COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Ölkəni dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən önəmlisi onun beynəlxalq aləmdə həyata keçirdiyi mühüm layihələrdir. Bu vaxtadək Azərbaycanda beynəlxalq təşkilatların çox sayda siyasi, iqtisadi və humanitar mövzularda tədbirlər keçirilib. Belə tədbirlərin ölkəmizdə, onun paytaxtı Bakı şəhərində və regionlarda keçirilməsi bizə nə verir? Azərbaycan bu platformalardan məharətlə yararlanaraq, ilk növbədə, öz həqiqətlərini bütün dünyaya çatdıra bilir. Bu tədbirlər vasitəsilə apardığımız təbliğatla bizə düşmən mövqedə olan qüvvələrin dünyanın ayrı-ayrı yerlərində ölkəmiz, xalqımız barəsində yaratmaq istədikləri neqativ fikirlər alt-üst edilir. Belə tədbirlərin yüksək səviyyədə keçirilməsindən sonra dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr geriyə qayıtdıqda ölkələrində Azərbaycan və azərbaycanlılar barəsində gerçəkləri çatdıraraq, ölkəmiz və xalqımız haqqında müsbət fikirlər formalaşdırırlar.
2024-cü ildə Azərbaycan dünyada ən böyük beynəlxalq tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdi.
Belə bir sanballı beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin “yaşıl” iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Ölkəmizin COP29-a ev sahibliyi etməsi respublikamızın beynəlxalq nüfuzu baxımından mühüm önəm daşıyır. Prezidentimiz cənab İlham Əliyev həyata keçirilən layihələrə müşahidəçi yox, iştirakçı və təşkilatçı kimi qoşulduğumuzu dünyaya bir daha nümayiş etdirdi, dünya ölkələri liderlərini Bakıya topladı və onların diqqətini bəşəri ekoloji problemlərin həllinə yönəltdi. COP29 nəinki Azərbaycanın, bütövlüklə Kainatın iqlim böhranını həll etmək üçün mühüm addımlar atmaq üçün bir platforma rolunu oynadı.
Tarixə nəzər saldıqda görürük ki, COP 29-un Azərbaycanda keçirilməsi dövlətimiz tərəfindən uzun illər ərzində aparılmış, düşünülmüş uğurlu siyasətin nəticəsidir. Belə ki, “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” Milli Proqram hələ 2003-cü ildə qəbul edilmişdir. Həmin proqramın davamı kimi 2012-ci ildə qəbul edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının, həmçinin “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014–2020-ci illər üçün Milli Strategiya”nın da əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişaf olmuşdur.
Təsadüfi deyildir ki, dövlət rəhbərinin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet “Təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” adlanır.
Azərbaycan alternativ enerjiyə keçid istiqamətində səylərdə regionda liderdir və bu istiqamətdə fəaliyyətini daim artırır. 2019–2023-cü illərdə BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi ölkəmizin tərəflərin maraqlarını birləşdirmək qabiliyyətinin göstəricisidir.
COVİD-19 pandemiyasının başlanmasından dərhal sonra ona qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. Eyni zamanda, bu beynəlxalq təsisatın sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi. Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardımı göstərdi.
COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi və Təhlükəsizlik Şurasına üzvlüyündən sonra xarici siyasətimizin ən böyük uğuru və Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsi oldu.
Azərbaycan Prezidentinin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqi oldu. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, eyni zamanda, dövlətimizin gələcək nəsillər üçün daha sağlam gələcəyin qurulması istiqamətində dəyərli öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addım idi.
COP29 qlobal iqlim maliyyələşdirilməsi sistemində əsaslı dəyişikliklərə səbəb olacaq tarixi qərarlarla yadda qaldı. Bu qərarlar hansı məsələləri əhatə edir?
1. Azərbaycanın COP29 sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollar məbləğində iqlim maliyyələşdirilməsi yönəltməyi nəzərdə tutan Bakı Maliyyə Məqsədinin (BMG) qəbul edildiyini elan etdi. Bu məqsəd çərçivəsində inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirməsini üç dəfə artırmaq, 2035-ci ilə qədər iqlim danışıqları çərçivəsində razılaşdırılmış əvvəlki 100 milyard ABŞ dolları hədəfinin artımını ildə 300 milyard ABŞ dollarına çatdırmaq barədə tarixi qərar əldə olundu.
2. COP29 zamanı BMT-nin yüksək səviyyəli karbon bazarlarına dair 10 il davam edən Paris Sazişinin 6-cı maddəsinin müzakirələri də uğurla başa çatdırıldı. Bu bazarlardan gözlənilən maliyyə axınlarının 2050-ci ilə qədər illik 1 trilyon dollara çatdırılacağı proqnozlaşdırıldı.
3. Bundan əlavə, COP29 sədrliyi uzun zamandır ki, gözlənilən İtki və Zərər Fondunun yaradılması üzrə mühüm qərar qəbul etdi. Fondun 2025-ci ildən etibarən vəsaitlərin paylanmasına hazır olacağı bildirildi. Bu qərarın xüsusilə kiçik ada dövlətləri və az inkişaf etmiş ölkələr də daxil olmaqla, inkişaf etməkdə olan ölkələr üçün böyük əhəmiyyət kəsb edir.
Bir faktı da əlavə edək: Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2023-cü ildə dünya dövlətləri hərbi xərclərə gündəlik 6,7 milyard dollar xərcləyiblər. Bu, o deməkdir ki, illik 300 milyard dollarlıq iqlim maliyyələşdirmə hədəfi dünyanın 45 günlük hərbi xərclərinə bərabərdir.
Son illərdə ekoloji problemlərin sürətlə artması və iqlim dəyişikliyinin təsirlərinin daha qabarıq şəkildə hiss olunması dünya dövlətlərini davamlı inkişaf modelləri axtarışına sövq edir. Ətraf mühitin qorunması və iqtisadi inkişafın uyğunlaşdırılmasını hədəfləyən “yaşıl iqtisadiyyat” modeli strateji əhəmiyyət kəsb edir. Yaşıl iqtisadiyyat, iqtisadi fəaliyyətlərin ətraf mühitə təsirlərini azaltmağı, bərpa olunan enerji mənbələrinin tətbiqini təşviq etməyi və təbii resurslardan səmərəli istifadəni prioritetləşdirən iqtisadi sistemdir.
Azərbaycanda enerji effektivliyinin artırılması, mühafizə olunması, istehsal texnologiyalarının modernləşdilrilməsi və tullantıların idarə edilməsi kimi sahələrə diqqət yetirilir.
Bu baxımdan Azərbaycanda həyata keçirilən təkrar emal texnologiyası yaşıl iqtisadiyyatın inkişafına, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Bu gün tullantıların emalının iqlim dəyişikliyinə təsiri ilə bağlı fikirlər də dəyişib, hazırda bir sahədə tullantı sayılan məhsul digər sahə üçün unikal xammaldır.
Təkrar emal yenidən istifadəsi mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsidir və burada başlıca məqsəd təbii sərvətlərin israfının, ekoloji çirklənmənin qarşısını almaqla yanaşı, əlavə xammal bazası yaratmaqdır. Nəzərə almaq lazımdır ki, təkrar emal ilkin istehsaldan fərqli olaraq, asan və tez başa gəlir, bu da enerji qənaətinə imkan verir. Bu sahədə alimlərin rolu böyükdür və düzgün innovativ texnologiyanın tətbiqi nəinki ekoloji problemlərin həllinə, həmçinin iqtisadi səmərənin artımına yol açacaq.
Biz istehsal zamanı əmələ gələn hər hansı bir tullantını təkrar emal və yaxud utilizasiya etmir və birbaşa təbiətə atırıqsa, bu ətraf mühitin çirklənməsinə və iqlim dəyişməsinə səbəb olur.
Əgər tullantıların düzgün çeşidlənməsini, sonra isə düzgün istiqamətdə utilizasiya və emal texnologiyalarından keçiririksə, iqlim dəyişikliyinə qarşı mübarizədə müsbət töhfə vermiş oluruq ki, bu da aparılan elmi tədqiqatların nəticəsində mümkün ola bilər.
Ümummilli liderimiz Heydər Əliyev respublikamızda toplanmış milyon tonlarla tullantıların düzgün idarə olunması və ekoloji problemlərin qarşısının alınması məqsədilə respublikamızda elmi mərkəzlər yaratmışdı.
AMEA-nın Gəncə Bölməsinin elmi müəssisələrində də uzun illər ərzində tullantısız texnologiyanın tətbiqi istiqamətində elmi-tədqiqat işləri aparılmışdır. Dünyada yeganə olan Naftalan nefti və onun tullantılarından bioloji-aktiv komponentlərin ayrılması məqsədilə yeni adsorbentlərin, sənaye tullantılarından və təbii xammaldan istifadə edərək müxtəlif tikinti materiallarının, təbii boyaqların alınması texnologiyaları işlənib hazırlanması, sınaqdan keçirilməsi və texnoloji reqlamentlər dəqiqləşdirilərək, boyaq emalı zavodunun tikilməsi və milyon tonlarla tullantının istifadə edilərək müxtəlif növ materialların alınması olmuşdur.
Əldə olunan təkrar emal texnologiyaları əsasında Kirovabad (Gəncə) İstehsalat Birliyində 1984-cü ildə Qərb bölgəsində toplanmış sənaye tullantıları əsasında yuyucu maddələrin istehsal texnologiyası yaradıldı və bunun əsasında ilk dəfə olaraq yuyucu maddələrin istehsalına başlanıldı və keçmiş İttifaqın müxtəlif respublikalarına ixrac edildi.
Qərb bölgəsində milyon tonlarla müxtəlif növ sənaye tullantılarından bir sıra tikinti materiallarının (sement və üzlük materialları) alınması istiqamətində sənaye sahələri yaradıldı.
Maraqlı elmi-tədqiqat işlərindən biri sənaye tullantılarından istifadə edərək sementin rəngini dəyişmək məqsədilə əlavə qatqılar hazırlanmış və bunlar əsasında dekorativ döşəmə örtük plitələr alınması texnologiyası həyata keçirilmişdir.
Uzun illər ərzində Gəncədə fəaliyyət göstərən Alüminium Oksidi Kombinatında qlinozyom istehsalı zamanı milyon tonlarla tullantılar (35 milyon ton) torpaq ərazilərini zəbt etmişdir ki, bu da ekoloji problemlərə səbəb olmuşdur. Tullantıların təkrar istifadə olunması məqsədilə onlardan silikat boyaların alınması texnologiyası sahəsində bir qrup alimlərin apardığı elmi tədqiqat işləri müsbət nəticələr vermiş və Respublika Texniki Təchizat Komitəsi nəzdində boyaq emalı istehsal sahələri yaradılmışdır.
Son illərdə Azərbaycanda yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm addımlar atılıb. Ölkəmiz, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, enerji səmərəliliyi və dövri iqtisadiyyatın inkişafı sahələrində ciddi nailiyyətlər qazanıb.
Dördüncü Sənaye İnqilabı adlandırılan yeni dövrün əsasını təşkil edən yaşıl enerji ənənəvi enerji mənbələrini – daş kömür, neft-qaz kimi sahələri geridə qoyur. “Yaşıl” iqtisadiyyata keçid zamanı bərpaolunan enerji mənbələrinin tətbiqinə xüsusi önəm verilir. Azərbaycanın coğrafi mövqeyi və təbii sərvətləri ölkənin bərpa olunan enerji mənbələrini əhəmiyyətli dərəcədə artırır, çünki dünyada mövcud olan 11 iqlim qurşağından 9-u Azərbaycandadır. Ölkəmizin bərpa olunan enerji mənbələri — Günəş, külək və su hövzələri haqqında müzakirələr olunmuş, ehtiyatları hesablanmış və günəş batareyaları, külək enerjisi və dağ çayları alternativ enerji mənbələri kimi istifadəyə yararlı hesab edilmişdir.
Azərbaycan Günəş enerjisindən istifadə üçün geniş imkanlara malikdir, xüsusilə də ölkənin cənub və cənub-şərq hissələri bu baxımdan əlverişlidir. Cənub bölgəsində günəşli günlərin sayının yüksək olması bu resursdan enerji istehsalı üçün ideal şərait yaradır. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin də Günəş enerjisi ehtiyatları yüksəkdir. İqlim şəraiti bu bölgələrdə günəş panellərinin səmərəli işləməsinə və iri Günəş elektrik stansiyalarının qurulmasına əlverişli şərait yaradır.
Külək enerjisi Azərbaycanın bərpa olunan enerji strategiyasının əsas komponentlərindən biridir. Xəzər dənizi sahilində, xüsusilə Abşeron yarımadasında və yaxın ərazilərdə küləyin gücü orta illik göstəricilərdən yüksək olur, bu isə külək enerjisinin alınmasına əlverişli şərait yaradır. Ənənəvi enerji mənbələrindən asılılığı azaltmaq üçün külək enerjisindən istifadə prioritet olaraq müəyyən edilmişdir.
Ölkəmiz uzun müddətdir ki, hidroenerji mənbələrindən istifadə edir, Hidroenerji ölkənin illik elektrik enerjisi istehsalının təqribən 10 faizini təşkil edir. Son illərdə bu sahədə müasir texnologiyaların tətbiqi ilə daha effektiv hasilat hədəflənir. Bölgədə yerləşən çaylar və su mənbələri, xüsusilə dağlıq ərazilərdə yerləşən çaylar, kiçik su elektrik stansiyalarının qurulması üçün əlverişlidir. Ölkənin şirin su ehtiyatlarının təxminən 25 faizi yaşıl enerji zonaları kimi müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında cəmləşir. Bu potensial həmin ərazilərdə 2050-ci ilədək xalis sıfır hədəfinə çatmaq üçün xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın hidroenergetika infrastrukturunun tacı 424 MVt qoyuluş gücünə malik Mingəçevir Su Elektrik Stansiyası hesab olunur.
Ölkəmiz kənd təsərrüfatı sahəsi üzrə geniş imkanlara və doqquz iqlim qurşağına malik olduğu üçün bioenerji də vacib bir sahə hesab edilir. Kənd təsərrüfatı tullantılarının və digər bioresurslarının alternativ enerji mənbəyi kimi istehsalında, həm tullantıların istifadəsini, həm də enerji tələbatının qarşılanmasını təmin edir. Bioenerjinin istehsalı tullantıların təkrar istifadəsini və karbon qazı emissiyalarının azaldılmasını təmin edir, bu da yaşıl iqtisadiyyatın əsas istiqamətlərindən biridir.
Azərbaycan 2023-cü ilin fevralında Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə aşağı karbonlu hidrogen istehsalını araşdırmağa başlayıb. Ölkə yaşıl hidrogen sektoru ilə bağlı planlarını həyata keçirmək üçün fəal surətdə çalışır. Beynəlxalq investorlarla imzalanan əməkdaşlıq müqavilələri ortamüddətli dövrdə 10 QVt-a yaxın bərpaolunan enerji güclərinin reallaşdırılmasına imkan yaradacaq ki, bu da öz növbəsində yaşıl hidrogen istehsalına töhfə verə bilər.
Azərbaycan dövləti təbii mühitdən və coğrafi şəraitdən istifadə edərək bərpa olunan enerji sahəsindəki imkanlardan tam istifadə etmək məqsədilə müxtəlif böyük layihələr həyata keçirir. Bu layihələr, ölkənin enerji təhlükəsizliyini gücləndirmək və ekoloji tarazlığı qorumaq üçün nəzərdə tutulmuşdur. Hazırda icra edilən əsas layihələrdən biri Qarabağ Yaşıl Enerji Zonası layihəsidir. Bu layihə, Azərbaycanın Qarabağ bölgəsində bərpa olunan enerji mənbələrindən istifadəyə yönəlmiş bir təşəbbüsdür və bölgənin yaşıl enerji mərkəzi kimi inkişaf etdirilməsini nəzərdə tutur. Ağıllı şəhər və ağıllı kənd layihələrinin həyata keçirilməsi innovativ texnologiyalar əsasında XXI əsrin tələblərinə uyğun olaraq 30 il qürbətdə yaşamış insanlara təmiz enerjinin təmin edilməsi məqsədilə həyata keçirilir.
2020-ci ildə 44 günlük müharibədən dərhal sonra Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru, Naxçıvanı yaşıl enerji bölgəsi adlandırıb və bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb. Azərbaycanın bütün bölgələrində, eləcə də işğaldan azad edilmiş Kəlbəcər və Ağdərə rayonlarında geotermal və Günəş enerjisi ehtiyatları, Laçın, Qubadlı və Zəngilan rayonlarında hidroenerji mənbələri, Şuşa, Xocavənd və Cəbrayıl rayonlarında külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonlarında bioenerji ehtiyatlarının səmərəli istifadə edilməsi nəticəsində ölkəmizin ümumilikdə “Yaşıl enerji” istehsalçısına və istehlakçısına çevrilə bilər.
Ölkə Prezidentinin fərman və sərəncamları əsasında görülən işlərə və qarşıya qoyulan məqsədlərə nəzər saldıqda qarşımızda yüksək nəticələr əldə edən bir ölkə görürük, bu ölkənin yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi öz fəaliyyəti ilə sübut edir. İqtisadi cəhətdən dayanıqlı, təmiz və sağlam gələcəyə keçid ən aktual çağırışlardan biri olmaqla gələcək nəsil üçün qarşımızda duran böyük məsuliyyətdir və COP29.da həyata keçirilən layihələr bu məqsədləri daşıyır.
Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün ölkə Prezidenti cənab İlham Əliyev “Yaşıl dünya naminə” layihəsi də bu məqsədlə həyata keçirilir.
Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidin ən mühüm layihələrindən biri də müasir iqtisadiyyatın vacib elementlərindən olan texnoparkların yaradılmasıdır. Texnoparkların inkişafı elmtutumlu istehsalata dayaq olur və ağıllı kəndlərin yaranmasına səbəb olar, qabaqcıl texnologiyaların tətbiqində texnoparklar mühüm rol oynayar.
“Yaşıl” iqtisadiyyatın tətbiqi ətraf mühitin təmizliyini təmin edəcək, bu da insanların sağlamlığını yaxşılaşdıracaq. Təhsil sahəsində yaşıl iqtisadiyyata uyğun olaraq Gəncə Bölməsində yeni layihələr hazırlanır. Bu layihələr gələcək nəsillərin ekoloji biliklərini artırmağa və orta məktəb şagirdlərinin yaşıl dünyamızı düzgün başa düşməyə imkan yaradacaq.
“Yaşıl” iqtisadiyyat, həmçinin insanların iqtisadi fəaliyyətlərə cəlb olunmasını dəstəkləyəcək, ölkənin qlobal platformalarda lider mövqeyə yüksəlməsinə şərait yaradacaq. Bu sahədə əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxalq səviyyədə ekoloji nüfuzunu artıracaq, ölkənin qlobal ekoloji təşəbbüslərdə fəal rol oynamasına imkan verəcək və xarici investorların ölkəyə marağını artıracaq. Beynəlxalq əməkdaşlıq və xarici investisiyalar “yaşıl” iqtisadiyyatın inkişafına əlavə stimul verəcək, bu isə ölkəmizin iqtisadi inkişafını daha da sürətləndirəcək.
Fuad ƏLİYEV,
akademik,
Sara ƏZİZOVA,
fəlsəfə doktoru