İnsanlar da, torpaq da bolluca sevindi
Mən əvvəlcə həyətdə dayanıb ötən gecədən bəyazlaşmış dünyaya, uçuşa-uçuşa torpağa qonan qar dənələrinə baxa-baxa illər əvvəl yaşadığım bəzi günlərimi və indi haradasa ümidlərinə qar yağan insanları göz önünə gətirirdim. Amma bu qar, məncə, daha çox insanı sevindirdi. Axır ki, Kiçik çillənin son günü qar istəyimizi gerçəkləşdirdi. Bir-iki gün belə davam eləsə, çox yaxşıdı. Amma heç inanmıram. Çünki yaşlıların sözlərinə görə, Ala Çillədə – Boz ayda Ağsu tərəflərdə qarın, şaxtanın davamlı olması hələ görünməyib....
Yollar, evlər, ağaclar, lap elə dünənədək Günəş işığından və torpaqdan güc alan xırdaca yaşıl otlar, payızlıq əkinlər də qar altındadır. “Saçları qardan ağarmış” (Tofiq Nurəli) söyüd ağacına qonmuş sərçələr səs-səsə verərək, yəqin ki, bu qarlı günlərdə nə atışdıracaqlarını “müzakirə edirdilər”. Belə günlərdə quşlar, adətən, həyətlərdəki toyuq-cücənin payına ortaq olurlar. Göz qamaşdıran bəyazlığa baxdıqca uşaqlıqda belə günlərdə cələ ilə sərçə, sığırçın, qaratoyuq, qarğa tutduğumuz çağları xatırladım.
Həyətimizin bəzi yerlərində qarı təmizləyib əvvəlcə saman səpər, at yalından kəsib düzəltdiyimiz cələləri oraya qurardıq. Sonra cələnin gözlərinə dən səpərdik. Quşlar dənə aldanıb cələyə ilişərdilər. Sərçə və qarğalar tülküdən də bic idilər, hələm-hələm cələyə yaxın düşməzdilər...
Arada kəndin ortasına doğru getdim. Cəfərlinin ağ dünyasına xeyli tamaşa edəndən sonra “koma”ma qayıtmaq istəyirdim ki, tələbə yoldaşım, yazıçı-publisist, filologiya elmləri doktoru Elçin Mehrəliyev zəng etdi. Dedi ki, arzuna çatdın? Geyin çıx Küdrüyə. Qoy gözün-könlün sevinsin. Bir-iki ördək, bəzgək vur, axşama hazır elə...
Yeniyetmə çağlarımızda bəzən böyüklərdən gizlin tüfəngi götürüb ova gedərdik. Mənim tüfənglə quş vurduğum yadıma gəlmir. Həmişə evə əliboş qayıdardım və buna görə böyük qardaşım məni qınayardı. Deyərdi ki, nə vaxt evə əlidolu gələcəksən...
Arada başımı qaldırıb kəndimizdən xeyli aralı, ilğım kimi görünən Ləngəbiz sıra dağlarına doğru baxdım. Ləngəbizlə bağlı haçansa eşitdiyim bir rəvayət düşdü yadıma.
Deyilənə görə, Küdrü düzündə qışlayan tərəkəmələr mayın ortalarında sürülərini yaylağa çıxarmaq istəyirlər. Əvvəlcə uşaqları və qadınları, yaşlıları atla yola salırlar. Çobanlar isə sürünün ardınca gəlirlər. Amma yazın bu çağlayan çağında qəfil bir leysan, sonra da sulu qar düşür. Çobanlar nə illah eləyirlər qoyun-quzunu dağlardan Cəngi gölünə doğru baş alıb gələn sel-sularının ağzından ala bilmirlər. O insanların bəziləri də bu fəlakətin qurbanı olur. Dağların ətəyində gecələyib, qayaların altına sığınanlar isə nigaran-nigaran əzizlərini gözləyirlər. İki-üç gün sonra bir atlı gəlir və deyir ki, biz ləngidik, gözləyin...
Deyilənə görə, rəvayətin başqa variantı da var. Eşitdiyimi xatırlayıb qəribsədim. Yadıma təklər, uzaq yola çıxanlar, qürbətdə yaşayanlar, canından bezar olanlar düşdü. Allah hamısına kömək olsun.
Novruzun ilk çərşənbəsinə bir neçə gün qalmış yağan qara görə, məncə, daha çox sevinən əkinçilərdir. Çünki aylardır ki, otlaqlar, payızlıq əkinlər, bağlar, bağçalar qar həsrətində idilər. Sirr deyil ki, torpağın canlanması, ziyanvericilərin məhv olması üçün qar, şaxta çox vacibdir.
Çox çəkməz ki, torpağa nəfəs gələr, çaylar, bulaqlar qar sularını dağlardan alıb düzlərə qovuşdurar. Elimizdə-obamızda bolluq, bərəkət sevinci yaşanar.
Səməd MƏLİKZADƏ,
yazıçı-publisist