Səmərqənd şəhərində Özbəkistan Turizm Komitəsinin sədri Ümid Şadıyevlə Azərbaycan Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova arasında görüş keçirilib.
Danışıqlar zamanı tərəflər turizm sənayesinin hazırkı vəziyyətini, əməkdaşlıq perspektivlərini və birgə turizm təşəbbüslərinin inkişafını müzakirə ediblər.
Görüşün sonunda tərəflər arasında anlaşma memorandumu imzalanıb. Sənəd Böyük İpək Yolu boyunca vahid turizm marşrutunun işlənib hazırlanması və təşviqinə yönəlib.
Layihə Mərkəzi Avropa ölkələrində turizm marşrutlarının birgə təşviqini, həmçinin Bakı, Şamaxı, Şəki, Xivə, Buxara və Səmərqənd kimi İpək Yolunun əsas tarixi görməli yerlərinin vurğulanmasını nəzərdə tutur.
Memorandum çərçivəsində tərəflər həmçinin birgə B2B tədbirlərin, roud-şouların keçirilməsi və beynəlxalq turizm sərgilərində iştirak barədə razılığa gəliblər.
Sənədi imzaladıqdan sonra Azərbaycan nümayəndə heyəti Səmərqənddəki Turizm Akademiyasında olub, burada təhsil proqramları, infrastruktur və turizm sektorunda kadr hazırlığı perspektivləri ilə tanış olublar.
Özbəkistan və Azərbaycan İpək Yolunun mərkəzi xətti boyunca aparıcı turizm istiqamətləri kimi daha çox turist cəlb etmək, tarixi yerlərin tanınmasını artırmaq və qlobal turizm bazarında öz mövqelərini gücləndirmək üçün strateji tərəfdaşlığa təşəbbüs göstərirlər.
Memorandumun imzalanması iki ölkə arasında turizm əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayır və sənayenin daha da inkişafı üçün yeni imkanlar açır.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Səmərqənd