Çuğundur qaraciyərə can verir

post-img

Qaraciyər ən vacib orqanlardan biridir. Ziyanlı maddələri neytrallaşdıran, maddələr mübadiləsi proseslərində mühüm rol oynayan, ödü ifraz edən və bir çox digər funksiyaları yerinə yetirən qaraciyər orqanizmin ümumi sağlamlığında olduqca böyük rol oynayır.

Qaraciyər çox möhkəm, özü özünü bərpa edə bilən orqandır. Lakin müasir həyat tərzi (düzgün olmayan qidalanma, azhərəkətlilik, ziyanlı vərdişlər, ekoloji faktorlar və s.) qaraciyərin sağlamlığına ciddi ziyan vurur.

Bu orqanın sağlamlığını qoruyan, fəaliyyətini yaxşılaşdıran tərəvəz adi çuğundurdur. Mədə-bağırsaq sistemi üçün olduqca faydalı olan çuğundur, həmçinin çox güclü hepaprotektordur (qaraciyəri qoruyan).

Alimlər çuğundurun tərkibində olduqca faydalı maddə “betain” aşkar ediblər. Bu maddə qaraciyərin hüceyrələrində ziyanlı maddələri zərərsizləşdirməyə kömək edir. Nəticədə, qaraciyərə olan gərginlik azalır, orqanın funksiyaları yaxşılaşır. Betain, həmçinin çuğundurun yarpaqlarında da var.

Çuğundur yarpaqları da çox faydalıdır. Onları çiy halda müxtəlif salatlara əlavə etmək olar. Çuğundur və çuğundur yarpaqlarından başqa, betain ispanaq və sarıkökdə də tapılıb.Betain öd kisəsinə də çox müsbət təsir edir. İfrazı artırır, bu da durğunluğun, iltihabın və daş əmələ gəlməsinin qarşısını alır.

Bəzi araşdırmalar göstərib ki, betainin artıq qəbulu qadınlarda süd vəzi xərçənginin, kişilərdə prostat vəzi xəstəliklərinin riskini azaldır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat