Brokonyerliyə və adı “Qırmızı kitab”da olan quşların ovlanmasına qarşı əməliyyatlar keçirilib

post-img

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə - dövlət qoruqlarında, su hövzələrində qanunsuz balıq, quş ovu və brokonyerliyə qarşı mübarizə tədbirləri davam etdirilir.

Xaçmaz rayonunun Müqtədir qəsəbəsində aparılan növbəti nəzarət-profilaktik tədbirlər zamanı Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan Elnur Xəlilov saxlanılıb. Ondan qanunsuz ovladığı 32 balıq, ov qurğuları və qayıq aşkarlanıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həmçinin Su Nəqliyyatında Polis İdarəsindən bildirilib ki, xüsusi mühafizə olunan ərazilərdə, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında ov edilməsi qəti qadağandır. Ov qaydalarını kobud şəkildə pozan şəxslər barəsində su polisləri tərəfindən ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.

Su polisləri Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli balıqların qanunsuz ovlanmasının qarşısını almaq və dənizin dibi ilə çəkilən müxtəlif təyinatlı dəmir boru kəmərlərini, naqilləri oğurlayan şəxslərə qarşı da fasiləsiz mübarizə aparırlar.

Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin (012) 433-38-12 və (012) 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Sosial həyat