Cəbrayılda oftalmoloji aksiya

post-img

Səhiyyə Nazirliyinin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Cəbrayıl şəhərində əhali üçün oftalmoloji tibbi müayinələr aparılır. Müayinələr martın 12-də başlayıb və bu gün bitəcək.

Tibbi aksiyanın ilk günündə 100-ə yaxın sakin oftalmoloji müayinədən keçib. Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb. Ümumilikdə, ikigünlük oftalmoloji aksiya çərçivəsində 190-a yaxın vətəndaşın müayinədən keçməsi nəzərdə tutulub.

Aksiya zamanı məlumat verilib ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə edilib. Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

XQ

Sosial həyat