Canəli Əkbərov – 85
Milli teatr günündə anadan olmuş, ömrünün yarısını Opera və Balet Teatrında çalışmış Xalq artisti, “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” ordenli, “Sənətkar” medallı xanəndə Canəli Əkbərovu bizdən 3 il yarıma qədər zaman məsafəsi ayırır. Amma o, parlaq ifaları ilə videolarda və həzin xatirələrdə yaşayaraq, yenə də könüllərimizi oxşayır.
Filarmoniyaya da, möhtəşəm Opera Teatrına da müsabiqələr yolu ilə qalib gələrək, solist kimi qəbul edilib. Gözəl səsi onu heç kimə minnətçi salmayıb. Xanəndə Opera Teatrının səhnəsində Məcnun və İbn-Səlam (“Leyli və Məcnun”), Şah İsmayıl “Şah İsmayıl”), Aşıq Qərib (“Aşıq Qərib”) kimi yaddaqalan obrazlar yaradıb. Canəli Əkbərov xarici ölkələrdə – Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olub. İfa etdiyi bütün muğamlar dəsgahlar vallara və disklərə yazılıb. Canəli Əkbərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muğam sənəti” kafedrasının müdiri vəzifəsində çalışıb, gənc xanəndələr nəslini yetişdirib.
O oxuyanda səsin rənglərini görürük. Zilə qalxanda qatı boyanmış tünd rəngləri, bəmə enib avazıyanda duyğuları saflaşdıran açıq rəngləri. 1978-ci ildə Səmərqənd simpoziumunda, 1989-cu ildə İsveç beynəlxalq festivalında qalib gəlmiş Canəli öz səsi ilə bu rəngləri dünyaya göstərib. Onun “Rast”ı, “Bayatı Şiraz”ı, “Mirzə Hüseyn”i, “Mahur”u, “Şur”u... hələ də aləmə səs salmaqdadır.
“Leyli və Məcnun”la öz simasını yaradan böyük Füzulinin söz dünyasıyla avazımı zənginləşdirmişəm. Dahi Üzeyirin musiqi aləmi hər dəfə yenidir mənim üçün. Ordakı musiqinin, şeiriyyətin əsiriyəm. “Aşiq oldur ki, qılır canın fəda cananına” – deyibən Leyli-Məcnun üçün can verən aşiqlərdənəm. Atamı (Xanəli Əkbərovu) ustad kimi dinləmiş, öyrənmiş, onun muğamları üstündə pərvazlanmışam. Sənət qibləgahım Xan əminin nəsihətləri, ustad tövsiyələri həmişə sənət yolumu işıqlandırıb. Təsadüfi deyil ki, bu gün dünyanı dolaşan üçlüyümüz qibləgahım Xan Şuşinskinin adını daşıyır. Sənət nəhəngi Seyid Şuşinskini, müəllimim Nəriman Əliyevi də, səsinin yanğısında yanıb külə dönən unudulmaz Leylim – Rübabə Muradovanı da həmişə məhəbbətlə anıram. Vaxtilə məni işə götürən dahi sənətkarımız, həmişə yeri görünən maestro Niyazinin, məni ilk dəfə Məcnuna hazırlayan və oynadığım Məcnunu məhz mənim ifamda görmək istədiyi kimi görən professor Mehdi Məmmədovun da ruhuna rəhmət diləyirəm” – deyib Canəli Əkbərov.
Milli teatrımızın 152-ci ilində bunu da xatırlamaq yerinə düşər ki, Opera Teatrında İlyas Əfəndiyevin yubileyi münasibətilə onun “Apardı sellər Saranı” hekayəsi səhnələşdirilmişdi. Canəli Əkbərov məşhur xalq mahnısını iki dəfə zil səslə oxuyub. Ertəsi gün səhər unudulmaz İlyas müəllim ona zəng vuraraq deyib: “Sənin səsin əsl xalq səsidir, el harayıdır. Sənin səsinin fövqündə dünən bütün Qarabağı qarış-qarış gəzib dolandım”. Mərhum Xalq şairimiz Nəbi Xəzri, Rus musiqi nəzəriyyəçisi Vladimir Zak, alman professor Yurgen Elstner və başqaları da onun istedadına heyranlıqlarını ifadə ediblər.
Operada duruş gətirmək, eyni səsi saxlamaq çox çətindir. Əvvəlki şövqlə Məcnun, Şah İsmayıl oynayan Canəli Əkbərov üçün muğamda əlçatmaz zirvə olmayıb. Xalq artisti Əlibaba Məmmədov deyib ki, əsrin əvvəlində Məcnun adı Sarabski ilə bağlanırdısa, əsrin sonunda bu ad Canəli Əkbərovun adı ilə sevilib. Qəribi, Kərəmi də... özünəməxsus ifa edib. Şaqraq şəlalə səsi tamaşaçıların, dinləyicilərin yaddaşında yaşayır. O, “Sevil”də azançını oynayanda dahi Fikrət Əmirov operaya baxandan sonra: – Mən axtardığımı tapdım, – deyib.
Hacı Canəlinin yüksək diapazonunda Şah İsmayıl insanda şahanəlik yaradıb, Məcnun isə fədakarlıq. O, illər uzunu operanın Şahı, sənəti, sevgisi yolunda canından keçən Məcnunu olub. Səs dünyasındakı zənginliklə, çılğınlıqla, oynaqlıqla, şaqraqlıqla muğama öz xallarını, öz güllərini vurmaqla tufan qoparmağı bacaran sənətkar idi.
Dərs dediyi auditoriyalarda dəfələrlə iştirak edib tələbə-müəllim münasibətlərinin şahidi olmuşam. Bütün ifaları, söhbətləri bu günə kimi yadımdadır. “Bizim bu muğam notlarının görünüşü yoxdur. Yalnız qavramaqla yadda saxlamaq olar. Muğamın yazısı yox, pozusu yox. Avazla öyrənmək lazımdır” – belə öyrədirdi tələbələrini Canəli müəllim. Beləcə, sait-sait, səs-səs agah edirdi muğamın sirlərini. “Zənguləyə gülləri belə vur, xalları belə. Burda nəfəs al-malısan ki, gücün olsun zilə qalxmağa. Var söz cümləsi, var səs, avaz cümləsi” – deyərək səsinin avazıyla sözsüz cümlələr yaradırdı. Mübtədası da, xəbəri də yerli-yerində. Səmimi, insani tələbə-müəllim rabitəsi yaradırdı auditoriyada.
...Hələ də 1999-cu ilin 25 avqustunda Lənkəranda çalınan toyun təəssüratı ilə yaşayıram. Həmin axşam Canəli Əkbərovun muğamları ilə süslənən avazından daşlar da, divarlar da dincəlirdi. İndi haqq dünyasında olan qardaşım Yusifin toyunu deyirəm. Xahişimizi yerə salmayan Canəli müəllim Bakıdan Lənkərana o toya gəlmişdi. Zilə elə qalxdı ki, ürəyim döyündü: “Ay aman, neylədi, bəmə necə enəcək? – deyə düşündüm. Amma böyük səhnələrdə şahidi olduğum kimi, yenə də yanıldım. Vəfalı səs hansı çılğınlıqla, şaqraqlıqla zilə, zirvəyə qalxmışdısa, eyni ahənglə burula-burula axıb öz məcrasına düşdü. Qonaqlar ilk dəfə idi, belə muğam axşamlı toyun sehrinə düşürdü. Allah, Allah! Nə boya idi, nə xallar idi səsə vurduğu!.. Canəli Əkbərov o toyda düz 5 saat oxudu. Nə özü yoruldu, nə dinləyənlər doydu. Bulaq suyu kimi tər-təmiz səs və şirin nəfəsdən “Ay qəşəng ceyran”, “Narı-Narı” süzüldü, “Çahargah” üsyanı qələbəyə harayladı, “Segah” əsəbləri sığalladı, “Heyratı” heyrət abidəsi oldu.
Ölməz səsli sənətkar Canəli Əkbərov 2021-ci il oktyabr ayının 22-də dünyasını dəyişib. Müəllimi və mənəvi atası olan dahi Xan Şuşinskinin uyuduğu II Fəxri xiyabanda dəfn edilib. On illər, yüz illər keçsə də, onun yaddaşlarda qoyduğu iz silinməyəcək. Biz “Söz” jurnalı olaraq Xanəndənin 85 illiyinə həyat və sənət yolundan bəhs edən kitab hazırlayırıq. Elə bu qeydlərimiz də həmin kitabın qısa bir hissəsi idi.
Sevda ƏLİBƏYLİ,
“Söz” jurnalının baş redaktoru