Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatı və “EMEDIA GROUP” Media Təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə və anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Gələcəyin səmasında Azərbaycan imzası” tədbiri keçirilib. Tədbirdə Azərbaycan Texniki Universitetinin tələbələri tərəfindən hazırlanmış “M.AERO H10” adlı innovativ dron layihəsinin təqdimatı olub.
Dronun əsas texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, tam avtoritar rejimdə fəaliyyət göstərə bilən dron kəşfiyyat təyinatlı kamera sistemi, kamikadze funksiyası, yüksək manevr qabiliyyəti və amortizatorlu təkərlərə malikdir. Dronun bütün proqram təminatı - süni intellektdən idarəetməyə qədər – tələbələrin öz intellekt məhsuludur.
Qeyd olunub ki, layihə Ulu öndərin gənclərə olan diqqət və qayğısının, onun uzaqgörən siyasətinin bariz nəticəsidir. “H10” adının “Heydər Əliyev 10” kimi seçilməsi də təsadüfi deyil – bu, tələbələrin Ulu öndərə olan dərin sevgi və ehtiramının rəmzidir.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev keçirilən tədbiri gənclərə olan inam və etimadın təzahürü adlandırıb. “EMEDIA GROUP” Media Təşkilatının sədri Elşən Əliyev qeyd edib ki, tədbirin əsas məqsədi ulu öndər Heydər Əliyevin gənclərə aşıladığı dövlətçilik ideyalarının və texnoloji inkişafa yönəlmiş siyasətinin real nəticələrini nümayiş etdirməkdir.
Sonra layihədə əməyi keçən komanda üzvləri səhnəyə dəvət olunaraq ictimaiyyətə təqdim ediliblər: Layihə rəhbəri Rəşvin Şirəlizadə, mühəndis Anar Məmmədov, mexanik Adil Orucov, elektrik və elektronika mütəxəssisi İsmayıl Rəhimli, proqramçı Elmir Nəbiyev.
Bildirilib ki, müasir texnologiyaların tətbiqinin gətirdiyi üstünlükləri nəzərə alaraq iki ay əvvəl layihənin icrasına başlanılıb. Hazırladıqları dron haqqında danışan gənclər qeyd ediblər ki, kameraya xüsusi yazılmış proqramlar sayəsində çəkilişlər daha dəqiq və funksional şəkildə həyata keçirilir. Havadakı sabitliyi və uçuş dəqiqliyi özəl alqoritmlərlə tənzimlənir. Hərəkətləri zərif, amma qətiyyətlidir.
Sonda komanda üzvləri Fəxri fərmanlarla təltif olunublar.
XQ