40 il əvvəl əbədiyyətə qovuşmuş akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə
Qadın oxunmamış kitabdır. Onun zərif əlləri ipək saplardan dünyanın ən incə maddi-mədəniyyət incilərini – xalıları cana gətirir. Sabaha ünvanlanmış “sevgi məktubları” toxuyur. Sənət əsərləri yaradır, kitablar, monoqrafiyalar bağlayır. Zəmilərdən taxıl biçir, bağlardan bar yığır, buruqlardan neft çıxarır. Tarı, kamanı, sazı, udu, neyi dilləndirir. Qadın yuvasını isidir, körpəsinə sığal çəkir, övladını Vətən üçün böyüdür.
Qadın gözəllik, ülviyyət, məhəbbət, sədaqət rəmzidir. Qadın həm də qəhrəmanlıq, ləyaqət və cəsarət simvoludur! Onu sevdikcə, onun qəlbinə yol tapdıqca, dünyanı nura qərq etmək olur…
Mənəvi saflığı, zərifliyi, gözəlliyi, müdrikliyi qəhrəmanlıq və məhəbbət dastanlarında tərənnüm olunan, “Kitabi-Dədə Qorqud” dastanında, “Oğuznamələr”də şəninə boy boylanıb, soy soylanan qadınlarımızın müqəddəsliyindən müxtəlif zamanlarda sənət əsərləri yarandı. Nizaminin “Xəmsə”sindən tutmuş Məhəmməd Füzulinin dünyasından cücərən poetik nümunələr, daşdan yapılıb, tuncdan tökülən abidələr Azərbaycan qadınının müdrikliyini, məğrurluğunu bəşəriyyətə sübut etdi.
Milli dövlətçilik tariximizə adı qızıl hərflərlə yazılan bir dahi şəxsiyyət də var ki, onun ocağında dünyaya gələn övladların hər biri milli-mənəvi dəyərlərimizə xidmətdə bulundu. Bu, Azərbaycanın görkəmli həkim-alimlərindən, dövlət xadimlərindən biri professor Əziz Əliyevdir.
Naxçıvan Muxtar Respublikasının Şərur mahalının Şahtaxtlı kəndində, bu qüdrətli şəxsiyyətin ocağında 1923-cü il aprelin 28-də dünyaya göz açan qızın adını Zərifə qoydular. Sənətin, poeziyanın, milli-mənəvi dəyərlərin qorunduğu, ictimai-siyasi baxışların formalaşdığı bir ailədə böyüyüb boya-başa çatan bu məsum qız genetik kodlarını ata-babalarından aldığı ibrətamiz tərbiyədən, Türk dünyasının qüdrətli xatunlarının duyğularından qidalandı.
Klassik və müasir poeziyanı, Şərq və dünya fəlsəfəsini, milli musiqini gözəl bilsə də, atası professor Əziz Əliyevin yolu ilə gedib təbabəti seçdi. Bu səbəbdən də, 1942-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil oldu. Oranı bitirdikdən sonra Moskvada oftalmalogiya üzrə Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun ixtisaslaşma kursunu keçdi. 1949-cu ildən başlayaraq düz 18 il Azərbaycan Elmi-Tədqiqat Oftalmalogiya İnstitutunda həkim-ordinatordan böyük elmi işçi vəzifəsinədək yol gəldi. 1950-1953-cü illərdə aspiranturada təhsil alan Zərifə xanım, 1960-cı ildə “Traxoma xəstəliyinin sintomisin və onun başqa terapiya metodları ilə əlaqəli müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etdi.
Bu illərdə keçmiş SSRİ-nin başqa cənub bölgələrində olduğu kimi, Azərbaycanda da gözün konyuktivitini və pərdəsini zədələyən, ağır nəticələrə, hətta korluğa gətirib çıxaran traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Elə bir zaman idi ki, bu xəstəliklə bağlı mübarizə üsulları mövcud deyildi. Bu fakt təkcə Azərbaycan təbabəti üçün deyil, SSRİ səhiyyəsi üçün də problem idi.
Doğma xalqının sağlamlığı uğrunda mübarizəyə atılan Zərifə xanım Əliyeva çalışdığı elm ocağı daxilindəki fəaliyyəti ilə kifayətlənmir. Azərbaycanın ən çox traxoma xəstəliyi yayılan rayonlarına səfərlər edir. Praktik – oftalmoloq həkimlərə mühazirələr oxuyur. Xəstələri yaşadıqları ərazilərin xəstəxana və ambulatoriyalarında qəbul edir, onları zülmətdən işığa çıxarırdı.
Traxoma ilə bağlı problemlər həll olunduqdan, bu sahə ilə bağlı tədqiqatlarını yekunlaşdırdıqdan, namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım oftalmologiyanın başqa problemlərinin elmi araşdırılması ilə sistemli şəkildə məşğul olmağa başlayır. Vərəm, şəkər və qlaukoma xəstəlikləri nəticəsində gözün zədələnmə xüsusiyyətlərinin öyrənilməsinə həsr olunan, əsərləri ilə təbabətin bu ağır sahəsinə yardımçı olan Zərifə xanım 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə oftalmologiya ixtisası üzrə böyük elmi işçi adına layiq görülür. 1967-ci ildə isə atasının adını daşıyan Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur.
Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, praktiki tibbi fəaliyyətini davam etdirən gənc alim xəstələri təkcə öz klinikasında deyil, digər xəstəxanalarda da qəbul edir, onlara məsləhətlər verir, əməliyyatlar aparır.
Kliniki və nəzəri oftalmologiyanın bir sıra aktual məsələlərinə həsr olunan yeni, uğurlu tədqiqatlara başlayan Zərifə xanım Azərbaycanda kimya sənayesinin genişlənməsi və inkişafı ilə bağlı görmə üzvünə kimyəvi maddələrin təsiretmə mexanizminin praktiki olaraq aşkar edilməsi kimi ciddi işlərin də təməlini qoyur. 1968-ci ildən isə o, peşə oftalmologiyası məsələləri ilə sistemli şəkildə məşğul olmağa başlayır. Peşə xəstəlikləri probleminin həllinə nail olan alim, yod, rezin və neft-kimya sənayesi müəssisələrində işləyənlərdə görmə üzvü və köməkçi aparatın funksiyasına və biokimyasına, mikro və ultra-mikrostrukturuna zərərli peşə faktorlarının təsirinə dair çoxistiqamətli məsələlərlə məşğul olur, yeni klinika və laboratoriyaların təməlini qoyur. Ayrı-ayrı sənaye müəssisələrinin tibb məntəqələrində və sexlərində, xüsusən də Bakı və Sumqayıt şəhərlərinin yod, şin zavodlarının sexlərində parktiki tədqiqat işlərini həyata keçirir.
Bu genişmiqyaslı klinik müşahidələrin və eksperimental tədqiqatların yekunu olaraq, onun bu gün də əhəmiyyətini itirməyən əsərləri və monoqrafiyaları yaranır. 1976-cı ildə Q.Helmhols adına Moskva Göz Xəstəlikləri İnstitutunda “Azərbaycan kimya sənayesini bəzi müəssisələri işçilərində görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edən Zərifə xanım Əliyeva 1977-ci ildə müsabiqə yolu ilə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının professoru seçilir. 5 il sonra isə kafedranın müdiri kimi fəaliyyətini davam etdirir. Görkəmli alimləri, cavan oftalmoloqları işə cəlb etməklə, öz elmi məktəbini formalaşdırır. Bakı Məişət kondisionerləri zavodunda gözün peşə patologiyasının unikal laboratoriyasının təməlini qoyan Zərifə xanım burada klinik, funksional-diaqnostika şöbələrlə yanaşı, dünyada yeganə olan istehsalatda cərrahiyyə şöbəsini yaradır.
Gözün fiziologiyasında baş verən dəyişiklikləri diqqətlə izləyən Zərifə xanımın təklifi ilə 1979-cu ildə AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunda görmə üzvünün patologiyası və fiziologiyası problemi laboratoriyası yaradılır. Zərifə xanımın burada apardığı genişmiqyaslı tədqiqatları nəticəsində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sistemini anatomik-fizioloji təbiəti” kimi bir sıra fundamental məqalə və monoqrafiyaları işıq üzü görür. “Şin istehsalatında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya”, “Yod sənayesində peşə xəstəliklərinin profilaktikası” kimi kitab və monoqrafiyaları Azərbaycandan kənarda da füksək qiymətləndirilir.
Bu səbədən də 1981-ci ildə Zərifə xanım Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına Mükafata layiq görülür. Oftalmologiya tarixində ilk qadın alim kimi bu mükafata layiq görülən Zərifə xanım sonrakı fəaliyyətini yaşlı adamlarda görmə qabiliyyətinin zəifləməsinə səbəb olan katarakt xəstəliynin cərrahi üsulla müalicəsinin təkmilləşməsinə həsr edir.
Bütün həyatını, elmi və pedaqoji fəaliyyətini oftalmologiyanın çoxşaxəli problemlərinə həsr edən Zərifə xanımın gənc həkimlərin, oftalmoloq alimlərin yetişməsində də xüsusi xidmətləri var idi. Zərifə xanım Əliyeva 1983-cü ildə SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçildi. Qırmızı Əmək Bayrağı ordeninə və “Azərbaycan SSRİ-in Əməkdar elm xadimi” fəxri adına layiq görüldü.
Onun ən böyük mükafatını isə Tanrı özü vermişdi. O, Azərbaycanın görkəmli dövlət xadimlərindən birinin, tibb elmləri doktoru professor Əziz Əliyevin ocağından dünyaya gəlmişdi. Ömrünün 34 ilini milli dövlətçilik tariximizin yenidən yazılmasına, mənəvi dəyərlərimizin qorunmasına və inkişafına həsr edən Heydər Əlirza oğlu Əliyevin həyat yoldaşı və ən yaxın sirdaşı olmuşdu. Ona iki dəfə övlad sevinci bəxş etmişdi. Dövləti fəaliyyətində mənəvi dəstəyinə çevrilmişdi. Həkim, alim, qadın və ana ömrü sürməklə yanaşı, ictimai xadim kimi Azərbaycanın dövlət quruculuğunda fəal iştirak etmişdi. Sənət, mədəniyyət adamlarının dostu, arxadaşı olmuşdu. Dövlət tədbirlərində, elmi konfrans və simpoziumlarda çıxışları ilə əsl Azərbaycan – türk xatununun obrazını yaratmışdı.
Respublikamızda fəaliyyətə başlayan, təməli qoyulan elm, tədris ocaqlarındakı çıxışları ilə təkcə nüfuzlu alim, ictimai xadim deyil, həm də, Azərbaycanın rəhbərinin xanımı kimi şöhrət qazanmışdı.
Onun təşəbbüsü ilə təməli qoyulan elm, tədris ocaqları, muzeylər, kitabxanalar, ən ucqar dağ kəndlərinə çəkilən yollar sənətin, mədəniyyətinin hamisi olan bu qadının Vətən sevgisindən qidalanırdı.
Ümumittifaq “Vestnik oftalmoloqii” jurnalının, Ümumittifaq Oftalmoloqlar Elm Cəmiyyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının və Baş Cərrahlar Elmi Şurasının üzvü olan Zərifə xanım bütün bu çoxşaxəli ictimai fəaliyyəti ilə yanaşı, Azərbaycan qadını, bir ailənin xanımı idi. Öz dövrünün və sabahın dövlət başçısının xatunu və anası idi. Bu, Zərifə xanıma Tanrının ən böyük lütfü idi.
Zərifə xanım 1923-cü ilin ilıq bir yaz səhərində – aperlin 28-də Şərur mahalında dünyaya gəldi. 1985-ci il aprelin 15-də Azərbaycandan çox-çox uzaqlarda – Moskvada dəfn olundu. 1994-cü ildə mübarək nəşi Vətənə qaytarıldı. Fəxri xiyabanda torpağa verildi.
Həkim, alim, ictimai xadim kimi Zərifə xanım həmvətənlərinin cismani və ruhani aləmdə qəlb sirdaşına, dərd ortağına döndü. Həyata keçirdiyi quruculuq işləri, elmə, mədəniyyətə bəxş etdiyi töhfələr onun adını Azərbaycanın birinci xanımlarının, türkün qüdrətli xatunlarının sırasına yazdı. Adına yollar, bağlar salındı. Bulaqlar çəkildi, məktəblər, səhiyyə ocaqları quruldu. Əməlləri ilə yaddaşlara yazılan Zərifə xanım daşa – yaddaşa çevrilib abidəyə döndü. Məmləkətin çox yerində heykəlləri ucaldı. Ən böyük heykəli, ən müqəddəs abidəni isə o, özü yapmışdı. Onun adı İnsan sevgisi, Xalq məhəbbəti idi. İndi o sevginin və məhəbbətin işığında xariqələr yaradan xalqı, onun cismindən və ruhundan qida verdiyi oğlunun – Azərbaycan Prezidenti İlham Əliyevin simasında üzü sabahlara doğru yol gedir.
Bu işıqlı gələcəyə inamı onun tərbiyə verdiyi, böyütdüyü, öyüd-nəsihəti ilə kamal zirvəsinə ucaltdığı qızı, şərqşünas alim, bəstəkar Sevil xanım Əliyevanın, gəlini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Mədəniyyət Fondunun və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, sevimli nəvələri – Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın çoxşaxəli fəaliyyəti bir qədər də artırır. Bütün bunlar Zərifə xanımın nurunu insanın, insanlığın üstünə səpir!
Şərəf CƏLİLLİ,
yazıçı-publisist