TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasının iştirakçıları Zəfər Parkını ziyarət ediblər

post-img

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasının iştirakçıları aprelin 15-də Bakıda Zəfər parkını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusunda keçiriləcək iclasda iştirak etmək üçün Bakıya gələn nümayəndə heyəti Zəfər abidəsinin önünə tər gül dəstələri qoyub, Vətən müharibəsində həlak olanların xatirəsi dərin ehtiramla anıblar.

Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi.

Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.







Siyasət