Almaniya qlobal siyasətə qayıdır

post-img

Bununla Avropada yeni era başlanacaq

Almaniya dünyanın 4-cü böyük iqtisadi gücüdür. Avropada isə birincidir. Bu ölkəni qitə iqtisadiyyatının “lokomotivi” də adlandırırlar. Amma hər iki Dünya müharibəsindəki ağır məğlubiyyətdən sonra rəsmi Berlin qlobal siyasi səhnədə kölgədə qalmağa üstünlük verib. Yəni yenidən başını 3-cü dəfə bəlaya salmaq istəməyib.

Amma, deyəsən, indi vəziyyət dəyişir. Belə ki, Avropanın şərqində 3 ildən çoxdur davam edən Rusiya–Ukrayna müharibəsində rusların tədricən üstünlük qazanmaları qitənin digər ölkələri kimi, Almaniyanın da təhlükəsizliyi üçün ciddi təhdidlər törədir. Berlin, təbii ki, yeni reallığın fərqindədir. Üstəlik, ABŞ Avropaya artıq təhlükəsizlik zəmanəti verməyəcəyini bəyan edib.

Bəli, Almaniya ictimaiyyəti ölkənin gələcək taleyi ilə bağlı narahatdır. Ölkə zorən də olsa qlobal siyasət səhnəsinə qayıtmalı olur. Bunu gözardı etmək qeyri-mümkündür. Bu günlərdə ölkə parlamenti–Bundestaqa keçirilən son seçkilərin nəticələri Almaniyanın ictimai-siyasi həyatının barometrinin göstəricisi kimi qəbul edilə bilər. Seçkilərdə sağçı mühafizəkar Xristian Demokratlar İttifaqı /Xristian Sosialistlər İttifaqı bloku isə qələbə qazanıb. Qatı millətçiləri təmsil edən Almaniya uğrunda Alternativ partiyası səsvermədə hətta 2-ci yerə çıxıb.

Qalib blokun lideri, ölkənin yeni kansleri olacaq Fridrix Merts son günlər Almaniyanın daxili və xarici siyasəti ilə bağlı bir çox bəyanatlar səsləndirib. Bildirib ki, Avropada artıq yeni era başlayır və Almaniya fəal qlobal siyasətin əsas subyektlərindən biri olmalıdır. F.Merts hesab edir ki, ABŞ-ın yeni lideri Prezident Donald Tramp Avropanın gələcək taleyinə biganə yanaşır və mövcud vəziyyət Avropa siyasətçilərindən öz ölkələrinin müdafiəsinin qayğısına qalmalarını tələb edir. Qısası, ABŞ-ın “təhlükəsizlik çətiri” altında olan Avropa İttifaqı dövlətləri üçün artıq “komfortlu həyat” yoxdur.

Yeri gəlmişkən, Ağ evdə D.Trampla V.Zelenski arasında Ukraynadakı vəziyyyət ilə bağlı müzakirələr zamanı baş verən diplomatik gərginlikdən sonra bir çox Avropa liderləri, eləcə də F.Merts Vaşinqtonun siyasətinə münasibətdə açıq və sərt danışmağa başlayıblar. F.Merts açıq mətnlə deyib ki, biz elə etməliyik ki, Almaniya, eləcə də digər qitə ölkələri Pentaqondan asılı olmasınlar. Onun sözlərinə görə, bu taleyüklü problemi NATO-nun bu ilin iyun ayına planlaşdırılan sammitinə qədər yubatmaq olmaz. Avropa təcili olaraq sözdən əmələ keçməlidir.

F.Mertsin digər bir açıqlaması da diqqətdən yayınmayıb. O qeyd edib ki, ölkəsi hazırda hər iki tərəfin – həm Rusiyanın, həm də ABŞ-ın daim artan güclü təzyiqləri ilə üzləşir. Göründüyü kimi, rəsmi Berlin Amerikanı Rusiya ilə bir tərəziyə qoyur. Halbuki, bu il fevralın 14–17 tarixlərində keçirilən Münxen konfransına qədər Almaniya ABŞ-ın ən yaxın strateji müttəfiqlərindən biri sayılırdı.

“Siyasətdə daimi dostlar olmur” deyənlər haqlıdırlar. Burada ancaq üstün maraqlar var. Taleyin ironiyası deyilmi: dünənki dostlar bugünkü rəqiblərə, hətta düşmənlərə çevrilə bilirlər. Lakin Avropa dövlətləri ən qısa müddətdə toparlana biləcəklərmi? Bu suala birmənalı cavab vermək çətindir. Bir çox analitiklər hesab edirlər ki, Avropa dövlətlərinin öz etibarlı müdafiələrini təmin etmələri üçün 7 ildən 10 ilə qədər vaxt lazımdır. Bu, çox uzun müddətdir. Təhlükəsi isə qapının qarşısındadır.

F.Merts okeanın o tayına getmək, Ağ evdə Prezident Trampla mümkün qədər tez görüşmək arzusundadır. Arqument budur ki, Almaniya Fransa və Böyük Britaniya ilə bərabər, Avropanın “Böyük üçlüyü”nə daxildir və Berlin yeni dünya düzənində əsas söz sahiblərindən biri olmalıdır. Beləliklə, görünən budur ki, Almaniya yenidən özünə günəş altında yer istəyir. Tanış ssenaridir, deyilmi? XX əsrdə Almaniya məhz bu iddialarla 2 dəfə müharibəyə başlamışdı. Allah üçüncüdən qorusun!

Hələ ötən ilin noyabrında Almaniyanın daxili işlər naziri bildirmişdi ki, ölkədə mümkün fövqəladə təhlükəli hallar üçün sığınacaq bunkerlər hazırlanır. Belə çıxır ki, Almaniya milli təhlükəsizliyi üçün xarici təhdidləri real sayır. Berlin başa düşür ki, şərqdən ehtimal olunan təhlükəsini önləmək üçün Ukraynaya hərtərəfli yardım etmək lazımdır. Yeri gəlmişkən, Almaniya Birləşmiş Ştatlardan sonra Ukraynaya ən çox maliyyə yardımı göstərən ölkədir.

F.Merts bu yardımları davam etdirmək istəyir, lakin Fransa və Böyük Britaniyadan fərqli olaraq, Almaniya hələlik Ukraynaya əsgəri qüvvə göndərib-göndərməyəcəyini açıqlamır. Belə çıxır ki, qorxu sindromu hələ də almanların canından çıxmayıb. Onları qınamaq da düzgün olmazdı. Həqiqətən, qorxu yaman şeydir. Suyu üfürə-üfürə içiblər. Bəzən isə seçim imkanları sadəcə qalmır. Bir də ki, söhbət millətin taleyindən gedir. Bir çox analitiklər hesab edirlər ki, Ukraynanın şərqində gedən ağır döyüşlər gec-tez Almaniyanın müharibəyə cəlb edilməsinə gətirib çıxara bilər. Deyəsən, bu xamır, həqiqətən, hələ çox su aparacaq.

Divin canı şüşədə olduğu kimi, NATO-nun əsas gücünü ABŞ-ın hərbi qüvvələri təşkil edir. Pentaqon öz qoşunlarını Avropadan geri çəkərsə, Avropanın müdafiəsi kritik səviyyədə aşağı düşə bilər. Hazırda Aİ dövlətlərinin birlikdə quru qoşunlarının sayı 230-240 min civarındadır. Bu, Rusiyanın ən azı 1,5 milyona çatan ordusu qarşısında çox azdır.

Avropada bir çox siyasətçilər artıq nəzərlərini NATO-nun ikinci böyük ordusuna sahib olan Türkiyəyə yönəldirlər. Ankaranın avropalıların əvəzinə Rusiya ilə vuruşacağı ehtimalı real görünmür. Avropada bir çox siyasi dairələr, eləcə də Fransa prezidenti E.Makron Rusiya ilə Türkiyəni bir-birilə vuruşdurmaqdan ötrü min bir oyundan çıxırlar. Fransanın Cənubi Qafqazda sülh prosesinə mane olmaq cəhdləri məhz bu məkrli siyasətdən qaynaqlanır.

Almaniya tarixinin ən görkəmli siyasətçilərindən biri və bəlkə də birincisi olan Otto fon Bismark yazırdı ki, öz ordusunu yaratmayan millətlər yad orduları yedirib bəsləməyə məhkumdurlar. Bu gün almanlar da bir an vaxt itirmədən hərbiyyəsini qurmalıdır. Bu arada məlum olub ki, İtaliya ordusuna daha 30-40 min hərbçinin cəlb edilməsi nəzərdə tutulur. İtaliyanın Baş Qərargahı orduda şəxsi heyətin sayının üçdəbirdən çox artırılmaqla təxminən 135 min nəfərə çatdırılmasına dair milli təhlükəsizlik planı üzərində işləyir. Bu prosesin 5-8 il arasında həyata keçiriləcəyi bildirilir.

Kansler F.Merts Almaniyanı beynəlxalq siyasi arenaya qaytarmaq niyyətindədir. Bir çoxları Almaniyanı “yatmış şir”ə bənzədirlər. Onların düşüncələrinə görə, alman “hərbi maşın”ı işə düşərsə, qitədə hərbi qüvvələr nisbəti köklü surətdə dəyişə bilər. Görünür, püşk atılıb və Almaniya dövrün yeni çağırışlarına cavab verməyə məhkumdur. Amma, böyük divlərin savaşı necə bitəcək, bunu bir Allah bilir!

Məsaim ABDULLAYEV
XQ

Dünya