Xocalı mövzusu Cənubi Azərbaycan ədəbiyyatında

post-img

Cənubi Azərbaycan yazarı Araz Əhmədoğlunun “Son tüfəng” hekayəsi müəllifin ədəbiyyatımızda mühüm yer tutan əsərlərindən biridir. Bu əsər oxucusuna güclü və dərin mesajlar verməklə yanaşı, insanın daxili dünyasına, psixologiyasına da işıq salır. “Son tüfəng” əsəri həm dövrün, həm də fərdi həyatın reallıqlarını nəzərə alaraq yazılmış bir hekayədir.

Bunu AZƏRTAC-a aşıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Aytən Vəlizadə bildirib. O qeyd edib ki, əsərdə Araz Əhmədoğlu Qarabağ savaşına, mənfur niyyətli Ermənistanın Azərbaycana qarşı uzun illərdən bəri apardığı işğalçı müharibəyə münasibətini böyük ürək yanğısı ilə sərgiləyib. Yazıçı hekayədə özünəməxsus üslubla təsvir yaradır və insanın daxili çəkişmələrini dərindən təhlil edir. Əsərin mövzusu insanları günahsız yerə öz yurd-yuvalarından didərgin salan, onların ölümünə, faciəsinə səbəb olan Qarabağ müharibəsinə, Xocalı faciəsinə həsr olunub. Əsərdə konkret məkan, zaman adı çəkilməsə də, müəllifin təsvir etdiyi hadisələrdə 1992-ci ildə Xocalı faciəsi zaman xalqımızın başına gətirilən müsibətlər gözümüzün önündə canlanır.

Əsərin əsas mərkəzində yer alan Qarabağ münaqişəsi, bu müharibənin yaratdığı dağıntılar, travmalar və insanlar üzərindəki təsirləri dərindən işlənilib. Əsərdə nənə, nəvə və gəlin obrazlarının timsalında Xocalı hadisələri zamanı insanların yaşadığı faciəni duymaq, hiss etmək mümkündür. Qışın soyuq çağında öz balasını qorumaq üçün qarın, şaxtanın soyuğuna dözərək düşmənə təslim olmamaq arzusu ilə irəliləyən bir qadının timsalında öz missiyasını sona qədər yerinə yetirməyə nail olan ana obrazını görürük. “Səngərdən göyə bir an qalxıb sönən o işıq ilə sönmüşdü o qadının ümid çırağı, amma nəyin bahasına olursa-olsun yerinə yetirməli idi ərinin əmanətini. Meşənin ortasından kənd görünməsə də, o təpə görünürdü. Son kəz olaraq təpənin başına doğru baxdı. “Bir az dayan, gəlirəm, əzizim” - deyib çaya doğru yollandı. Daha gücü qalmamışdı. Qanı donmuşdu. Qönçə dodaqları solmuşdu”.

A.Vəlizadə qeyd edir ki, Araz Əhmədoğlu “Son tüfəng” povestində xalqımızın əsrlər boyu yaşadığı ağır sınaqlara baxmayaraq, milli kimliyini qoruyub saxladığını vurğulayır. Müəllif bu əsərdə Qarabağ mövzusunu milli birliyin və həmrəyliyin vacibliyi üzərində qurur. Milli dəyərlərimizi və qəhrəmanlıq ruhunu təbliğ edir. Qarabağ müharibəsində qazanılan Qələbənin bünövrəsində hərbi güclə yanaşı, milli və mədəni birliyimiz də xüsusi yer tutur. Bu birliyinin qorunmasında, təbliğində isə bədii əsərlərin öz yeri var. Araz Əhmədoğlunun “Son tüfəng” hekayəsi də belə əsərlərdən biri kimi əhəmiyyətlidir.

Sosial həyat