Azərbaycan Texnologiya Universitetində bu ali məktəbin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan bizim tarixi yurdumuzdur” adlı dəyirmi masa keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, ,Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Texnologiya Universitetinin rektoru dos. Yaşar Ömərov, Qərbi Azərbaycan İcması Gəncə şəhər nümayəndəliyinin rəhbəri prof.Mübariz Yusifov, ziyalılar və universitetin müəllim kollektivi iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qərbi Azərbaycanda toponimlərin ermənilər tərəfindən dəyişdirilməsindən bəhs edən videoçarx izlənilib.
Çıxış edən natiqlər Ermənistanın Qərbi azərbaycanlılara qarşı həyata keçirdiyi deportasiya siyasətindən, soydaşlarımıza qarşı törədilən vandalizm aktlarından, tarixi torpaqlarımızın adlarının dəyidirilməsindən danışıblar. Bu cür tədbirlərin keçirilməsində məqsədin məhz Qərbi Azərbaycan həsrəti ilə yaşayan azərbaycanlıların haqq səsini eşitdirməkdən, tarixi ədalətin bərpa ediləcəyi günün hər keçən gün daha da yaxınlaşdığını diqqətə çatdırmaqdan ibarət olduğunu bildiriblər.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri