Qəmər Almaszadə – 110
Müsəlman Şərqinin ilk balerinası - ahəngdar elementləri ustalıqla icra etməsi və plastikası ilə tanınmış ünlü xoreoqraf, SSRİ xalq artisti Qəmər Almaszadə incəsənətin bu sahəsində parlayan şəmsi-qəmərimiz olub.
Qəmər Almaszadə 10 mart 1915-ci ildə Bakıda ayaqqabı taciri Hacıağanın ailəsində anadan olub. Gələcəyin baletmeysterini sənətə uşaqlıqda bu rəqs növü ilə məşğul olan rəfiqəsi Şura həvəsləndirib. Mühafizəkar müsəlman atasından gizli olaraq özəl balet studiyasına gedib.
Həmin vaxt orada məşğələlərin qiyməti 7 rubl imiş, Qəmərin isə 6 rublu olub. O, pedaqoqa deyib ki, mənim pulum bu qədərdir. Xanım müəllim isə çox təəccüblənib ki, azərbaycanlı, müsəlman qız balet öyrənmək istəyir. Deyib, buyur, 6 rubla gəl. Qəmərin həkim olan anası Məryəm xanım isə Hacıağanı aldadıb ki, qızı guya idmanla məşğul olur.
Qəmər xoreoqrafiya məktəbini bitirəndən sonra Azərbaycan Dövlər Opera və Balet Teatrında işləməyə başlayıb və populyarlaşıb. Sayı artan pərəstişkarları onu elə hey gül-çiçəyə qərq ediblər. Amma bəzi “qeyrət dağarcıqları” buna pis baxıblar. Hətta bir dəfə Qəməri öldürmək də istəyiblər və xoşbəxtlikdən ona atılan güllə ayaqqabısının dabanına (kabluka) dəyib. Beləliklə, Məryəm xanımın Hacıağa kişiyə dediyi yalan üzə çıxıb. Mömin ata əvvəlcə qəzəblənsə də, sonra daha bir söz deməyib və arabir teatra gizlicə gedərək qızının ifalarına baxıb, fərəhlənib.
Balerinanın onu “mənim sarışınım” deyə çağıran atası ilə bağlı xatirələrindən: “Bir gün çəkməçi Hacıağa heç vaxt üz tutmadığı teatra getməyə hazırlaşır, ən axırıncı sıraya bilet alır. Bizim bilet yoxlayan qızlar bu haqda mənə deyəndə, qorxdum ki, o səhnəyə cumacaq və dəhşətli qalmaqal yaradacaq. Amma yox, o, bütün tamaşaya baxdı. Qəhrəman Gülyanaq, daha doğrusu, mən qalanın başından dənizə atılanda, o elə hönkürüb ki, qonşularımız bunun səhnə oyunu olduğunu söyləyərək, onu sakitləşdirməyə başlayıblar. Bunu öyrənəndə, tamaşadan sonra evə getməyə qorxurdum. Amma ayağımı evin kandarına qoyanda atam yaxınlaşıb məni qucaqladı: “Sən necə də gözəl artistsən!”
O vaxtlar hələ Azərbaycanda balet çox inkişaf etməmişdi, Qəmər isə öz təcrübə və bacarığını daha da inkişaf etdirmək istəyirdi. Amma atası onu təkbaşına harasa getməyə qoymurdu. Bir gün konservatoriyanın tələbəsi, gələcək bəstəkar Əfrasiyab Bədəlbəyli qızı evə ötürəndə onlar Hacıağa kişi ilə qarşılaşırlar. Qəmər utanıb pis vəziyyətdə qalır. Tündməcaz ata isə Əfrasiyabın qarşısında məsələni qəti qoyur. Onun valideynləri elçi düşüb Qəməri nişanlayırlar. Bundan sonra o, həyat yoldaşı bəstəkar Əfrasiyab Bədəlbəyli ilə birlikdə Rusiyaya təhsil almağa gedir, Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olur. Orada Qəmər bacısı Ədilə ilə məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyurlar. Ədilə xəstəlikdən vəfat edir, o isə 1936-cı ildə ali məktəbi bitirib Bakıya qayıdır. İstedad, səbr və inadkarlıq Qəməri balet primasına (baş balerinaya) çevirir.
Sənətdə ilk ciddi addımı Reynhold Qlierin “Şahsənəm” operasında ikinci dərəcəli rolla atan gənc balerina daha sonra dövlət filarmoniyasının nəzdində mahnı və rəqs ansamblını yaradıb. Dahi Üzeyir Hacıbəylinin rəhbərliyi ilə Azərbaycan əyalətlərinə ezamiyyələrə gedərək, ilk mənbədən xalq rəqsləri haqqında məlumatlar toplayıb. Sonra Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini deyib, ardınca oranın direktoru olub. Əfrasiyab Bədəlbəylinin məxsusi olaraq onun üçün yazdığı “Qız Qalası” adlı ilk Şərq baletinə özü həm tərtibat verib, həm də bu əsərdə yüksək peşəkarlıqla çıxış edib. Üzeyir bəyin “Koroğlu” operasında əsas rəqs nömrələrindən biri məhz Qəmər Almaszadənin ifasında sərgilənib.
Yeri gəlmişkən, Üzeyir Hacıbəyli “Qız qalası”nda Gülyanağın ilk ifaçısı, balerina Qəmər Almaszadənin çıxışını çox yüksək dəyərləndirmişdi. Moskvada çıxan “Pravda” qəzetində bu barədə yazmışdı: “İstedadlı balerina Q.Almaszadə ayrıca vurğulanmalıdır. Öz ifasında o, xoreoqrafiya sənətinin çağdaş texnikası ilə xalq rəqsini yaradıcı şəkildə birləşdirə bilmişdir. Onun yaratdığı Gülyanaq surəti inandırıcılığı, dolğunluğu, bütövlüyü ilə seçilir və uzaq keçmişdən xatirə kimi görünən “azərbaycanlı qadının faciəsi”nin ifadəsi kimi bizi həyəcanlandırır”.
Opera və Balet Teatrının səhnəsində “Qu gölü”, “Raymonda”, “Baxçasaray fontanı”, “Dоn-Кixot”, “Qırmızı lalə” və bir çox digər əsərlərdə baş rolları Qəmər Almaszadə böyük məharətlə ifa edib. Onun bütün çıxışlarını tamaşaçılar alqışlarla qarşılayırdı. Bu sıraya “Jizel”, “Şelkunçik”, “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Qaraca qız”, “Gülşən”, “Min bir gecə”, “Babək”, “Xəzər balladası”, “Qobustan kölgələri” də aiddir. Qəmər xanımın truppası xaricə səfərlər edib, hətta Fransada – ənənəvi festivalda qran-priyə layiq görülüb. Sənətini Hindistanda, Nepalda da tanıdıb. 1970-ci ildə Bağdada İraq Xalq Rəqsləri Ansamblını yaratmaq üçün dəvət olunub. 1950-ci illərdə baleti tərk etsə də, 40 ilə qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışıb. Onun yetirməsi olan bir çox balet ustası sənət aləminin zirvələrinə qalxıb, sevən könülləri fəth edib. Onlardan biri də SSRİ Xalq artisti Leyla Vəkilova olub.
Balerina Azərbaycan qadınlarının XX əsrdə incəsənət sahəsindəki uğurlarının təməlini qoyanlardan olub, musiqi mədəniyyətimizdə yeni janrın meydana çıxmasına güclü təkan verib. Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş bir çox əsərin uğuru məhz Qəmər Almaszadənin verdiyi quruluşla bağlı olub. Görkəmli balet ustası klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqs yaradıcılığı nailiyyətlərinin ahəngdar vəhdətini yarada bilib.
Qəmər Almaszadə uzun illər göstərdiyi səmərəli fəaliyyətinə görə çoxlu orden-medalla təltif edilib, dövlət mükafatları və fəxri adlar alıb. Amma müstəqil Azərbaycanın “Şöhrət” ordenini hamısından üstün tuturdu. O, 2006-cı il aprel ayının 7-də dünyasını dəyişib və Bakıda Fəxri xiyabanda torpağa tapşırılıb. Unudulmaz sənətkar indi haqqında çəkilmiş filmlərdə, “Ömrün səhifələri” kitabında və sənətini görüb dəyərləndirən pərəstişkarlarının xatirələrində yaşayır. Sabunçu rayonunun Savalan qəsəbəsində adına küçə var. İki dəfə Bakıda Qəmər Almaszadə adına Beynəlxalq Rəqs Müsabiqəsi keçirilib, amma sonra nədənsə dayandırılıb.