Azərbaycançı alim, Turan sevdalı ziyalı Nizaməddin Şəmsizadənin əziz xatirəsinə
Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, ədəbiyyatşünas, azərbaycanşünas, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Bakının ağappaq örpəyə bürünmüş soyuq bir qış gecəsində əbədiyyətə qovuşdu. Ötən gün bu acı xəbəri ölkənin elmi-mədəni ictimaiyyəti dərin kədər və böyük hüznlə qarşıladı.
70 illik yubileyini bir neçə ay öncə Quba şəhərində elmi konfrans formatında keçirmişdik. Dekabr ayında dünyaya gəldiyinə və dəyərli tənqidi məqalələr yazdığına görə ona zarafatla “Ədəbi tənqidimizin dekabristi” deyirdik. Bunu professorun “Filosof-tənqidçi” (2011) kitabına müqəddimədə də yazmışdım.
Onunla ilk qiyabi tanışlığım ötən əsrin 80-ci illərində mətbuatda çap etdirdiyi “Unudulmuşlar haqqında uvertüra"dan başlamışdı. Bu yazısında o, Vətən, Xalq yolunda misilsiz xidmətləri olan, lakin sovet ideologiyasının təpkisi ilə unutdurulan milli ziyalıların, elm və dövlət xadimlərinin, mesenatların unudulmaması yolunun başlanğıcından, girişindən söz açmışdı... Sonralar bu qənaətə gəldi ki, repressiyaların genologiyası yadın yaddaşa hökmranlığından başlayır.
Tale elə gətirdi ki, 30 ildən çox professor Nizaməddin Şəmsizadə ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Dövlət Universitetində bir yerdə çalışdıq, Dissertasiya Şurasında bərabərtəmsil olunduq. Tanışlıqdan dostluğa qədər uzun bir yol keçdik, sınaqlardan çıxdıq. Onun istedadından, qətiyyətindən qaynaqlanan uğurları elmimizi, ədəbi-fəlsəfi düşüncəmizi, publisistikamızı zənginləşdirdi. İlk nəşr etdirdiyi monoqrafiyası 1986-cı ildə çıxan “Ədəbi mübahisələr” idi. Bu kitabı onun həyat kredosuna çevrildi. Ömrü "Ədəbi mübahisələr"də keçdi. Bu yolda qələbələr də qazandı, daşa dəyən arzuları da oldu.
Nizaməddin Şəmsizadənin 2008–2011-ci illərdə "Elm" nəşriyyatında "Seçilmiş əsərləri" işıq üzü gördü. Lakin, nədənsə, 104 səhifəlik "Azərbaycan ideologiyası" (1996) kitabını ümumi həcmi 1630 səhifə olan bu üçcildlikdən üstün tuturdu. Bu kitabdan 10 il sonra o, “Azərbaycançılıq” monoqrafiyasını nəşr etdirdi. Mübaliğəsiz demək olar ki, bu kitabların hər bir sətrindən onun saf, məğrur, əzəmətli ruhunun səsi bu gün də eşidilir.
Onun Azərbaycan ədəbiyyatşünaslığı sahəsində xidmətləri misilsizdir. Yüksək elmi-nəzəri səviyyədə yazdığı monoqrafiyalardan “Azərbaycan ədəbiyyatşünaslığı” (1997), “Türk təfəkkürü məcrasında” (1998), “Əli Nazim” (2003), “Tənqidin ədəbi prosesdə rolu” (2004), “Yazıçı ömrünə uvertüra” (2010), “Estetik meyar və bədii mahiyyət” (2022) və digər əsərlərinin adını ehtiramla vurğulamaq olar. N.Şəmsizadənin uzun illərdən bəri apardığı tədqiqatın nəticəsində yazılmış “Ədəbiyyat nəzəriyyəsi” (2012) bu gün filoloq tələbələrin mörəbər dərsliklərindən biridir.
Nizaməddin Şəmsizadənin yaradıcılığı çoxşaxəlidir. Elmi tədqiqat işləri ilə yanaşı, bədii yaradıcılığa da səxavətlə vaxt ayırmışdı. İlk şeir və hekayələr toplusu olan “Tüstü” kitabı 2007-ci ildə nəşr olundu. Ardınca “Duman” (2010), “Səma” (2014), “Sonuncu daxma” (2014), “Dünya SÖZ-lə yarandı” (2024) kitabları işıq üzü görmüşdü.
Nizaməddin müəllimin bir neçə kitabı sənətşünaslıq məsələlərinə həsr olunub. Onun Xalq artisti Hacıbaba Bağırova həsr etdiyi "Hıçqıran gülüşlər" (2002) kitabında yazdığı kəlamlar sənət düsturlarıdır. Alim dostumun kitabxanamda yer almış ovcun içi boyda kitabı – “Müdriklər bunları deməyib” (2014) ən çox müraciət etdiyim nəşrdir. Oğlu Fərid Şəmsizadəyə xitabla yazdığı müdrik kəlamlar, əslində, çağdaş gəncliyə ünvanlanmış hikmətdir. Burada klassik nəsihətçiliyə təsadüf olunmur. Həyat, zaman və əbədiyyət haqqında fəlsəfi kəlamlardan ibarətdir: “Ailəni qorumaq – vətəni və dövləti qorumaq deməkdir”, “Keçmiş gələcəyin anasıdır”, “Mən torpağa qovuşmaq üçün dünyaya gəlmişəm. Bir gün quş olub uçsam, görəcəksiniz ki, iki qanadım var: ülviyyət və həqiqət”.
Professorun iri hərflərlə yazılmağa layiq belə bir kəlamı da var: “İstedadları qorumaq Allaha itaətə bərabərdir.” Görünür, biz öz müqəddəs missiyamızı yerinə yetirə bilmədik, onu qorumağı bacarmadıq. O, ülviyyətdən və həqiqətdən yoğrulmuş qanadlarını – elmi-nəzəri və bədii-publisistik külliyyatını bizə bəxş edib yolunu davam etdirdiyi müqəddəslərin ruhlar dünyasına qovuşdu.
Nizaməddin Şəmsizadə atası Şəmsəddin kişinin və anası Hənifə xanımın vəfatı münasibətilə qələmə aldığı bir şeirində yazırdı:
Tənha bir çinaram yol qırağında,
Kölgəmin üstündə mələklər yatır.
Professor Nizaməddin Şəmsizadə dərin zəkası, məğrurluğu, paklığı və mənəvi zənginliyi ilə sevilib-seçilən görkəmli ədəbiyyatşünas, azərbaycançılıq məfkurəsinə, Turan idealına dərin inam bəsləyən milli ziyalıdır. İndi o, hər zaman dostlara sevgi ilə söz açdığı ata-anasının hüzurunda, “kölgəsi üstündə yatan” mələklərin əhatəsindədir. Ruhu şad olsun!
Asif RÜSTƏMLİ,
filologiya elmləri doktoru, professor