıb. Yarışlarda qələbələr qazanaraq, bir neçə medal və diplom alıb. 2012-2013-cü illərdə müddətli hərbi xidmətdə olub, 2019-cu ildən etibarən isə DSX tərkibində müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə başlayıb. 3 ay Xudat şəhərindəki “N” saylı hərbi hissədə kurs keçdikdən sonra elə orada hərbi vəzifəsinə davam edib. Daha sonra öz istəyi ilə Qazax rayonuna köçürülüb. Üzvü olduğu kəşfiyyat qrupunun təlimlərində fərqlənən böyük hünərli kiçik gizir çox keçmədən xüsusi təyinatlılar bölüyünə qəbul olunub.

Şanlı 44 günlük Vətən müharibəsi zamanı kəşfiyyatçı Nail İbrahimli Füzuli, Xocavənd, Hadrut, Qubadlı, Zəngilan istiqamətində aparılan əməliyyatlarda cəsurluq və şücaət göstərib. Cəbrayılda Xudafərin körpüsünə, Zəngilan və Qubadlı şəhərlərinə, Ağbənd qəsəbəsinə ilk girənlərdən olub.

Nailin döyüşdə istifadə etdiyi silahlar “Hücum” və “PK” pulemyotları idi. Kəşfiyyat tapşırıqlarını yerinə yetirəndən sonra məhz bu silahlarla düşmənin başına od yağdırır, kimsəni hədəfdən yayınmağa qoymurdu. Şərti adı “Nöqtə” olan əməliyyatı buna olan çoxsaylı misallardan biridir. Onun qoşulduğu növbəti və son əməliyyat Şuşanın mərkəzində olur. Sağ və sol istiqamətdən edilən əks-hücumda, tapşırıqda deyildiyi kimi, öndə əməliyyat aparan və əmrin mühüm hissəsini icra edən Nail İbrahimli orada gərgin döyüşlər zamanı yaralanan xidmət yoldaşını xilas edərkən düşmən gülləsinə tuş gəlir və əbədiyyətə qovuşur.

Onun anası Aqibət xanım 26 yaşında həyata əlvida demiş oğlunun aqibətindən heç də gileyli deyil. Bütün rayonda qüruru, mərdanəliyi ilə seçilən Aqibət xanım oğlu ilə bağlı suallara həmişə təmkinlə cavab verir, xoş xatirələrə dalır. “Nail uşaqlıqdan çox qoçaq və cəsur idi, qorxu bilməzdi. Eyni zamanda, çox zarafatcıl, səmimi, mehriban, mərd uşaq olub, sözünü deməkdən çəkinmirdi... Nail Şuşada qayalara dırmaşıb düşmənlə əlbəyaxa döyüşən oğullardan biri olub... İndi ondan yadigar qalan üçrəngli bayrağımıza, bir də xatirələrə, şəkillərə sığınıb yaşayır, oğlumu yaşadıram”.

Oğuz şəhər 3 nömrəli məktəb-liseyə Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin adı verilib. Oğuz rayonunun Xaçmaz kəndindəki küçələrdən biri də onun adını daşıyır.

Əli NƏCƏFXANLI
XQ

 

Sosial həyat