Macarıstanın paytaxtı Budapeşt şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 10-cu Nazirlər/Rəhbər Komitənin iclası keçirilib.
Toplantıda Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Macarıstanı xarici işlər və ticarət naziri Peter Siyarto, Gürcüstanı Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanı energetika naziri Sebastian-İoan Burduja, Bolqarıstanı isə energetika naziri Jeço Stankov təmsil ediblər. Görüşdə Avropa Komissiyası, Birgə Müəssisə (GECO Power Company) və “CESI” şirkətinin nümayəndələri də iştirak ediblər.
İclasda Azərbaycanın bərpa olunan enerji potensialının inkişafı, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə irəliləyişlər və perspektivlər nəzərdən keçirilib. “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (GECO) fəaliyyəti, Bolqarıstanın layihəyə cəlbi, “CESI” şirkəti tərəfindən həyata keçirilən texniki-iqtisadi əsaslandırmanın (TİƏ) cari vəziyyəti, layihənin maliyyələşdirilməsi üzrə Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, Xəzər dənizinin Azərbaycan seqmentində müəyyən edilmiş 4 sahədə külək enerjisi üzrə bir sıra beynəlxalq şirkətlərlə müvafiq müqavilə sənədləri üzərində işlər aparılır və bu razılaşmalar “yaşıl hidrogen”in inkişafı ilə bağlı planlarımızı da dəstəkləyəcək.
Müzakirələrdən sonra 4 ölkənin nazirləri tərəfindən iclasın yekunlarına dair Protokol və “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Dan Yorgensenə Birgə Məktubu” imzalanıb. Bolqarıstanın Hökumətlərarası Sazişə qoşulma prosedurunun başlanması barədə razılığa gəlinib. Birgə Müəssisəyə Bolqarıstanın layihəyə qoşulması və fiber-optik kabel (FOC) komponentlə əlaqədar məsələlərin TİƏ-nin iş həcmində nəzərə alınması üçün müvafiq səlahiyyətlər verilib. İclas çərçivəsində Energetika Nazirliyi ilə CESI şirkəti arasındakı müqavilə üzrə əsas səlahiyyət və öhdəliklərin GECO-ya ötürülməsi məqsədilə müvafiq sənəd imzalanıb.
Nazirlərin növbəti görüşünün Gürcüstanda keçirilməsinə qərar verilib.
XQ