İncə gülüşlərin sərt həqiqətləri

post-img

Bəşir Səfəroğlu – 100

Milli Teatr Gününün səhərisi – 1925-ci il martın 11-də dünyaya gəlib, ömrünü bu sənətə həsr etmiş Xalq artisti Bəşir Səfəroğlu cəmi 44 il yaşasa da, adını dövrünün görkəmli gülüş ustası kimi mədəniyyət tariximizə yazdırıb.

O, gənc yaşlarında getdiyi İkinci Dünya müharibəsində kontuziya alıb, dili tutulub, qulaqları ağır eşidib. Tərxis ediləndən bir qədər sonra dili açılan Bəşirin dilavərliyi, dadlı-duzlu, məzəli monoloq və dialoqları ilə ürəkləri fəth edə bilməsi əsl möcüzə təsiri bağışlayıb.

Bu möcüzə – nitq qabiliyyətinin ideal bərpası isə məhz teatrın sayəsində baş verib. Bir müddət fəhlə, yük maşını sürücüsü işləyən Bəşir rejissor Niyaz Şərifovun məsləhəti ilə tez-tez getdiyi “Şoferlər klubu”nun dram dərnəyinin tamaşalarının təsirinə düşüb. Nəhayət, bir gün onu truppaya aktyor qəbul ediblər. Buna görə keçirdiyi ani həyəcan yaradıcılıq ehtirası ilə çırpınan gəncin dilinin qəfil açılmasına səbəb olub və Bəşir bülbül kimi ötməyə başlayıb. (Başqa bir varianta görə isə, bir dəfə evə gələndə az qalıb tramvayın altına düşsün, qorxudan bərk qışqırıb və o hadisədən sonra dili açılıb, qulağı eşidib). Qısa ömrünün sonuna qədər satirik-yumoristik obrazları ilə Azərbaycan Musiqili Komediya Teatrına şərəf-şan gətirib.

Əslən Qubadan olan böyük gülüş ustasının öz adı Bəşir olsa da, səhnə və ekranda Möhsün, Qoçu Əsgər və Məşədi İbad, Uzun və Nəcəf, Salyanski, Ohan yüzbaşı və Hacı Qara, Şulu, Murtuzov, Dayandur, Firuzbala, Səbrəli, Nəsrəddin, Səfər, Gülümsərov kimi, bəlkə də, daha çox tanınıb. “Aygün”, “Qəribə əhvalat”, “Əhməd haradadır?”, “Ulduz”, “Xoca Nəsrəddinin 12 qəbri”, “Yun şal” və “Yaşamaq gözəldir, qardaşım” filmlərinə çəkilib. 60-cı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan “Gəlməli, görməli, gülməli” miniatür teatrında Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb. 1964-cü ildə Əməkdar artist, 1968-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

“Gəlməli, görməli, gülməli”, sözün əsl mənasında gəlməli, görməli və gülməli olub. Orada əsas müəlliflər mahir qələm ustaları Seyfəddin Dağlı və Salam Qədirzadə olublar. Bu teatrda Bəşir Səfəroğlu Əliağa Ağayev, Müxlis Cənizadə, Fazil Salayev, Ofeliya Məmmədzadə ilə birlikdə seyrçilərə ciddi yumorla, mənalı gülüşlərlə zövq aşılayıb. Onun səhnədə görünməsi ilə üzlərə təbəssüm qonub, dinib-danışması ilə hər kəs gözü yaşarıncaya qədər uğunub gedib. Mütəxəssislərin dediyinə görə, istedadlı aktyor oynadığı rolun səhnə həllinə, qəhrəmanların sözlərinə münasibətdə fərqli mövqedən yanaşıb. Hər kəlməni müxtəlif intonasiyalarla məna dəyişiminə məruz qoyub. Qəhrəmanın ovqatına psixoloji zəmindən yanaşıb və oyununda gözgörəsi ifşa-özünüifşa olmayıb. O, sadəcə, obrazın xarakterini və vəziyyətinin komikliyini açırdı. Nadan professora da, bürokrat Murtuzova da, səfeh polis rəisinə də ciddi məntiqlə yanaşırdı.

Bir tamaşaçı kimi onu xatırlayanda, nədənsə, öncə yadıma hələ uşaq vaxtı baxıb güldüyüm bu səhnəcik düşür - “Bəşir Səfəroğlu: – Yeznə, baza yavaş-yavaş yandı”... – Bazanın, sonra qarajın (və oradakı maşının), idarənin yanması xəbərini çox sakit qarşılayan yeznə-müdir (Əliağa Ağayev) kabinetinin, makintojunun çırtapırtla yanmasından bərk sarsılır. “Yanmadı!” deyərək hayqırır və ürəyi gedir. Bəşir Səfəroğlu isə ona “Ağ eləmə, yandı”nı elə tərzdə deyir, elə mimika ilə çatdırır ki, tamaşaçılar az qala əldən gedən yeznəni unudaraq, şaqqanaq çəkməkdən özlərini saxlaya bilmirlər. Sonra o, yeznənin nəbzini ölçür: “1,2,3... 27” və “Yeznə yavaş-yavaş getdi” deyib yekun qərarını verir...

O özü isə yaşının 44-ündə, elə anadan olduğu mart ayının 23-də həyatla vidalaşıb və Fəxri xiyabanda dəfn olunub. Haqq dünyasına güzarından 12 gün əvvəl aktyor öz arzusu ilə son dəfə “Milyonçunun dilənçi oğlu” tamaşası ilə səhnəyə çıxıb. Sonra isə onu sevən milyonların gözünü yolda qoyub.

Yaxşı ki, Bəşir Səfəroğlunun ölməz sənət yolunu ondan sonra qızı, Xalq artisti Afaq Bəşirqızı böyük uğurla davam etdirir. Atasından “cehiz” kimi aldığı nikbinliyi, yumor hissini insanlarla bölüşür, onun arzularını həyata keçirir, yarımçıq qalmış ideyalarını tamamlayır.

Elə bu günlərdə Quba Rayon Mədəniyyət Mərkəzində Bəşir Səfəroğlunun 100 illiyi münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Afaq Bəşirqızının iştirakı ilə “Toya bir gün qalmış” tamaşasını böyük uğurla təqdim edib. Həmin gün onun dedikləri: “Xoşbəxtsən ata! Bilirəm ki, ruhun şaddır. Çünki sənin 100 yaşın öz torpağında, öz həmyerlilərinin yanında olacaq. Xoşbəxt sənətkarsan, ona görə ki, əsl sənətkarsan! Ruhun okeanlarda üzür, adına gəmilər, küçələr, mədəniyyət mərkəzləri və mədəniyyət evləri, büstlər var. Hamı səni sevir, rəğbət bəsləyir. 55 ildir artıq həyatda yoxsan. Bu yoxluğunla Azərbaycan xalqının heç bir nümayəndəsi barışmayıb. Həmişə rəhmət qazanmısan. Çox nadir, az qalan lent yazılarına baxıblar və “Allah sənə rəhmət etsin” deyiblər. Bu rəhməti sən qazandın! Mən səninlə fəxr edirəm. Yaxşı ki, atamsan! İstəyirəm ruhun yaşasın və sevinsin” – deyə Xalq artisti bildirib.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət