Posttransatlantik münasibətlər müstəvisində baxış
(III məqalə)
Avropa İttifaqı (Aİ) son illərdə dəyişən qlobal nizam, artan qeyri-müəyyənliklər və geosiyasi təzyiqlər fonunda öz gələcəyinə dair daha müstəqil və suveren yanaşma sərgiləməkdə qərarlıdır. Bu kontekstdə "strateji muxtariyyət" ideyası təkcə müdafiə deyil, həm də iqtisadi, texnoloji və diplomatik sahələrdə Aİ-nin özünü daha dayanıqlı və təsirli qlobal aktor kimi yenidən mövqeləndirməsinin ifadəsinə çevrilmişdir.
Avropa İttifaqının son illərdə daha qabarıq şəkildə vurğuladığı “strateji muxtariyyət” konsepsiyası təşkilatın qlobal arenada daha müstəqil, çevik və təsirli aktora çevrilmək istəklərinin bariz göstəricisidir. Bu ideya təkcə təhlükəsizlik və müdafiə sahəsində deyil, həm də iqtisadi, texnoloji və diplomatik sahələrdə Aİ-nin xarici təsirlərə qarşı dayanıqlığını artırmaq, daxili vahidliyi gücləndirmək və qlobal aktor kimi rolunu möhkəmlətmək niyyətini əks etdirir. Ənənəvi olaraq, ABŞ-ın təhlükəsizlik çətiri altında fəaliyyət göstərən Aİ üçün bu yanaşma geosiyasi müstəqilliyin və strateji məsuliyyətin təşəkkülü baxımından fundamental bir dönüş nöqtəsidir.
Strateji muxtariyyət ideyasının formalaşmasına və populyarlaşmasına səbəb olan bir neçə mühüm amil mövcuddur. Birincisi, ABŞ-ın qlobal liderlik modelindəki dəyişikliklər və müttəfiqləri ilə münasibətlərindəki qeyri-müəyyənliklər Avropada təhlükəsizliklə bağlı narahatlıqları artırmışdır. Xüsusilə, Donald Trampın prezidentliyi dövründə NATO-ya olan skeptik münasibət, Avropa ölkələrinin “yetərincə töhfə vermədikləri” ittihamları və ABŞ-ın birtərəfli qərarları Aİ liderləri üçün strateji suallar doğurmuşdur: Avropa ABŞ olmadan öz təhlükəsizliyini təmin edə bilərmi? Vaşinqtonun dəyişkən xarici siyasəti fonunda Avropa nə dərəcədə dayanıqlıdır?
Bu sualların fonunda Aİ-nin daxili debatlarında “strateji muxtariyyət” ideyası tədricən əsas diskurslara çevrildi. Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidməti dəfələrlə qeyd etmişdir ki, Avropa öz təhlükəsizliyinin təminatçısı olmaqla yanaşı, rəqəmsal texnologiyalar, enerji təhlükəsizliyi, tədarük zəncirləri və səhiyyə kimi sahələrdə də öz suverenliyini artırmalıdır.
Fransa prezidenti Emmanuel Makron bu diskussiyaların ön sıralarında yer alan liderlərdən biridir. Onun "Avropa ordusu" fikri yalnız hərbi potensialın artırılması ilə deyil, həm də Aİ-nin beynəlxalq məsələlərdə vahid və suveren təhlükəsizlik aktoru kimi çıxış etməsi ilə bağlıdır. Makronun bu çağırışı ABŞ-dan asılılığın tədricən azaldılması və NATO ilə paralel şəkildə fəaliyyət göstərə biləcək bir avro-sentrik təhlükəsizlik arxitekturasının qurulması ideyasına əsaslanır. O, Avropanın “geosiyasi yetkinlik” mərhələsinə keçməsi üçün təhlükəsizlikdə daha çox məsuliyyət daşımalı olduğunu dəfələrlə vurğulamışdır.
Makronun təklifi Almaniya kimi əsas Aİ üzvləri tərəfindən əvvəlcə ehtiyatla qarşılansa da, son illərdə qitə boyunca artan qeyri-müəyyənliklər – Rusiya-Ukrayna müharibəsi, Transatlantik münasibətlərdəki dalğalanmalar və enerji təhlükəsizliyi böhranları – bu yanaşmanın daha geniş mənimsənilməsinə səbəb olmuşdur. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi fonunda Aİ-nin hərbi imkanlarını gücləndirmək və Daimi Strukturlaşmış Əməkdaşlıq çərçivəsində daha konkret layihələr həyata keçirmək cəhdləri intensivləşmişdir.
Avropa İttifaqının strateji yönelimlərini dəyişdirən mühüm hadisələrdən biri də 2016-cı ildə baş vermiş Brexitdir. Böyük Britaniyanın Aİ-dən ayrılması İttifaqın güc balansında və institusional dinamikasında dərin təsir buraxdı. London Avropada həm hərbi, həm də diplomatik baxımdan ən güclü aktorlardan biri olmaqla yanaşı, Transatlantik münasibətlərin möhkəm tərəfdarı kimi çıxış edirdi. Böyük Britaniyanın ayrılması ilə Aİ-nin təhlükəsizlik və müdafiə siyasətində ABŞ və NATO ilə yaxın əməkdaşlığa yönəlmiş “atlantikist” yönümü zəifləməyə başladı. Daha çox “kontinentalist” yanaşma – yəni Avropa mərkəzli təhlükəsizlik arxitekturası düşüncəsi ön plana çıxdı.
Brexit, eyni zamanda, Aİ üçün bir oyanış çağırışı oldu. Avropa liderləri bu çıxışı təşkilatın gələcək möhkəmliyini və suverenliyini yenidən qiymətləndirmək üçün bir fürsət kimi dəyərləndirdilər. Strateji muxtariyyət konsepsiyası da bu mənada Aİ-nin postbrexit mərhələdə öz gələcəyini ABŞ-dan və keçmiş üzvlərindən asılı olmadan formalaşdırmaq niyyətinin ifadəsidir. Aİ-nin strateji muxtariyyət axtarışları yalnız təhlükəsizlik arzusundan deyil, qlobal nizamdakı transformasiyalardan doğan zərurətdən qaynaqlanır. Transatlantik münasibətlərin zəifləməsi, ABŞ-ın prioritetlərinin dəyişməsi, Rusiya ilə artan qarşıdurma, Çinlə rəqabət və pandemiya sonrası dəyişən qlobal təchizat sistemləri Aİ üçün yeni reallıqları diktə edir. Strateji muxtariyyət bu mənada Avropanın öz gələcəyini daha çox öz əlində saxlamaq və qlobal aktor kimi formalaşmaq istəklərinin siyasi və institusional ifadəsidir.
Strateji muxtariyyət Avropa İttifaqının enerji və rəqəmsal texnologiyalar kimi mühüm sahələrində də özünü göstərməyə başlamışdır. Xüsusilə son onillikdə yaşanan geosiyasi gərginliklər – Krımın ilhaqı, Rusiya-Ukrayna müharibəsi və enerji bazarındakı qeyri-sabitlik – Aİ-nin enerji sahəsindəki asılılıqlarını gün üzünə çıxarmış və bu asılılıqların doğurduğu riskləri daha da kəskinləşdirmişdir.
Rusiya qazına yüksək səviyyədə etibar edilməsi enerji təhlükəsizliyini yalnız iqtisadi məsələ deyil, eyni zamanda, siyasi və strateji məsələ kimi gündəmə gətirdi. Bu kontekstdə Aİ, enerji sahəsində strateji muxtariyyətini artırmaq üçün bir sıra təşəbbüslər irəli sürdü. Bunların başında "Aİ-nin enerji müstəqilliyi və yaşıl keçid planı" dayanır. Bu planın məqsədi Rusiya enerji daşıyıcılarına olan asılılığın azaldılması, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi və enerji infrastrukturunun diversifikasiyasıdır. Xüsusilə, Günəş və külək enerjisinin payının artırılması, enerji saxlanması texnologiyalarına sərmayələrin artırılması və “yaşıl hidrogen” kimi innovativ həllərə yönəlmə Aİ-nin enerji sahəsində həm müstəqilliyini, həm də davamlılığını gücləndirməyi nəzərdə tutur. Bununla yanaşı, üzv dövlətlər arasında enerji şəbəkələrinin birləşdirilməsi, enerji ehtiyatlarının paylaşılması və fövqəladə hallarda kollektiv cavab mexanizmlərinin yaradılması da bu yeni strategiyanın tərkib hissəsidir.
Enerji təhlükəsizliyi ilə yanaşı, rəqəmsal suverenlik də Aİ-nin strateji muxtariyyət gündəliyində önəmli yer tutur. ABŞ və Çin texnologiya şirkətlərinin qlobal bazarda dominant mövqeyə sahib olması, Avropanı kritik texnoloji infrastrukturlar sahəsində xarici aktorlardan asılı vəziyyətə salmışdır. Bu asılılıq yalnız iqtisadi deyil, həm də informasiya axını, şəxsi məlumatların qorunması və milli təhlükəsizlik məsələlərində suallar doğurur. Aİ-nin cavabı isə “Rəqəmsal Kompas 2030” layihəsi ilə öz rəqəmsal transformasiyasını idarə və texnoloji müstəqilliyini təmin etmək olmuşdur. Bu yanaşma çərçivəsində Avropa İttifaqı rəqəmsal infrastrukturunu (bulud texnologiyaları, 5G şəbəkələri, süni intellekt platformaları) daxili güclərə əsaslanaraq qurmağa çalışır. Bu təşəbbüslər Avropanın texnologiyada həm innovasiya yaratmaq, həm də öz qaydalarını müəyyənləşdirmək istəklərini simvolizə edir. Bütövlükdə, enerji və rəqəmsal texnologiyalar sahəsindəki bu inkişaflar Aİ-nin strateji muxtariyyət ideyasını daha konkret və əməli çərçivəyə gətirir. Avropa İttifaqı bu şəkildə təkcə mövcud qlobal güc münasibətlərinə cavab vermir, həm də özünü gələcəyin çoxqütblü dünyasında davamlı və müstəqil bir aktor kimi formalaşdırır ki, bu da Avropanın daxili konsolidasiyası üçün deyil, eyni zamanda, qlobal sabitlik və dəyərlər sistemi üçün də əhəmiyyətli bir strateji istiqamətdir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru