Araz kimi coşqun, nisgilli Araz qardaşımın əziz xatirəsinə
O gün baharın nəfəsi tutuldu, göy üzü qara bağladı, buludlar qan ağladı ki, ürəyi boşalsın...
O gün göz yaşları gölləndi, selləndi, axıb-axıb Araza qarışdı. Araz bulandı, aldığı qara xəbərdən qaraldı, yatağına sığmaz oldu! Bu dəfə ömrünün iyirmicə yaşında şəhadətə qovuşmuş adaşı üçün coşdu Araz, daşdı – qəzəbini günahsız sahillərinin üstünə tökdü...
Uca yaradan o gün – aprelin 10-da bir ananın ürəyinin dağlanmasına, bir atanın qəddinin əyilməsinə, bir bacının üzünə əl atıb al-qana bələməsinə, üç qardaşın heyinin-hayının kəsilməsinə necə qıydı, 2000-ci ilin evimizə qara gəlmiş baharı niyə qara qışa çevrildi?!
O gün illər öncə gördüyüm yuxunun gerçək olacağı gün imiş. Mən balaca, dünya hələ gözəl olanda görmüşdüm ki, əlimin 5 barmağından biri – şəhadət barmağım qopub aralaşır, nə qədər çalışıram yerinə qaytara bilmirəm. Uşaq fəhmimlə bunun yaxşı yuxu olmadığını anlamışdım.
Bəlkə, inanmayacaqsınız, ancaq yenə elə onda uşaq fəhmimlə 3 qardaşımın, 1 bacımın qayğısı dolmuşdu ürəyimə. Yaşına görə şəhadət barmağım Arazı şəhadət verirdi...
O gün bir yalanla aldadıb Gəncəyə, Hacıkənddə sığındığımız “evimizə”, doğmaların yanına aparmışdılar bizi. Nənəmiz xəstələnibmiş, guya. Ağsunun dolaylarında qarşımızı duman kəsmişdi. Gündüzümüzü zülmət, yolları görünməz eləmişdi. Elə bil, sonunda eşidəcəyimiz xəbərə, tökəcəyimiz göz yaşlarına görə yazığı gəldiyi üçün sonsuza çevirmək istəmişdi yolumuzu. Kaş ki, elə belə olaydı...
O gün nur üzlü, gözəl üzlü, gözəl qəlbli Arazımızı öz yanına apardığı üçün qeyri-iradi Allaha üz tutub nalə çəkmişdim. Bəlkə harayıma hay verər ümidiylə “qardaşşş!”, – deyə səsim tutulana qədər hayqırmaq istəmişdim...
Mənə “Arazın məzar daşına bir bənd şeir yaz” deyənlər heç düşünmədinizmi ki, qardaşının toy dəvətnaməsi yerinə qəbri üstünə şeir yazmaq necə dəhşətlidir?!
Söz-söz tükənirdim, misra-misra ağlayırdım, bənd-bənd çarəsizləşirdim, vərəq-vərəq əzilib atılırdım. Və qəfildən əvvəlki kimi əlini kürəyimdə, ətirli nəfəsini üzümdə hiss elədim. Qulağıma pıçıldadı nə yazmalı olduğumu:
Bir qərib şəhidəm, yaralı ruham
Soldu bəxt çiçəyim ilk bahar çağı...
Dostlar, məzarıma söyləyin barı
Azad edən kimi siz Qarabağı!
Gəncənin Şəhidlər xiyabanı böyüyüb, qardaş! Yəqin, elə ilk müjdəni də torpaq uğrunda can verib, qonşuluğunda torpağa əmanət edilən müqəddəslər vermişdilər sənə. Çox şükür, Vətənimiz azad, ruhun şaddır illər sonra! Kosalara –Xocalı rayonunda doğulub-böyüdüyümüz kəndimizə getmişdim bu yaxınlarda. Tanınmayacaq qədər dəyişib. İtirdiyimiz uşaqlığımızı, o qayğısız günlərimizi və səni axtardım hər yerdə. Çox axtardım, çox aradım və bir anda mənə elə gəldi ki, yenə səssizcə gəlib əlini kürəyimə söykədin, “daha mənə görə ağlamayın, hüzura qovuşmuşam, – dedin.
Yenə hayıma, harayıma çatdın, yenə təsəlli verdin. İnandım ki, məqamın uca, yerin cənnətdir, daha qərib deyilsən, aramızdan Araza kimi axıb gedən Arazım! Şəhadət günün mübarək, qardaş! Səni unutmamışıq, unutmayacağıq!..
Sən əvvəl biz 3 qardaş, 1 bacının qardaşı idin. 25 ildir ki, ölkəmizdə milyonlarla nəsildaşının, bütün qardaş-bacıların qardaşısan.
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı