Azərbaycan Teatrı – 152
Baharın gəlişi ilə qeyd olunan ilk bayramlarımızdan biri də Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli sərəncamı ilə təsis edilən Milli Teatr Günüdür. Zəngin tarixi yol keçmiş milli teatrımızın peşəkar səhnədə əsası 1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin təbiət müəllimi Həsən bəy Zərdabinin rəhbərliyi ilə tür şagirdlərin səhnələşdirdiyi Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası ilə qoyulub.
Məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyev Bakıda ilk teatr binasını inşa etdirib. Orada Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi çoxlu ünlü siması yetişib.
Müstəqillik illərində Azərbaycan teatrının inkişafında yeni mərhələ başlayıb. Həm dünya teatrının örnəklərinə, həm də milli-mənəvi dəyərlərə daha çox üstünlük verilib. Teatrlarımızın maddi-texniki bazasının daha da gücləndirilməsinə, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasına, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinə diqqət daha da artıb.
Ümummilli lider Heydər Əliyev hər zaman teatra, yaradıcı insanlara böyük qayğı ilə yanaşıb. Bu ənənəni Prezident İlham Əliyev uğurla davam etdirir. Məhz dövlət başçısının bilavasitə təşəbbüsü ilə yeni əsrdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental sənədlər qəbul olunub. “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, dövlət proqramları uğurla tətbiq edilir. İnişil milli peşəkar teatrımızın 150 illik yubileyi təntənə ilə qeyd olunub. Ondan bir ay sonra isə inkişaf perspektivlərlə bağlı Teatr Forumu keçirilib. Aparılan fikir mübadilələri və müzakirələr əsasında toplanan təkliflər Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan Azərbaycan mədəniyyətinin 2040-cı ilədək inkişafı ilə bağlı strategiyada əksini tapacaq.
Şübhə yoxdur ki, Azərbaycan teatrı bundan sonra da gözəl səhnə əsərləri ilə milli-mədəni zövqün inkişafına fədakarcasına xidmət edəcək.