XVIII əsrin sonu – XX əsrin əvvəllərində
Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Xankəndi şəhəri, 21 dekabr 2023-cü il
Qarabağ xanlığının qurulması
Azərbaycan dövlətçiliyi tarixində xüsusi yeri olan Qarabağ xanlığını (1747–1822) Əfşarlar imperiyasının süqutundan sonra, bu dövlətin mövcudluğu dövründə hərbi şücaəti ilə ad-san qazanmış, əslən Qarabağın Sarıcalı oymağından olan Pənahəli bəy Cavanşir yaratmışdır. Xanlığın hökmdarı kimi o, müstəqil dövlətin təşəkkülü üçün zəruri tədbirlər həyata keçirmiş, böyük quruculuq işləri görmüşdür.
İlk belə quruculuq nümunəsi 1748-ci ildə Bayat qalasının (indiki Ağcabədi rayonunun ərazisindədir) inşa olunmasıdır. Az sonra Pənahəli xan özünün yeni inzibati mərkəzinin – Şahbulaq qalasının (indiki Ağdam rayonunun ərazisindədir) tikintisini başa çatdırmış və xanlığı burdan idarə etməyə başlamışdır.
Daim düşmən hücumlarına məruz qalan xanlığa daha təhlükəsiz və coğrafi cəhətdən əlverişli yerdə mərkəz – paytaxt inşa etdirmək üçün o, 1750-ci ildə indiki Şuşa şəhərinin yerləşdiyi hündür, dağlıq ərazini seçərək burda genişmiqyaslı tikinti-quruculuq işləri aparmışdır. Etibarlı müdafiə istehkamları ilə əhatə olunan və el arasında ilk vaxtlar “Pənahabad” adlandırılan qala-şəhər xanlığın paytaxtı kimi qısa müddətdə sürətlə inkişaf etmişdir.
Pənahəli xan öz iqamətgahını və dövlət idarələrini yeni paytaxta köçürməklə xarici təhlükələrin qarşısını müəyyən qədər ala bildi. Üzücü və dağıdıcı müharibələrə son qoymağa çalışan, sonrakı həyatını yalnız Qarabağın müdafiəsinə, mədəniyyətinə, iqtisadi inkişafına, siyasi yüksəlişinə həsr etmək istəyən bu qurucu və yaradıcı hökmdar qala ətrafında yeni yaşayış məntəqələri salmağı da qərarlaşdırdı. Hələ paytaxt üçün ərazi axtarışında olarkən Pənahəli xan Qarqar çayının sol, qərb sahilində, yaşıl meşələrin əhatəsində çox səfalı və mənzərəli bir yerə rast gəlmişdi.
Bu ərazinin münasib və əlverişli yaşayış məntəqəsi ola biləcəyi qənaətinə gələn xan Pənahabad qalasını hərtərəfli möhkəmləndirdikdən sonra əhalinin bir qismini burda məskunlaşdırmaq niyyətində idi. Lakin o, sonuncu hərbi səfəri zamanı, 1763-cü ildə Şiraz şəhərində (indiki İran ərazisindədir) qətlə yetirildi və bu istəyini həyata keçirə bilmədi. Onun nəşi İrandan gətirilərək Qarabağda, indiki Ağdam şəhəri ərazisindəki “İmarət” adlandırılan yerdə dəfn edildi. (Hazırda burda Qarabağ xanlarının məqbərə kompleksi mövcuddur).
Pənahəli xanın böyük oğlu İbrahimxəlil xan Cavanşir (1721–1806) girov saxlanıldığı İranda azad edilərək vətənə döndü. Xanlıq idarəçiliyini əlinə aldıqdan dərhal sonra o, atasının yarımçıq qalmış işlərini başa çatdırmağa, onun siyasətini həyata keçirməyə, vəsiyyətlərini yerinə yetirməyə başladı.
Xan kəndinin salınması və inkişafı
İbrahimxəlil xan da atası kimi bərk at həvəskarı idi. Onun ilxılarında atların sayı dörd minə çatırdı. Deyildiyinə görə, Pənahəli xan Cavanşir İran hökmdarı Nadir şah Əfşarın atlarının cinsindən olan bu ilxıları hərbi səfərləri zamanı Şahsevən, Şəqaqi, Xorasan ellərindən yığıb Qarabağa gətirmişdi. Qızılı rəngli bu cins ayğırlar öz gözəlliyi, dözümlülüyü, yüngüllüyü və
sürəti ilə müxtəlif at cinsləri arasında seçilirdilər. İbrahimxəlil xan şöhrəti Cənubi Qafqazın hüdudlarından uzaqlara da yayılmış əla cinsli at ilxıları ilə fəxr edirdi, onları özünün ən qiymətli zinəti, mal-dövləti sanırdı.
Bu atlar həm əla yük nəqliyyatı vasitəsi, həm də müharibə zamanı döyüşçülərin daimi köməkçiləri idilər. İngilislər Qarabağ atlarını öz süvari qoşunları üçün məmnuniyyətlə alırdılar. Heç də təsadüfi deyildi ki, xanlıqda cins atların artırılması üçün ayrıca təsərrüfat sahələri yaradılmışdı. Üstəlik də, xanın özünəməxsus cins atları, 400 baş balalayan madyanı, saysız-hesabsız qatır ilxıları, qoyun sürüləri, iribuynuzlu və xırdabuynuzlu sağmal mal-qarası vardı. Bütün bunlar da xanlığın keçmiş paytaxtı Şahbulaq qalasının ətrafındakı ərazilərdə saxlanılırdı.
İbrahimxəlil xan 1780-ci illərdən etibarən bütün bu daşınar əmlakını gətirib, Qarqar çayının hər iki sahilində yerləşdirdi, xidmətçiləri, malabaxanları, bağbanları ailəlikcə burda məskunlaşdırdı. İllər ötdükcə bu kiçik yaşayış məntəqəsi böyüyüb iri bir kənd halına düşdü və el arasında “İbrahimxəlil xanın kəndi“, yaxud qısaca “Xankəndi” adlandırılmağa başlandı.
Xankəndi İbrahimxəlil xan Cavanşirin şəxsi iqamətgahı oldu. O, burada gözəl imarətlər, yaşayış evləri və müxtəlif təyinatlı inzibati binalar – karvansaralar, dəyirmanlar, tövlələr, buzxana, cəbbəxana və sair tikdirdi, Qarqar çayından arxlar çəkdirdi. Xankəndidə bütün Cənubi Qafqazda, hətta İranda və Türkiyədə çox məşhur olan zorxana da inşa olundu. İbrahimxəlil xan çox zaman asudə vaxtlarını burada keçirirdi. Ümumiyyətlə, müxtəlif əyləncələr, idman yarışları, xüsusən, pəhləvan güləşləri, ovçuluq onu daha çox cəlb edirdi.
Həvəskar ovçu kimi tanınan İbrahimxəlil xan tez-tez Xankəndi meşələrində ceyran, cüyür ovuna çıxırdı. Bəzən qırx-altmış başdan ibarət ceyran sürüsünün arxasınca düşür və onlardan bir neçəsini ovlamayınca geri qayıtmırdı. Dəriləri xalça-palazı əvəz edən bu heyvanların ətindən isə xan mətbəxində ləziz xörəklər bişirmək üçün istifadə edilirdi.
Qarabağ silsiləsinin şərq ətəyində yerləşən Xankəndinin şimal-qərb hissəsində meşələr, yuxarı tərəfində gözəl alp düzənlikləri, eyni zamanda, təbii yaylaq-otlaq sahələri uzanıb gedirdi. Təbii sərvətləri isə ilk növbədə, onun ab-havası, altı-üstü “qızıl olan” torpağı, çayları, bulaqları, meşələri idi. Bu yerlərin son dərəcə əlverişli təbii coğrafi şəraiti burda həm əkinçiliyin, həm də heyvandarlığın inkişafına mühüm şərait yaradırdı.
Xankəndinin torpağı çox mənfəətli və bərəkətli idi. İbrahimxəlil xan burda ipəkçilik, bağçılıq, bostançılıq və kənd təsərrüfatının müxtəlif sahələrini inkişaf etdirirdi.
Alp çəmənliklərinin çox gözəl gül-çiçəkləri və dağətəyi yerləri, çöl bitki aləminin zənginliyi, şirin sulu bulaqları, iqliminin isti olması, çay ətrafında yerləşməsi Xankəndidə arıçılığın da inkişafı üçün lazımi zəmin yaratmışdı. Burada 5 mindən çox bal arısı ailəsi saxlanılırdı.
XVIII əsrin 90-cı illərində Qarabağ torpağı yenə də bir-birindən şiddətli, dağıdıcı, viranedici basqınlara məruz qaldı. İran hökmdarı Ağa Məhəmməd Şah Qacarın bu əraziyə hərbi yürüşləri, xüsusilə də, 1795-ci ilin yayındakı hücumu qarabağlılar üçün daha fəlakətli nəticələrə səbəb oldu. İran qoşunları hər yeri viran qoydu, xarabazarlığa çevirdi. Qarabağın kəndləri tamamilə boşaldı, xanlıq həm siyasi, həm də iqtisadi böhrana düşdü.
Bu fəlakətlər Xankəndidən də yan keçmədi. İgid və cəsur xankəndli gənclər də silaha sarılıb, düşmənin qarşısını kəsərək Qarqar çayı sahillərindən Şuşa qalasına qədər uzanan yollar boyunca düşmənə müqavimət göstərir, İran ordusuna ziyan vururdular. Onlar Qacar qoşunları üçün Arazın o tayından gələn ərzaq mallarının düşmənə çatdırılmasına imkan vermir, onları azuqəsiz qoyurdular. Bununla xankəndlilər də müharibəni udmaq üçün əllərindən gələni edirdilər.
Şuşa qalasının mühasirəsindən əl çəkmək məcburiyyətində qalan Ağa Məhəmməd Şahın qarətçi qoşunu Malıbəylini, Ağdamı və vaxtilə əhalisini Pənahəli xanın Borçalıdan və Qazax mahalından bu əraziyə gətirib məskunlaşdırdığı bir çox iri yaşayış məntəqələri ilə yanaşı, Xankəndini də odlara qaladı, yüz min başdan çox mal-qaranı, qoyun sürülərini Qarabağdan
Arazın o tayına apardı. Lakin İbrahimxəlil xanın ilxılarına əlləri çatmadı. Xanın qoçaq mehtərləri igidlik göstərərək iranlıların əllərinə keçməsin deyə, at ilxılarını Xankəndidən əlçatmaz yerlərə, Qırxqız dağlarına çıxarmışdılar.
Qarqar çayının o tay-bu tayındakı bərəkətli torpaq sahələrində dənli bitkilər, üzüm, geniş meyvə bağları, ipəkçiliyi inkişaf etdirmək üçün çoxlu tut (çəkil) bağları salınmışdı. Xanın şəxsən özünə məxsus, uzunluğu kilometrlərlə ölçülən 26 tut bağı vardı. Bu təsərrüfat sahələrinin hamısı Qarqar çayından çəkilən arxların suyu ilə suvarılırdı. Onların gəliri ilə beş-altı min rəiyyət ailəsi asudə yaşaya bilirdi.
Xankəndini qiymətli ağac növləri ilə zəngin olan sıx və qalın meşə zolağı əhatə eləyirdi. Bu meşələrdən daha çox yanacaq və tikinti məqsədilə istifadə olunurdu. Qırxqız dağının ətəklərindən başlayan və Qarqar çayının sağ sahilində geniş bir sahəni tutan, bütün fəsillərdə yaşıl donunu əynindən çıxarmayan meşələr bu yerlərə həyat verirdi.
Hər il müsəlman bayramlarında, xüsusilə, Novruz bayramı günlərində İbrahimxəlil xan qoşununun adlı-sanlı sərkərdələrini, mahal başçılarını, döyüşlərdə fərqlənənləri Xan kəndindəki iqamətgahına dəvət edir, onları xələtlə, ənamla, qılıncla və sairlə mükafatlandırır, ən yaxşı atlarını sevimli adamlarına bağışlayırdı. Xan eyni zamanda Qarabağa gələn hörmətli və nüfuzlu qonaqlarını da burdakı iqamətgahında qarşılayırdı.
Savaş meydanı
Ağa Məhəmməd şah Qacar Qarabağı tərk eləyib, Tiflis üzərinə hücuma hazırlaşarkən yol üstündə gözə görünən bütün yaşayış məntəqələrini yandırıb, külə döndərdi. Qarabağ quru bir səhraya çevrildi. Bu diyar bir müddət ayağa dura, dirçələ, özünə gələ bilmədi. Xankəndinin əhalisi də pərən-pərən düşdü, baş götürərək qürbət ellərə üz tutdu, Türkiyəyə, İrana, Gürcüstana, Gəncəyə, Şirvana və başqa yerlərə səpələndi. Qarabağın əhalisi 300 min nəfərdən 40 minə düşdü. Xankəndinin də əhalisi xeyli azaldı.
İbrahimxəlil xan Ağa Məhəmməd şah Qacarın iki dəfə viranedici və talançı yürüşündən sonra, 1797–1804-cü illər arasındakı dinc quruculuq dövründə oğlanları Məhəmmədhəsən ağa və Mehdiqulu ağa ilə əl-ələ verərək xanlığın daxili işləri ilə – dağıdılmış təsərrüfatının bərpası, iqtisadi həyatının dirçəldilməsi, əhalinin maddi durumunun yaxşılaşdırılması ilə məşğul olmağa başladı. Xankəndidə də həyat tədricən öz axarına düşdü. Didərgin salınmış əhali öz yurduna qayıtdı.
Xanlığın qara günləri
XIX əsrin əvvəllərində Qarabağ xanlığının siyasi həyatında böyük hadisələrdən biri baş verdi. 1805-ci il mayın 14-də Rusiya dövləti ilə Qarabağ xanlığı arasında məşhur Kürəkçay müqaviləsi bağlandı. İbrahimxəlil xanın general Sisianovla görüşü zamanı varislik və vəliəhdlik adı onun böyük oğlu Məhəmmədhəsən ağanın adına yazıldı. Lakin o, atasının sağlığında öldüyündən bu adlar xanın qərarı ilə Mehdiqulu ağaya verildi. İbrahimxəlil xan Rusiya imperatoru I Aleksandra məktub yazıb, heç bir tərəddüd etmədən Mehdiqulu ağanı özünün varisi və vəliəhdi təsdiq etdirdi. 1806-cı il fevralın 24-də bu barədə sənəd imzalandı və həmin gündən etibarən xanlığı Mehdiqulu ağa idarə etməyə başladı.
Artıq qocalmış İbrahimxəlil xan xanlığı idarə etmək iqtidarında olmadığından hüquqlarının bir hissəsi ilə yanaşı, öz tərəfdarlarına, qohumlarına, yaxın adamlarına, inam və hörmət dərəcəsindən asılı olaraq, ömürlük istifadə üçün, yaxud da irsi mülkiyyət kimi torpaq, kəndlər, yurd yerləri, hətta bütöv mahallar da bağışladı. Xankəndini isə bir neçə kəndlə bərabər Mehdiqulu xana irsən verdi.
Kürəkçay müqaviləsi bağlanıldığı dövrdə Xankəndidən keçməklə Şuşadan Gəncəyə və Şəkiyə yollar gedirdi. Amma yerin dağlıq şəraiti gediş-gəlişi çətinləşdirdiyinə görə, müqavilənin beşinci maddəsinə əsasən, yolların təmiri nəzərdə tutulmuşdu və az müddətdə təmir olunmuşdu. Həm də Rusiya imperator ordusunun mayoru İvan Lisaneviçin başçılığı ilə 500 nəfərlik bir jeger dəstəsi öz topxanası ilə Xankəndidə yerləşdirildi və bundan sonra xankəndililərin qara günləri başlandı.
Sonralar Xankəndini Mehdiqulu xan arvadı Bədircahan bəyimə bağışladı və bu torpaq ondan da qızı Xurşudbanu bəyimin mülkiyyətinə keçdi. 1822-ci ildə Mehdiqulu xan və Bədircahan bəyim İrana mühacirət edərkən Xankəndi çar Rusiyasının dövlət xəzinəsinə verildi. Bundan sonra yerli əhalinin əksəriyyəti öz yurdundan didərgin düşdü. Həqiqi mülkü müşavir Mogilyevski və polkovnik Yermolov tərəfindən 1823-cü ildə tərtib olunmuş “Qarabağ əyalətinin təsviri” adlı rəsmi hesabatda Xankəndidə cəmi 40 ev olduğu göstərilirdi.
1827-ci ildə Mehdiqulu xan mühacirətdən qayıdandan sonra dədə-baba yurdu olan Xankəndi özünə qaytarıldı. Lakin xanlığın idarəetmə hüququ onun əlindən alındı. Yalnız torpaqlarını formal olaraq idarəetmə hüququ saxlanmaqla Mehdiqulu xan ömrünün sonunadək dinc şəraitdə öz mülklərini və təsərrüfatlarını idarə etməklə məşğul oldu.
1826-cı ilin yayında ikinci Rusiya-İran müharibəsi başlanarkən şahzadə Abbas Mirzənin komandanlığı altında 60 minlik qızılbaş qoşunu Qarabağın sərhədlərini aşıb, iyulun 26-da Şuşanı mühasirəyə aldı. Gəncə və İrəvana gedən yollar bağlandı. Qarabağın dincliyi yenidən pozuldu və diyar yenə də müharibə meydanına çevrildi. Xankəndi və ətrafındakı yaşayış
məntəqələri işğal olundu.
Abbas Mirzə öz düşərgəsini mühüm strateji mövqeyə malik olan Xankəndidə saldı. O, müşavirələrini burda keçirir, hərbi əməliyyat planlarını burda cızırdı. İran şahzadəsi dəfələrlə Şuşaya hücum eləsə də, qalanı tuta bilmədi, 48 gün mühasirədə saxladı, yenə istədiyi nəticəni ala bilmədi. Ona görə də Şuşanın mühasirəsindən əl çəkərək Qarabağı tərk elədi. Gedərkən Xankəndini də talan edib, yandırdı. Özündən sonra Xankəndidə xoşagəlməz izlər qoyub getdi.
Mehdiqulu xan dağıdılmış və viran edilmiş Xankəndini yenidən bərpa etdirib, dirçəltdi. Lakin 1828-ci ildə bağlanmış Türkmənçay sülh müqaviləsi Kürəkçay (1805) və Gülüstan (1813) müqavilələrindən dəfələrlə bədnam, həqarətli, alçaldıcı və rüsvayçı oldu. Bu müqavilədə Qarabağın beynəlxalq mövqeyi qorunmadı və onun hüquqları ayaqlar altına atıldı. Bura digər millətlərin nümayəndələrinin köçürülməsi milli tərkibin dəyişməsinə səbəb oldu. Qarabağ bir müddət rus hərbi komendantlığı tərəfindən idarə olundu. Şuşa qalasının köməkçi hərbi və təsərrüfat qəsəbəsi olan Xankəndi də bu idarəçiliyə tabe idi.
Xankəndi – ordugah
Çar hökumət orqanları Xankəndinin strateji cəhətdən mövqeyini, əhəmiyyətini və perspektivini nəzərə alaraq 1847-ci ildə Aşağı Xan bağında yerləşdirilmiş 16-cı Qrenadyor Minqrel polkunu Xankəndinə köçürdülər. Burda hərbi şəhərcik salındı, kazarmalar, xəstəxana, qospital, digər inzibati binalar, hərbi kontingenti ərzaq məhsulları ilə təmin etmək və saxlamaq üçün iri anbar, böyük buzxana tikildi. Polkun hərbi qərargahı – ştabı ikimərtəbəli bir binada yerləşdirildi. Yerli əhalinin Xan kəndini ”Ştab” adlandırması da bununla əlaqədar idi. 1864-cü ildə Xan kəndində hərbi yunker məktəbi fəaliyyətə başladı. Məktəbdə azərbaycanlı bəylərin övladları da təhsil alırdılar.
Sonralar Şuşada tərcüməçi və hüquqşünas işləmiş şair Mirzə Ələsgər Növrəs, rus ordusunun polkovnikləri Məmməd bəy Əhmədbəyov, Rüstəm bəy Mirzəyev, uzun illər məhkəmə pristavı olmuş Hüseynəli bəy Cavanşir, Şükür bəy və İbiş bəy Cavanşirlər, digər azərbaycanlılar bu hərbi məktəbdə təhsil almışdılar.
XIX əsrin sonu – XX əsrin əvvəllərində Xan kəndində ikisinifli məktəbin, xəstəxananın, bir çox sənaye müəssisələrinin, iaşə-məişət obyektlərinın açılması və s. bu kiçik yaşayış məntəqəsini şəhər tipli qəsəbəyə çevirdi.
1918–1920-ci illərdə Azərbaycan Milli Ordusu Xankəndini daşnaklardan təmizləyib, hərbi hissələrini burda yerləşdirdi. Azərbaycanda sovet hakimiyyəti qurulandan az sonra, 1923-cü il iyul ayının 7-də gələcəkdə separatizm yuvasına çeviriləcək “Dağlıq Qarabağ muxtar vilayəti” yaradıldı və Xankəndi qəsəbəsi onun mərkəzi elan edildi və həmin vaxtdan bu yaşayış
məntəqəsi Azərbaycanda bolşevik-daşnak dəstələrinin rəhbərlərindən olan Stepan Şaumyanın “şərəfi”nə Stepanakert adlandırıldı və şəhər statusu aldı. 1991-ci ildə isə Azərbaycan
SSR Ali Sovetinin qərarı ilə şəhərin əvvəlki adı bərpa edildi və Xankəndi oldu.
2023-cü ilin sentyabr ayından Xankəndi şəhərində Azərbaycan Respublikasının dövlət orqanlarının fəaliyyəti bərpa edilmişdir.
Vasif QULİYEV,
“Şuşa” qəzetinin redaktoru