Cavanşir, Babək, Beyrək, Elxan... kimi oğulların hünəri Qarabağ dastanının səhifələridir
Dədə Qorqud öygülərindən üzübəri oğul övladlarına mərdlik, rəşadət rəmzi olan adlar qoymaq xalqımızın yaşatdığı gözəl ənənələrdəndir. Bu adlar körpələrə sanki bir avans olaraq verilir ki, böyüyüncə layiqli igidlər kimi tanınmağı özlərinə borc bilsinlər.
Onlar da Vətən uğrunda canından, qanından keçən 3 minlik “şəhidlər ordusu”nun mərdanə əsgərləri omaqla, dünyaya göz açanda valideynlərinin qoyduğu adı yüzə-yüz doğruldublar. Tarixi “Zəfər yürüşü”müzün 5 illiyi ərəfəsində bütün şəhidlərimizə Allahdan rəhmət diləməklə, həm də şəxsiyyət vəsiqələrindəki adları ilə silahlanaraq döyüşlərə atılan qəhrəman hərbçilərimizi ehtiramla yad edirik.
Müdafiə Nazirliyinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların əlifba sırası ilə hazırlanmış siyahısında adı 1-ci yazılan şəhid əsgər Nail Abakarov döyüşlərdə də düşmən üstünə öndə gedərək, Böyük Zəfərə çatmaq arzusuna nail olub. Laçın və Suqovuşanda şəxsi şücaət göstərib.
Əsgər Aslan Abbasov cəmi 2 həftə döyüşlərdə olsa da, əsl aslan kimi vuruşub. Oktyabrın 10-da Suqovuşanda əbədiyyətə qovuşub. Şəhid Şirəli Adilov da onun kimi. MAHHXHQ əsgəri Elcan Abbasov mərdanə ölümü ilə elcanlı ərən olduğunu sübut edib. Onun Elşən, Elxan, Elvin, Elgün, Eltac, Elnur, yəni “elə bağlı”, “xalqını sevən”, “doğma elə, yurda sadiq” mənaları daşıyan taledaşlarını da sevgilərlə yada salırıq.
Baş gizir İntiqam Abbasov adını son nəticədə torpaqlarımızı işğal edən nankor qonşularımızdan qisas alanların sırasına inamla yazdırıb. O həm məlum Aprel döyüşlərində iştirakı, həm də Vətən müharibəsinin 3-cü günü Füzulidə şanlı ölümü ilə daşıdığı adı doğruldub. Onunla bərabər, çavuş İntiqam Ağayevi də ehtiramla xatırlayırıq.
Adı “çarə tapmaq”, “qurtuluş”, “xilas” mənalarını ifadə edən Nicat Abdullayev isə Füzulidə torpaqlarımıza nicat bəxş edərək həlak olub. Rəşad və Rəşid Abdullayevlər, Rəşad Ağayev və Rəşad Aslanov eyni amalla rəşadət göstəriblər. Baş leytenant Babək Allahverdiyev, eləcə də gizirlər Babək Abışov və Babək Aslanov isə öz hünərləri ilə ölməz xalq qəhrəmanımız - Xürrəmilər hərəkatının başçısı Babəkin ruhunu şad ediblər. Cavanşir və Cavidan Ağayevlər, Beyrək Aydəmirov da adlarını həmin missiya ilə doğruldublar.
Qüdrət Adişov və Müzəffər Ağalıyev isə “Dəmir yumruq”da birləşərək, döyüş şücaəti ilə qüdrətli və müzəffər ordumuzu layiqincə təmsil ediblər. İldırım Ağayev kiçik çavuş idi, amma noyabrın 7-də Şuşaya hücum zamanı böyük rəşadət göstərib, düşmənin başında şimşək kimi çaxıb. Baş gizir Şahin Allahyarov, gizir Laçın Alıyev, əsgərlər Tərlan Atakişiyev və Şahin Ağayev isə Qarabağ səmasında inamla qanad çalıb və son dəfə qıy vuraraq əbədiyyət zirvəsinə ucalıblar.
Digər bir şəhidimizin adı Atəş olub. Füzulidə şəhadət qazanan Atəş Aslanov sərrast atəşləri ilə düşmənlərin həyatını aslan kimi parçalayıb.
Şanlı “Zəfər yürüşü”ndə kiçik çavuş Mətləb Zamanov Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə sığındığı səngərlərdən yağıların başına od yağdıraraq, mətləbinə yetib və qısa ömür əmanətini əbədiyyətə qovuşdurub. 44 günlük tarixi qisas yürüşü Rəşad, Elşad və Azad Zeynallılar üçün də adlarını doğrultmaq üçün əsl fürsət olub. Sadiq Zeynalov isə hərbi andına adına tam uyğun sadiqlik nümayiş etdirib və Qubadlının uğrunda qanlı savaşda igidliklə həlak olub.
...Biz bu anım qeydlərimizdə yalnız soyadları əlifbanın ilk - “A” və son - “Z” hərfləri ilə başlayan, özü də adına layiq yaşamış Vətən müharibəsi şəhidlərimizi sadaladıq. Onların qarşısında möhtəşəm “Zəfər uvertürası”nın yığcam etüdləri ilə baş əydik. Amma “A”dan “Z”yə qədər yüzlərlə digər ölməz şəhidimizin də xatirəsini eyni minnətdarlıqla anır və deyirik: “Bizdən ayrı düşənlərə borcumuzdur bu ehtiram!”.
Əli NƏCƏFXANLI
XQ