Xalqımızın Şuşa dərdi və Şuşa dərsi

post-img

28 il 6 aylıq itki tarixə gömüldü, Qayıdış isə əbədidir

Haradan başlamışdı Şuşanın şanlı tarixinə qara hərflərlə yazılacaq, bizi illər boyu mədəniyyət beşiyimizə, qeyrət qalamıza həsrət qoyacaq o acı tarixə – 1992-ci ilin 8 mayına aparan yollar? Günahkar təkcə türk qanına susamış, minillərdən bəri yaşadığımız ata-baba yurdlarımıza, bizim olan, halalımız olan torpaqlarımıza göz dikmiş mənfur ermənilər idimi?

Bu millət çörəyimizi yeyib, üzümüzə ağ olan nankor erməni işğalçılarına Şuşanı təslim etməmişdi. Ədalətdən, insan haqlarından, demokratiyadan dəm vurub Qarabağda yanan evlərimizin, məscidlərimizin alovuna, qəbiristanlıqlarımızın, tarixi irsimizin dağıdılmasına, Yer üzündən silinməsinə, Xocalıda yaşanan vəhşətlərə, Şuşanın murdar tapdaqlar altında inildəməsinə göz yuman dünya “ağa”larının, nəhayət, “sapı özümüzdən olan baltaların” düşmənçiliyi, laqeydliyi, satqınlığı xalqımıza 28 il Şuşa həsrəti yaşatdı.

Lakin Şuşa acımız notlara çevrilib mahnı-mahnı sızıldadı. Şuşa yuxularımızda yaşadı, Zəlimxan Yaqub misraları ilə qurumayan göz yaşlarımıza çevrildi:

Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı...

Biz uşaqlı-böyüklü, cavanlı-ağsaqqallı – hamımız bir nəfər kimi Şuşasız ötən illər yaramıza köz basıb, qisas hissilə, ümidlə yaşadıq. Bir an da olsa Şuşaya, işğal altında yolumuzu gözləyən bütün torpaqlarımıza qovuşacağımız günə inamımız azalmadı. İnandıq ki, yuxularımızda göz yaşı tökən Cabbarın, Xanın ruhlarının sevinəcəyi, xarıbülbülün yaxalarımıza taxılacağı an gələcək. İnandıq ki, Şuşa həsrətimizə son qoyacağımız gün bütün dünya heyrət içində bizi izləyəcək.

Bu xalq məqamı çatanda “dəmir yumruğ” a çevrilməyə, haqq yolunda qarşısına çıxanın başını əzməyə qadirdir! Çünki bizim ümidlərimizi gerçəkləşdirən müdrik Prezidentimiz, müzəffər Sərkərdəmiz var. Çünki ölkə başçısı bir gün Şuşada Novruz tonqalı yandıracağımızı inamla demişdi və həmişə olduğu kimi, dediyini etdi, sözünü tutdu:

“Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

...2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri ürəyi vətən eşqi ilə yanan, torpaqlarımızın azadlığı uğrunda can verməyə hazır olan, Şuşa həsrətindən qəlbi qubar bağlamış milyonların sevinc göz yaşlarına çevrildi. Qələbəyə təşnə xalq bayrağına sarılıb küçələrə, meydanlara axışdı. Tanıdı, tanımadı hər kəs bir-birini bağrına basdı, bir-birinə gözaydınlığı verdi. Azərbaycan bir daha özü boyda, bütövləşən sərhədlərinin başı üstünə qalxan yumruğa çevrildi. Şəhid ruhları göy üzündə razılıqla gülümsədi.

Bəs bizi böyük zəfərə aparan bu yol haradan başlamışdı? İlk növbədə, ulu öndər Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” nidasından, vəsiyyətindən. Üstəlik, “Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır” – deyən dövlət başçımızın Vətən sevgisindən, qətiyyətindən, polad iradəsindən. Bu müqəddəs arzu, bu böyük sevgi, sarsılmaz iradə bizi addım-addım o böyük günə yaxınlaşdırırdı. Nəhayət, anidən sükut pozuldu!

Yer yerindən oynadı, göyün bağrı yarıldı, zirvəsində dayanıb üzünü Tanrıya tutan bozqurdun ulartısından dağlar daş yuxusundan oyandı. Ərlərimizin-ərənlərimizin hayqırtısından qorxan haylar pərən-pərən düşdü. Torpaq müqəddəsliyinə qovuşmaq, yenidən öz sahiblərinin vətəni olmaq üçün qanla yoğruldu. Qarabağımızın, Şərqi Zəngəzurumuzun səmasını türkün “əbabil quşları” bürüdü, süzüb-süzüb düşmənin başına öd ələdilər. Elin igidləri böyük Sərkərdənin əmri ilə haqq savaşına yürüdülər, “Eyyy, yurdumu yağmalamış namərd kafir, ölümlərdən ölüm bəyən, hesab çəkməyə, can almağa gəlirik!” dedilər. Yorulmadan, gecə-gündüz qarış-qarış, addım-addım qələbəyə doğru irəlilədilər. Özü də yağıya arxa çevirmədən, dəyib Vətən torpağını incidər, deyə sinəsini düşmənin gülləsinə sipər edərək, canından keçməyi, müqəddəs şəhidlik məqamına ucalmağı xoşbəxtlik, şərəf bilərək, geri qayıtmamaq üçün yarasını gizləyərək!

Böyük Sərkərdənin qətiyyətindən güc alan qəhrəmanlarımız yağı sədlərini aşıb irəlilədilər. Dəmir barmaqlı oğullar quş qonmayan sıldırımları aşıb gözəl Şuşamıza yetişdilər. Əliyalın tankın-topun üstünə yeridilər, düşməni dişləriylə-dırnaqlarıyla parçalayaraq dünyanı heyrətə salan qəhrəmanlıq dastanı, zəfər tarixi yazdılar, canlı əfsanəyə çevrildilər! Vətənin düşmən əsarətində inləyən, dağıdılmış, viran qoyulmuş qeyrət qalasını azad edib hər kəsə qələbə xoşbəxtliyini – Zəfər Gününü yaşatdılar! Vətən müharibəsi bizi sevənlərə də, sevməyənlərə də sarsılmaz birliyimizi, milli həmrəyliyimizi göstərdi. Gördülər ki, bu Vətənin övladı olan hər kəs Azərbaycanın bütövlüyü naminə birləşməyə, lazım gəldiyində canını fəda etməyə qadirdir.

1992-ci ildə ermənilər Şuşanın işğal əməliyyatını “dağlarda toy” adlandırır, havadarlarının hesabına qazandıqları asan “qələbə” ilə öyünürdülər. Lakin 28 il sonra Azərbaycan əsgəri erməni quldurlarına layiqli cavabını verdi. Prezident İlham Əliyevin dediyi kimi: “Biz onlara elə bir toy tutduq ki, bu dərsi əbədi yadda saxlayacaqlar”.

Bu gün Şuşa məşhur mahnıda deyildiyi kimi, yenidən qırmızı koftasını geyinib. Azadlığının verdiyi sevinc, doğma sakinlərinin qayıdışının bəxş etdiyi xoşbəxtliklə yeni, daha gözəl simasına qovuşur.

Bu gün daha Şuşanın dağlarının başı dumanlı deyil. Kirs, Qırxqız zirvələrdə dalğalanan bayrağımıza baxıb qürurlanır, müdrik qocalar kimi “heç nəyi unutmaq olmaz!” deyərək, uzaqlara – Qərbi Zəngəzura doğru boylanır. Bu gün azad Şuşadan yüksələn körpə gülüşləri hər kəsə bir daha xatırladır ki, biz əbədi olaraq qayıtmışıq!

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Şuşa





Sosial həyat