Onun arzusu Azərbaycana mükəmməl mütəxəssis kimi dönməkdir
Müasir tibb dedikdə yalnız yüksək texnologiya – həssas diaqnostika və bu sahədə istifadə edilən son təsirli müalicə avadanlığı başa düşülmür. Günün tibbi xidməti, həm də yüksək ixtisaslaşmış və məharətli həkimdir. Uşaqlıqdan həkim olmağa böyük marağı olan, bu arzusunun ardınca Moskvaya gedən, orada uroloq – cərrah kimi yetişən Tamerlan Qasımov məhz belə bir həkim kimi ad qazanıb.
30 yaşlı soydaşımız Azərbaycanda doğulub böyüyüb. 17 yaşından ali tibb təhsili aldığı şəhərdə illər keçdikcə cərrahiyyə və urologiya sahəsində peşəkarlaşıb. Bu gün gənc həmyerlimiz urologiya sahəsində nəinki klinik təcrübələr aparır, həm də yeni tibbi texnologiyaları fəal şəkildə mənimsəyir.
Tamerlan Qəhrəman oğlu Qasımov 2019-cu ildə A.İ.Yevdokimov adına Moskva Dövlət Tibb Universitetində ali tibb təhsilini bitirib. Sonra A.S.Loqinov adına Moskva Klinik Elmi-Praktik Mərkəzin cərrahiyyə ixtisası üzrə rezidenturasına daxil olub. Hazırda Dorji Banzarov adına Buryat Dövlət Universiteti Xəstəxanasının cərrahiyyə kafedrasının aspirantı olan gənc həkim, Almaniyanın LEBEN tibb klinikasında aparıcı mütəxəssis kimi fəaliyyət göstərir. O, sıravi həkim, cərrah-uroloq kimi ümumi tibbi xəstəliklərin – mədə-bağırsaq traktının, ağciyərlərin, sidik-cinsiyyət sistemi xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğul olur. Soydaşımız ümumi cərrah kimi uroloji, xoşxassəli şişlərin çıxarılması kimi əməliyyatlarla pasientlərinə sağlamlıq bəxş edir.
Tamerlan genişspektrli elmi-tibbi fəaliyyətlə məşğuldur. O, cərrahi və uroloji xəstələrə həm də ambulator müalicə ilə xidmət edir. Bununla kifayətlənməyən həkim standartlara cavab verən müalicə və diaqnostik yardım göstərir. Əlavə olaraq, tibbi müayinələrin nəticəsinə uyğun xəstələri tibbi-sosial ekspertizaya istiqamətləndirir. Hər növ kiçik cərrahi müdaxilələri həm ənənəvi üsullarla, həm də müasir texnologiyalardan istifadə etməklə həyata keçirir.
Tamerlan tibbin asan sahə olmadığını hələ uşaq yaşlarından anlayıb. Bu barədə belə deyir:
– Düşünürəm ki, 11 yaşımda xəstəxanaya düşməyim tibb sahəsini seçməkdə əsas rol oynayıb. İndi simptomlarla diaqnoz qoymaq mənə çətin deyil. O vaxt məni şiddətli sancılarla xəstəxanaya apardılar. Burada 1–2 sualdan sonra kəskin appendisit diaqnozu ilə əməliyyat etdilər. Uşaqlıqda mən, əlbəttə ki, bunu olduğu kimi dərk etmirdim. Biz uşaqlar böyüklərdən daha həssas oluruq. Elə bundan sonra da mən cərrahlara heyran oldum. Deyirlər ki, həkimlik Allahdan gələn bir peşədir. Düşünürəm ki, tibbin bir hissəsi olmaq və həqiqətən, ehtiyacı olan insanlara kömək etmək böyük savabdır.
Beləliklə, mənim bir mütəxəssis kimi yetişməyimdə uşaqlığımda baş verən həmin hadisə böyük rol oynadı.
İllər keçdikcə tibb də ona uyğun zamanla ayaqlaşır və yeni kəşflər ondan yan keçmir. İnformasiya Texnologiyaları həlləri iş proseslərini böyük dərəcədə optimallaşdırır, süni intellekt yaranır. Müasir texnologiyalar sayəsində tibb son illərdə daha rahat və əlçatan olub. On illər əvvəl həkimin qəbuluna yazılmaq üçün tibb müəssisəsinə getməyə ehtiyac qalmayacağını, lakin elektron xidmətlərdən istifadə edərək bunun mümkün olacağını təsəvvür etmək çətin olardı. Eynilə teletibb müalicəsi yarandı. Əlbəttə ki, teletibb ənənəvi təbabəti əvəz etmir, lakin müasir dünyada ilkin diaqnozun qoyulması vasitəsi kimi tətbiq olunur.
Tamerlan teletibblə bağlı belə düşünür:
– Mən bütün mümkün olanlardan yalnız bir üsulu ayıra bilmərəm. Tibb son onilliklərdə əhəmiyyətli irəliləyişlər əldə edib. Xəstəlikləri erkən mərhələdə aşkarlaya bilən yeni müayinə üsulları ortaya çıxıb. Bu cür diaqnostika yeni imkanlar açır, bu da vaxtında müalicəyə və təhlükəli ağırlaşmaların qarşısını almağa imkan verir – bu təsiredici vasitədir. Çünki prosesin özü və xüsusən də müalicənin müsbət nəticələrini görmək həkimdə xoş hisslər yaradır.
Cərrahiyyə haqqında danışsaq, əlbəttə ki, mən minimal invazivliyə əsaslanan müasir üsullara meyilliyəm. Bu, bədənə müdaxilə sahəsini və toxuma zədələnməsinin dərəcəsini minimuma endirməyə imkan verir.
Onlayn məsləhətləşmələr və teletibb haqqında danışarkən, prosesin özünü təhlil edib deyə bilərəm ki, bu, müasir dünyada bir irəliləyişdir. Lakin mən bu üsullara nadir hallarda müraciət edirəm. Mənim üçün önəmli olan xəstə ilə şəxsi təmasda olmaq, lazım gəldikdə müayinə aparmaq və diaqnozu təsdiqləmək və ya müəyyən etmək üçün onları prosedur otağına göndərmək bacarığıdır. Eyni zamanda, müsbət dinamika önəmlidir.
Ötən illər ərzində Tamerlan daim öz üzərində çalışır, yeniliklər barədə elmi məqalələr oxuyur, yenə öyrənməyə davam edir. Bu, hər kəsə daha asan gəlir. Lakin o hələ də təcrübəli həmkarlarının bilikləri ilə tanış olur, onları mənimsəyir.
Braziliyalı yazıçı Paulo Koelyo “Kimyagər” romanında “əvvəlcədən təyin edilmiş, yaxud tale” mənasını verən “məktub” sözündən istifadə etmişdir. Tamerlan da hesab edir ki, onun əldə etdiyi uğurlar da taleyin qisməti, alın yazısıdır. Düşünür ki, hər şey belə olmalı idi, çünki bu, İlahidən belə yazılmışdı. Çünki vaxtilə başqa ölkədə oxuduqdan sonra orada yaşayıb işləməyi ehtimal olsa belə əsla düşünməyib. Deyir ki, şadam ki, hər şey bu cür alındı və mən təkcə Moskvada deyil, həm də Rusiyanın digər şəhərlərində təhsil almaq, biliyimi inkişaf etdirmək və bacarıqlarımı artırmaq imkanı əldə etdim. Buna görə taleyimə minnətdaram.
Tamerlan Azərbaycandakı həmkarları ilə yaxından əlaqə saxlayır və bu münasibəti xüsusi dəyərləndirir. Ümumiyyətlə, xarici həmkarları ilə ünsiyyəti yeni təcrübə və yenidən qazanılan bilik hesab edir. Onlar Azərbaycanda gedən siyasi, mədəni proseslərdən tutmuş, tibb sahəsində baş verən klinik hadisələri, konfransları, elmi məqalələri müzakirə edir, bir-birinin təcrübəsindən faydalanırlar.
Qeyd edək ki, Rusiya ilə Azərbaycan arasında səhiyyə sahəsində ilk saziş hələ 1995-ci ildə imzalanıb. Ölkələr arasında səhiyyə, tibb təhsili və elm sahəsində əməkdaşlığın, o cümlədən təhlükəli yoluxucu və qeyri-infeksion xəstəliklərin qarşısının alınması və müalicəsi, ana və uşaqların sağlamlığının qorunması, dərman vasitələrinin və tibbi cihazların dövriyyəsi sahəsində dövlət tənzimlənməsi məsələlərinin həlli, ictimai səhiyyənin gücləndirilməsi sahəsində qarşılıqlı fəaliyyətin inkişafına yönəlmiş sazişin məqsədlərinə əsaslanan inkişaf perspektivləri yüksəkdir.
Tamerlan işlədiyi müddətdə onu qane etməyən, narazı qaldığı məsələlərdən də söz açır. Deyir ki, biz tez-tez simptomlara məhəl qoymamaq və şikayətləri həkimə gec bildirmək kimi səhvlərlə qarşılaşırıq. Anlamaq lazımdır ki, xəstə nə qədər tez bir mütəxəssislə məsləhətləşərsə, səbəb o qədər tez müəyyən edilər və müvafiq müalicə təyin edilər. Bu da xəstəliyin gedişindəki sonrakı ağırlaşmaları minimuma endirər. Bundan başqa, xəstələrin müalicədən sonra tövsiyələrə əməl etmədiyi hallar da olur, çünki onlar yaxşılaşma hiss edirlər.
Həkimin tövsiyələri tapşırıq olaraq verilmir və müalicə prosesində əldə edilmiş nəticələri möhkəmləndirmək üçün onlara əməl etmək vacibdir. Simptomlara diqqətlə yanaşılmalıdır. Onların hamısı orqanizmdən asılı olaraq dəyişir. Məsələn, görmə qabiliyyətində qəfil dəyişikliklər, şiddətli baş ağrısı, nəfəs darlığı, şiddətli qarın ağrısı, döş sümüyünün arxasında təzyiq hiss edən kimi həkimə müraciət etmək lazımdır. Hər kəs sağlamlığına ciddi yanaşmalı, qayğısına qalmalıdır.
Tamerlan Qasımov hazırda cərrahiyyə və urologiya üzrə ixtisaslaşır və hələlik başqa sahələrə toxunmaq fikri yoxdur. Onun fikrincə, hər bir sənaye unikaldır və praktikada iki eyni klinik hadisə yoxdur. Yəni həmişə öyrənmək üçün nələrsə var. O, bu sənayelərdə daha da inkişaf etməyi, bacarıqlarını təkmilləşdirməyi və həmkarlarının praktiki təcrübəsini mənimsəməyi planlaşdırır.
Azərbaycanda nəşr olunan qəzetləri izləyir. Prezident İlham Əliyevin gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunması, mükəmməl təhsilə yiyələnməsi üçün gostərdiyi qaygıdan bəhrələndiyini deyir. Bildirir ki, aspirantura təhsilini başa vurub elmi isini yekunlasdırandan sonra mükəmməl və hərtərəfli tibb mütəxəsisi kimi dogma Vətənə qayıdıb, xalqa xidmət etmək onun arzusu və ən boyuk amalıdır.
Zərifə HÜSEYNOVA
XQ